ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının təmsilçiləri Mətbuat Şurasında olublar - FOTO

15:04 27.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 27-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati və missiyanın media analitiki Kira Kalinina Azərbaycan Mətbuat Şurasında olublar.

Bu barədə hafta.az-a Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, qonaqlar, əsasən, ölkəmizdə medianın seçkidə iştirakı ilə bağlı məsələlərə dair suallar ünvanlayıblar. Onlara məlumat verilib ki, Mətbuat Şurasının seçki ilə bağlı fəaliyyəti iki hissəyə bölünür. Birincisi, seçkiqabağı təbliğat-təşviqat mərhələsində media orqanlarının monitorinqi, ikincisi seçki günü medianın prosesi işıqlandırması vəziyyətini diqqətdə saxlamaq.

Qeyd edilib ki, monitorinq ölkənin tanınmış ictimai rəyə təsir göstərən media subyektlərində aparılır, əsasən ədalətli rəqabətə zərər gətirən “qara piar” təmayülləri diqqətdə saxlanılır, belə hallar baş verdiyi təqdirdə, bunun yolverilməzliyinə dair müvafiq tövsiyələr ünvanlanır. Seçki günü isə Şuranın əvvəlcədən müəyyənləşdirilmiş mobil və şəhər telefon nömrələri “qaynar xətt” rejimində fəaliyyət göstərirlər. Prosesi işıqlandıran jurnalistlər səsvermə başladığı andan bitənədək həmin nömrələrlə əlaqə saxlayaraq, mümkün çətinlik və anlaşılmazlıqlar barədə məlumat vermək imkanı qazanırlar. Mövcud prosedur Milli Məclisə bu il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də tətbiq olunacaq. Bundan başqa seçki günü Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və Mərkəzi Seçki Komissiyasında müşahidəçi kimi qeydiyyata alınmış üzvləri də seçkidə jurnalistlərin iştirakının monitorinqini aparacaq, ayrı-ayrı məntəqələrdə onlara yaradılmış şəraitlə tanış olacaqlar.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş görüşdə media təmsilçilərinin seçkini işıqlandırmaları ilə bağlı müxtəlif detallar müzakirə olunub, xarici təcrübədən söz açılıb, habelə ümumən Mətbuat Şurasının fəaliyyət istiqamətlərinə, beynəlxalq əlaqələrinə nəzər salınıb.

Media rubrikasından digər xəbərlər