Avqustun 8-nə qədər atəşkəs əldə olunmasa, nə baş verəcək?

08:30 06.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avqustun 8-i ABŞ prezidenti Donald Trampın atəşkəs əldə olunmasa, Moskvaya qarşı yeni və sərt sanksiyalar tətbiq edəcəyini bəyan etdiyi son gündür. Rusiyadan neft və qaz idxalını davam etdirən ölkələr də hədəf alınacaq...

Hafta.az-ın yazdığına görə, Trampın xüsusi elçisi Stiv Uitkoffun avqustun 6 və 7-də Moskvaya səfərinin nəticəsindən asılı olaraq, avqustun 8-dək sülh prosesində irəliləyiş əldə olunmasa, ABŞ administrasiyası yeni birtərəfli məhdudiyyətlər tətbiq edəcək. Məlumata görə, bu yeni addımlar 500 faizə qədər tariflər və Rusiya ilə iş aparan ölkələrə ikinci dərəcəli sanksiyalar kimi tədbirləri əhatə edə bilər.

Moskvada yerləşən Beynəlxalq Əlaqələr Şurasının direktoru İvan Timofeyev Trampın təzyiq siyasətini şərh edərək deyib: "İkinci tariflər Trampın ən faydalı xarici siyasət alətlərindən biridir. Hindistan və Türkiyə kimi ölkələr əslində Rusiyadan çox ABŞ-a mesaj vermək üçün hədəflənirlər". Timofeyevin sözlərinə görə, Tramp Rusiyaya birbaşa deyil, ticarət tərəfdaşları vasitəsilə təzyiq göstərməyə üstünlük verir: “Bu üsul Moskvanın qərarlarına deyil, qlobal ictimai rəyə təsir etmək məqsədi daşıyır”.

IMEMO RAN-ın direktoru Fyodor Voytolovski isə Trampın bəyanatlarını daha çox “daxili siyasətə yönəlmiş güc nümayişi” kimi qiymətləndirir.

“Vaşinqton mahiyyət etibarı ilə bu cür sanksiyalardan iri korporasiyaların direktorlar şuralarına mesaj göndərmək üçün istifadə edir” deyən Voytolovski, bu sanksiyaların Moskvanın strategiyasını dəyişməsi ehtimalının az olduğunu görür. “Rusiya uzun müddətdir ki, ən pis ssenari ilə yaşayır”, - deyən ekspert belə bir iqtisadi təzyiqin sülh prosesinə deyil, münaqişənin gərginləşməsinə səbəb ola biləcəyini qeyd edib.

RBC-nin təhlilinə görə, ABŞ senatoru Lindsey Qraham tərəfindən hazırlanan və Konqresin dəstəklədiyi sanksiyalar paketi həyata keçirilərsə, Rusiyanın Sberbank və Qazprombank kimi iri maliyyə qurumları da birbaşa hədəfə düşə bilər.

Bununla belə, Konqres yay tətilində olduğundan, Trampın bu tədbirləri icra sərəncamı ilə həyata keçirməsi ehtimalı var.

Demokrat senator Riçard Blumental, "500 faiz tarif təklif etmişdik, amma mən hətta 100 faiz qəbul edərdim. Vacib olan Moskvanın müharibə iqtisadiyyatını hədəf almaqdır" deyərək bu təzyiq siyasətinə ikitərəfli dəstəyi nümayiş etdirib.