Avropa ilə Azərbaycanı birləşdirən “yaşıl enerji” - Aktual

10:52 22.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla Avropa arasında yeni bir enerji körpüsü qurulur. Qeyd edək ki, yaşıl enerji əsasında istehsal olunan elektrik enerjisinin Avropaya ixracının  hədəflənməsi Azərbaycanın enerji strategiyasında yeni mərhələ sayıla bilər. Bu baxıımdan dekabrın 17-də Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında “ imzalanan saziş xüsusi əhəmiyyət kəsb edir. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rumıniyanın Baş naziri Nikolae Çiuça və Macarıstanın Baş naziri Viktor Orban imzalayıb. İmzalanma mərasimində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen iştirak edib.

Rumıniya Prezidentinin rəsmi saytının məlumata görə, saziş Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin və əlaqələrinin gücləndirilməsini, təchizat mənbələrinin şaxələndirilməsini, Xəzər regionunda bərpa olunan enerji istehsalı potensialından istifadə edilməsini nəzərdə tutur və dörd dövlətin maraqlarına cavab verir.

Prezident İlham Əliyev isə imzalanma mərasimində Azərbaycanın bərpaolunan enerji sahəsində potensialının böyük olduğunu vurğulayıb: "Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə, külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır," Əliyev qeyd edib.

Onun fikrincə, sənəd yaşıl enerji təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir: “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir ümumi töhfəmiz olacaq. Saziş yaşıl enerji dəhliznin yaradılması üçün olduqca vacib bir sənəddir”.

Avropa rəsmilərinin də son bəyanatları Ukrayna-Rusiya müharibəsindən sonra qitəni təhdid edən enerji böhranı fonunda yenidən etibarlı tərəfdaş olan Azərbaycana üz tutmalarını təsdiqləyir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır: “İmzalanan sənəd Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq. Bu bizim hər iki regionumuzda təmiz enerjiyə çatmağa yardım edəcək. Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir”.

Macarıstanın Baş naziri Viktor Orban vurğulayıb ki, Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olması təqdirəlayiqdir: “Avropa Komissiyasının müdrikliyinə görə biz Azərbaycana çox diqqət yetirdik, onunla əməkdaşlığımızı inkişaf etdirdik. Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olması təqdirəlayiqdir. Mən özüm də bir il ərzində Avropa İttifaqının həmişə Azərbaycana etibarlı tərəfdaş kimi etibar edə biləcəyinin şahidi olmuşam”.

Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheyli əmindir ki, ikitərəfli əməkdaşlıq iqtisadi və sosial fayda gətirəcək: “Planlarımızın necə gerçəkləşdiyini görəndə həmişə sevinirəm. 17 milyard avro dəyərində olan Qara dənizin enerji təchizatı üçün sualtı kabelin çəkilməsi qarşılıqlı iqtisadi və sosial fayda gətirəcək”.

Beləliklə, həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın Avropa qitəsindəmövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir və Avropa İttifaqı, həmçinin quruma üzv olan dövlətlər etibarlı tərəfdaş olan Azərbaycanla münasibətlərin yeni mərhələsinə qədəm qoyur.

Mövzu ilə bağlı qəzetimizlə fikirlərini bölüşən Milli Məclisin deputatı Vüqar Bayramov da qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələrinə elektrik enerjisi ixrac etməsi olduqca önəmli məsələdir: “Aİ tərəfindən hazırda Qara dənizin dibi ilə elektrik enerjisinin Avropaya ixrac olunması ilə bağlı layihə hazırlanır. Digər tərəfdən, Zəngəzur dəhlizi reallaşandan sonra bu infrastruktur vasitəsi ilə həm də elektrik enerjisinin ötürülməsi nəzərdə tutulur. Nəticə etibari ilə belə bir şərait Avropanın Azərbaycanın alternativ enerji mənbələrindən faydalanmasına şərait yaradır. Macarıstan da bu sahədə Azərbaycanla səmərəli əməkdaşlıq edən ölkələrdən biridir. Bir sözlə, bu ölkə   Azərbaycandan elektrik enerjisi idxal etməkdə maraqlıdır. Çünki Qara dəniz vasitəsi ilə reallaşdırılan layihə Aİ-nin enerji sisteminə inteqrasiya olunur. Bu da Azərbaycanın istehsal etdiyi elektrik enerjisinin birbaşa Avropa bazarına ixracına imkan verir”.

Məsələyə münasibət açıqlayan iqtisadçı ekspert Xalid Kərimli söyləyib ki, Azərbaycanın Avropa bazarına çıxışı hər iki tərəfin maraqlarına uyğundur: “Yaşıl enerjinin ixracı ölkəmiz üçün çox əhəmiyyətlidir. Biz bərpaolunan enerjinin istehsalını və ixracını təşkil etsək, ölkəmizin strateji mövqeyi və gəlirləri ilə bağlı əhəmiyyətli üstünlük yaranacaq. Eyni zamanda, Avropa İttifaqı Rusiyadan enerji asılılığını sıfra endirməyə və karbonizasiya olunan enerji məhsulu əldə etməyə çalışır. Bu baxımdan ölkəmizin Avropa bazarına çıxışı hər iki tərəfin maraqlarına uyğundur”.

Ekspert qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və enerji məhsullarının az da olsa tədarükündə etibarlı mövqeyi var: “Avropa bazarı böyükdür və biz 3-4 faizinə enerji tədarük edə bilirik. Ölkəmiz Avropaya həm neft, həm də qaz ixrac edir. Bundan əlavə, Azərbaycan çox böyük külək və günəş enerjisi potensialına malikdir. Bu ilin əvvəllərində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və “ACWA power” şirkətləri ilə bağlanan müqaviləyə əsasən, Azərbaycanda külək və günəş enerjisi istehsalına investisiya qoyulub”.

X.Kərimli Rumıniyada imzalanan Sazişin ölkəmiz üçün bir sıra üstünlükləri olduğunu bildirib: “Buradan gəlir əldə edəcəyik, həmçinin ixrac edilən enerji bərpaolunan resursdur və ətraf mühitin çirklənməsi problemi yaşanmayacaq. Eyni zamanda, əlavə dostlar qazanmış oluruq. Bunu yalnız ticarət kimi yox, həm də Avropada yaxşı tərəfdaşlar tapmaq kimi düşünməliyik. Gürcüstan üzərindən Qara dəniz vasitəsilə Avropaya elektrik xətləri çəkərək rabitə kanalları da yaratmış oluruq. Bunlar Azərbaycana maliyyə gəliri və siyasi dividendlər vəd edir, həm də iqtisadiyyatın diversifikasiyası baxımından əhəmiyyətli rol oynayır. Bu, qeyri-neft sektorudur. Ölkəmizin əsas məqsədi də qeyri-neft sektorunu inkişaf etdirməkdir”.