Avropa İttifaqı ilə iqtisadi əlaqələr zərər görməyəcək - Aktual

10:44 16.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Avropa Şurası Parlament Assambleyasından Azərbaycana qarşı yönələn qərəzli münasibətin ardınca son günlər Avropa İttifaqı monitorinq missiyasının Ermənistan sərhədində “binokl diplomatiyası” ilə sərgilədiyi qərəzli mövqe ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Sual olunur: Avropa İttifaqının bəzi dövlətlərinin Azərbaycana qarsı apardığı qərəzli kampaniyanın iqtisadi əlaqələrə hansı təsirləri ola bilər?

Avropadan, Qərbdən ölkəmizə qarşı yönələn ədalətsiz, qərəzli siyasi yanaşmaların digər sahələr üzrə qurulan əməkdaşlıq münasibətlərinə təsir göstərə biləcəyi istisna edilmir.

İqtisadçı ekspert və siyasətçilər məsələyə fərqli aspektdən yanaşıblar.

Bütün bunlarla bağlı hafta.az-a açıqlama verən deputat Vüqar Bayramov qeyd edib ki, Azərbaycan qonşu ölkələr, o cümlədən bir çox aparıcı birliklərlə əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, belə əməkdaşlıqların müstəqil şəkildə qurulması Azərbaycan üçün prioritetdir:

 “Azərbaycan ixracatının, təxminən, 65 faizi Avropa İttifaqının payına düşür.  Azərbaycan üçün Avropa İttifaqı ilə müstəqil və qarşılıqlı münasibətlərin qurulması vacibdir. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı daha çox enerji məsələlərini əhatə edir. Enerji sahəsindəki əməkdaşlıq uzunmüddətli müqavilələrlə tənzimlənir. Hazırda Avropa İttifaqından 8 ölkə Azərbaycandan mavi qaz alır və bu ölkələrin sayı artır. Azərbaycan müstəqil şəkildə iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Hər halda ümid edək ki, tərəflər arasında yaranan fikirayrılıqları iqtisadi münasibətlərə təsir göstərməyəcək”.

V.Bayramov eyni zamanda qeyd edir ki, yalnız enerji deyil, qeyri-enerji sahəsində də Avropa İttifaqı ilə əməkdaşlığın güclənməsi müşahidə olunur:

“Azərbaycan üçün bu əməkdaşlığın daha da dərinləşməsi növbəti illərdə də prioritetliyini saxlayacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Avropa İttifaqına daxil olan institutların və ölkələrin Azərbaycana qarşı qərəzli münasibət sərgiləməsinə aydınlıq gətirmək lazımdır. Onun sözlərinə görə, bu gün ümumi olaraq Avropa İttifaqının Azərbaycana qərəzli yanaşmasından danışsaq, orada bizə  dost, yaxşı əlaqələri olan dövlətləri incitmiş olarıq:

“Məsələn, İtaliya, Macarıstan, İspaniyadan Azərbaycana qarşı hər hansı  qərəzli irad müşahidə olmayıb. Əgər məsələ Avropa İttifaqı kimi təşkilatın Ermənistanda yerləşən monitorinq missiyasının qərəzli mövqeyindən gedirsə, həmin missiyanın hansı tərkibdə olduğuna diqqət yetirilməlidir. Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri normaldır və həmin qurumun rəhbəri Şarl Mişelin Azərbaycanda keçirilən  prezident seçkilərindən sonra səs çoxluğu ilə qalib olan Prezident İlham Əliyevi təbrik etməsini, onun  Brüssel formatını alqışlayaraq, danışıqların Brüssel formatında baş tutacağına ümid etdiyini söyləməsini normal münasibətlər fonunda nəzərdən qaçırmaq olmaz”.

N.Cəfərli qeyd edir ki, Avropa Birliyinin formatı fərqlidir, orada müxtəlif ölkələr var: “Xüsusilə də Fransanın qeyri-obyektiv və anormal yanaşmaları məlumdur. Fransanın anormallığı isə erməni lobbisinin təsirləri, eləcə də Fransanın Cənubi Qafqazda daha ciddi rol almaq istəyi ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanın Böyük Britaniya ilə münasibətləri yaxşıdır. Tarixən belə olub ki, Fransa həmişə Böyük Britanyanın müttəfiqinin qarşısında rol almağa çalışıb. Burada digər amillər də var. Bunun isə Azərbaycanla Avropa institutları arasında iqtisadi əlaqələrə ciddi xələl gətirəcəyini düşünmürəm”.

ABŞ-dən Azərbaycana yönələn qərəzli yanaşmalara gəlincə, N.Cəfərli bildirir ki, orada seçki dönəmidir və bəzi bəyanatlar seçki kontekstində verilir:

“ABŞ-nin Azərbaycana daha normal münasibətləri  seçkidən sonra ortaya çıxacaq. Əgər respublikaçılar qalib olacaqsa, deməli, Azərbaycanın ənənəvi olaraq respublikaçılarla daha yaxşı münasibətlərinin qurulacağını söyləyə bilərik”.