Avropada müharibə təlaşı: "Yeraltı sığınacaqlar tikilir"

09:06 07.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı son vaxtlar mümkün silahlı münaqişəyə qarşı hazırlıqlarını gücləndirib. Birliyə üzv olan 27 ölkənin vətəndaşları təbii fəlakət və ya müharibə zamanı üç gün sağ qalmağa imkan verəcək ilkin tələbat mallarını hazır saxlamağa çağırılıb.

Hafta.az-ın “Novıe İzvestiya”ya istinadən yazdığına görə, su, konservləşdirilmiş qida, fənər, nağd pul və əsas dərmanlardan ibarət bu “sağ qalma dəsti” təklifi Aİ-nin böhran ssenarilərinə hazırlıq strategiyası çərçivəsində açıqlanıb.

Ən diqqətəlayiq addımlardan biri demək olar ki, bütün qitədə yayılmış sığınacaqların təmiri və yenidən işə salınmasıdır. Hazırda İsveçdə 64 min sığınacaqda vəziyyət nəzərdən keçirilir. Bu strukturların kimyəvi, radioloji və nüvə hücumlarına davamlılığı yoxlanılır. İsveçlə yanaşı, Almaniya, Norveç, Finlandiya və hətta bitərəf İsveçrə də “Soyuq Müharibə” dövründən sığınacaqlara investisiya qoymağa başlayıb.

İspaniyada özəl sığınacaqların tikintisində 200 faiz artım olsa da, hökumətin yalnız dörd ictimai nüvə sığınacağı olması diqqət çəkir. Almaniyada yeni tikilən binalara sığınmaq öhdəliyi yenidən gündəmə gəlir, bu zaman əhali üçün rəqəmsal sığınacaq xəritələri hazırlanır və kütləvi maarifləndirmə proqramları nəzərdə tutulur. Mütəxəssislər ictimaiyyətin şəxsi təhlükəsizlik tədbirlərinə daha çox meylli olduğunu bildirir.

Siyasi ekspertlərin fikrincə, Avropadakı bu hərəkat təkcə ehtiyat tədbiri deyil, həm də Ukraynadakı müharibənin daha geniş cəbhəyə yayıla biləcəyi narahatlığının bariz göstəricisidir. Avropa Komissiyasının bəzi rəsmiləri xəbərdarlıq edir ki, Rusiya yaxın 5 ildə Aİ ölkələrindən birinə hücum edə bilər. Digər tərəfdən, Moskva bu cür iddiaları “əsassız təbliğat” kimi qələmə verir və Avropada təşvişin qəsdən qızışdırıldığını iddia edir.