“Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Prezident səviyyəsində Azərbaycan ilk səfəri mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, Avropa ölkələri ilə ikitərəfli münasibətlərinin yüksək səviyyədə qurulmasının əsas göstəricilərindən biridir. Bu gün Azərbaycan Avropanın əsas enerji təchizatçılarından biridir. Avropa ölkələrinin indiki çətin durumlarında təbii ki, onların Azərbaycana ehtiyacı var və Azərbaycan da müstəqil xarici siyasi xəttinə sadiq qalaraq, onlara dəstəyini göstərməkdədir”.
Bunu hafta.az-a siyasi şərhçi Rəfael Becanov bildirib. Ekspert bu səfər çərçivəsində müşahidə olunan mühüm nüanslara diqqət çəkib.
“Prezident Ştaynmayerin Azərbaycandan əvvəl Ermənistana səfəri zamanı baş verən təxribatla bağlıdır. Almaniya Prezidentinin Ermənistana səfəri çərçivəsində özünün rəsmi “İnstagram” səhifəsində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış keçmiş qondarma rejimin “bayrağını” yerləşdirməsi bizim ərazi bütövlüyümüzə qəsd və suverenliyimizə qarşı aşkar təxribat idi. Azərbaycanın rəsmi etirazından sonra Almaniya Prezident Administrasiyası tərəfindən rəsmi üzrxahlıq bildirilərək, təxribat aradan qaldırıldı.
Almaniya Prezidenti Azərbaycana səfəri zamanı Prezidentlərin birgə mətbuat konfransında Qarabağla bağlı mövqeyini açıq bəyan etdi və bildirdi ki, biz məsələlərə beynəlxalq hüquq normalarına uyğun münasibət bildirmişik. Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq. Bu, onun həmin təxribata qarşı etirafı oldu.
Bu etiraf eyni zamanda Almaniya Xarici İşlər nazirinin Xankəndi və Şuşa səhərlərini ermənilərin qoyduğu uydurma adlarla adlandırmasına, Bakıda COP29 keçirilən tədbirdən əvvəl İrəvanda olduğu zaman erməni əsilli şəxslərlə “qaçqınlar” adı ilə görüş keçirməsinə və “binokl diplomatiyası”nın iştirakçısına çevrilməsinə cavab oldu”.