Azad edilmiş girovlardan ibarət ilk qrup İsrailə gətirildi

12:22 13.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəzzadan azad edilmiş 7 girovdan ibarət ilk qrupun İsrailə gəlişinin videogörüntüləri yayılıb.

Hafta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrindən (İDF-SAXAL) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, girovlar ilkin tibbi müayinədən keçəcəklər.

SAXAL-ın mətbuat xidməti azad edilənlərin adlarını açıqlayıb. Onların arasında Matan Anqrest, Ziv və Qali Berman qardaşları, Qay Qilboa-Dalal, Omri Miran, Eytan Mor və Alon Ohel var. Gün ərzində Qəzza zolağında ümumilikdə 20 girovun azad edilməsi planlaşdırılır. Bunlar 2023-cü il oktyabrın 7-də oğurlanan və iki illik HƏMAS əsarətindən sağ çıxan İsrail vətəndaşlarıdır.

Həmçinin İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, qalan 13 israilli girov da Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verilib.

Komitə bəyan edib ki, azad edilmiş girovların vəziyyəti "qənaətbəxş görünür".