Azad sahibkarlıq və əlverişli biznes mühiti - Son illərdə...

11:58 23.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan biznes mühitinin əlverişliliyi, rəqabət qabiliyyətin yüksəldilməsi, sahibkarların daha rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biri sayılır. Təbii ki, bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması üçün sahibkarlar sinfinin rolu xüsusi əhəmiyyətə malikdir. Bu reallığı nəzərə alan Prezident İlham Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin gücləndirilməsinə çalışır.

Qeyd edək ki, sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmiz mütəmadi olaraq beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Demək olar ki, hər il beynəlxalq maliyyə institutlarının hesabatlarında Azərbaycanın mövqeyi daha da yaxşılaşır. Məsələn, ötən ildə də nüfuzlu beynəlxalq qurumlarının reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə yuxarı sıralarda yer alıb. Dünya Bankı tərəfindən Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da ölkəmiz bir sıra göstəricilər üzrə öndə olub. Bundan əlavə, Heritic Fondunun 2021-ci ilin nəticələrinə əsasən elan etdiyi İqtisadi Azadlıq İndeksinə görə 178 ölkə arasında Azərbaycan 38-ci pilləyə yüksəlib. Sözsüz ki, bu uğurların təməlində ölkə başçısının yürütdüyü düzgün iqtisadi siyasət, gərgin əmək dayanır.

Ötən il 1902 investisiya layihəsi maliyyələşdirilib

Ölkəmizdə postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ixrac potensialının yüksəldilməsi üçün rəqabət qabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülüb. Eyni zamanda, sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri də davam edir. Məsələn, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən iqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində 2021-ci il ərzində ümumi dəyəri 288 milyon manat olan 1902 investisiya layihəsinin maliyyələşdirilməsinə 131 milyon manat güzəştli kredit verilib ki, onun da 59 faizi kənd təsərrüfatı məhsulları istehsalçılarının payına düşüb. Bu kreditlər hesabına 3200-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Ümumilikdə son 18 ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 38 min sahibkara 3 milyard manat güzəştli kredit verilib ki, nəticədə bu dövrdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sayı 7 dəfəyə yaxın artıb.

Davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri və institusional dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirib. Həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır. Təsadüfi deyil ki, həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2021-ci ildə də ölkəmizdə makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadi artım prosesləri sürətlənmiş və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olmuşdur. Fərdi sahibkarlar tərəfindən isə 2021-ci ildə 54,5 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Son 19 ildə ümumi daxili məhsul istehsalı 8,3 dəfə artıb

Onu da qeyd etmək yerinə düşər ki, biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin nəticəsində son 19 ildə əhalinin nominal gəlirləri də əhəmiyyətli dəcədə artıb. Belə ki, bu müddət ərzində əhalinin nominal gəlirləri 10 dəfə artıb, yaşayış minimumu 2003-cü illə müqayisədə 5 dəfə artaraq 200 manat olub, ümumi daxili məhsul istehsalı 8,3 dəfə artaraq adambaşına 7,3 min manat təşkil edib. Həmin dövrdə qeyri neft-qaz iqtisadiyyatının həcmi 3 dəfə artaraq 51 milyard manata çatıb, qeyri neft-qaz məhsullarının ixracı 5 dəfə artıb. Bu dövrdə valyuta ehtiyatları 33 dəfə artaraq 51,2 milyard manata çatıb, Azərbaycanla xarici ticarət əlaqələri quran ölkələrin sayı 124-dən 183-ə yüksəlib. Bundan əlavə, 2004-2021-ci illərdə ölkə iqtisadiyyatına yönəlmiş investisiyaların həcmi 3,1 dəfə artıb, bank sektoru tərəfindən iqtisadiyyata yönəlmiş kreditlərin həcmi 24 dəfə artaraq 14,2 milyard manata çatıb. Bu dövrdə ölkədə 2.5 milyon yeni iş yerləri yaradılıb, işsizlik səviyyəsi 4,8 faizə enib, ölkə əhalisinin məşğulluğu sahəsində əsaslı dönüş yaranıb.

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında Prezidentin sərəncamının icrası olaraq artıq ölkəmiz yeni strateji mərhələyə daxil olub. Həyata keçirilən islahatlar nəticəsində sahibkarlıq sahəsində yoxlamalar 2023-cü ilədək dayandırılıb, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 86-ya endirilib, lisenziyanın verilməsinə görə dövlət rüsumları Bakıda 2, regionlar üzrə 4 dəfə azaldılıb. Əsas hədəflərdən biri də ölkədə azad sahibkarlığı inkişaf etdirmək və KOB subyektlərinin makroiqtisadi göstəricilərindəki payını artırmaqdır. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, bu müddət ərzində kiçik və orta biznes subyektlərinin qeyri-neft və qaz sektoru üzrə ümumdaxili məhsulda payını 35 faizə çatdırmalıdır. Həmçinin qeyri-neft sektoru üzrə məşğulluqda KOB subyektlərinin payının 60 faizə çatdırılması da strateji hədəf seçilib. Çünki ölkədə azad sahibkarlıq və liberal iqtisadiyyatın bütün ölkə iqtisadiyyatındakı rolunun möhkəmləndirilməsi və rəqabətliliyin artırılması vacibdir.

Sahibkarlığın inkişafı üçün yeni imkanlar yaranıb

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, Azərbaycanda iqtisadiyyatın dayanıqlılığını təmin etmək məqsədilə müəyyən islahatlar aparılıb, azad sahibkarlığın və investitsiya mühitinin yaxşılaşdırılması istiqamətində addımlar atılıb: “İqtisadiyyatın inkişaf etdirilməsi üçün müəyyən addımlar atılıb. Belə ki, gömrük işinin təşkilinin sadələşdirilməsi, vergi sahəsində islahatlar, azad sənaye texnoloji parklarının istifadəyə verilməsi, həmçinin azad iqtisadi zonanın yaradılması, nəliyyat logistika infrastruktrunun inkişaf etdirilməsi və güzəştli kreditləşmə istiqamətində atılan addımları qeyd etmək olar. Eyni zamanda, bizdə Rəqabət Məcəlləsi qəbul edilməsə də, bu sahəni tənzimləyən qanunlar var. Belə ki, “Haqsız rəqabət haqqında” qanun, “Təbii inhisarlar haqqında” qanun, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun və “Antiinhisar fəaliyyəti haqqında” qanun var. Yəni rəqabət sahəsində qanunvericilik qeyri-təkmil formada var. Ancaq mövcud qanunların da tətbiqi edilməməsi praktikası mövcuddur”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bütövlükdə son illər sahibkarların dəstəklənməsi prioritet məsələrdəndir: “Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizdə formalaşıcı iqtisadiyyatdan yerli sahibkarların daha yaxından dəstəklənməsi də əsas istiqamətlərdəndir. Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizin illik olaraq təxminən 5 milyard manata yaxın dəyər yaratmaq potensialı var. Bu, Azərbaycan iqtisadiyyatının təxminən 10 faizinə yaxını deməkdir. Ona görə də böyük potensial var və həmin potensialın reallaşması da birbaşa sahibkarların həmin ərazilərimizdə iqtisadiyyatın qurulmasında iştirakından asılıdır. O baxımdan həm  bütövlükdə ölkədə həyata keçirilən sahibkarların inkişafı ilə bağlı siyasət, o cümlədən vergi güzəştinin tədqiq edilməsi, sahibkarların maliyyə resurslarından çıxış imkanının artırılması, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə bu prosesin daha intensiv şəkildə həyata keçirilməsini  sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradır”.

Oxunma sayı 410