Azərbaycan ərazisi və əhalisinin sayı, iqtisadi inkişaf göstəricilərinə görə Avropanın bir çox dövlətlərindən geri qalsa da, bu gün inkişaf etmiş əksər Qərb dövlətləri düşdükləri çətin durumdan qurtulmaq üçün çarəni Bakıda axtarırlar.
1994-cü ilin sentyabr ayında "Əsrin müqaviləsi" ilə "köhnə qitə"nin enerji xəritəsini və siyasətini dəyişdirən rəsmi Bakı 28 ildən sonra, 2022-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri ilə bu sahədə yeni səhifə açdı.
Yola saldığımız həftədə Azərbaycan Prezidenitinin də əsas qonaq qismində dəvət olunduğu Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin açılış mərasimi Rusiya ilə ciddi enerji böhranı yaşayan Avropa İttifaqı dövlətləri üçün "yeni ümid və imkanlar" kimi təqdim edilir.
Sirr deyil ki, hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələləri həmişə mühüm əhəmiyyət kəsb edir. Müasir dövrümüzdə dünyada baş verən geosiyasi hadisələr fonunda enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır. Avropanın enerji sahəsində asılılığı azaltmaq, alternativ mənbələr və etibarlı tərəfdaşlar axtarışında Azərbaycana xüsusi önəm verməsi isə təsadüfi deyil.
Bu vaxta qədər də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Belə ki, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Ölkəmiz bundan sonra qaz hasilatını artırmağı və öz tərəfdaşlarını təbii qazla təmin etməyi planlaşdırır. Bu işdə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum da xüsusi əhəmiyyətə malikdir. Azərbaycan öz enerji siyasətini daha da genişləndirməyi düşünür.
Bu hədəflərə çatmaq üçün Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi də milli maraqlarımıza tamamilə cavab verir.
Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Dövlət başçısı açılış mərasimində ölkəmizin enerji siyasəti ilə bağlı gələcək planlarını da açıqlayıb. Diqqət yetirək:
Bu il Bakıda Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu Memoranduma əsasən Azərbaycan 2027-ci ilədək Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırır:
"Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısına çevrilib, tezliklə elektrik təchizatçısına da çevriləcək. Ötən il bizim Avropaya qaz ixracımız 19 milyard kubmetr olub. Bu il isə 22 milyard kubmetr qaz ixrac etmək niyyətindəyik.
Qaz ixracının artırılması üçün bütün potensial olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Biz TANAP kəməri ilə nəql olunan qaz ixracının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eləcə də TAP kəməri ilə isə 10 milyard kubmetrdən 12 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla məsləhətləşmələrə artıq başlamışıq. Çünki bunu etmədən əlavə qazın ixracı çətin olacaq”.
Göründüyü kimi, Azərbaycan hər zaman imzasına və sözünə sadiqdir. İkitərəfli və çoxtərəfli razılaşmalar əsasında üzərinə götürdüyü öhdəlikləri dəqiq və vaxtında yerinə yetirir. Təbii ki, rəsmi Bakının bu yanaşmasında qarşı tərəfdən də gözləntiləri var. Bu cür mühüm məsələlərdə üzərinə götürülən öhdəliklərə qarşılıqlı şəkildə qərəzsiz yanaşma nümayiş etdirilməli, qəbul edilən qərarlar vaxtında reallaşdırılmalıdır.
Artıq Azərbaycanın Avropanın düşdüyü çətin durumdan çıxmaq üçün üzərinə götürdüyü öhdəliklərini reallaşdırmasının ilkin nəticələri də statistik rəqəmlərdə özünü büruzə verir.
Məsələn, Azərbaycan qazının nəql olunduğu Yunanıstan-Bolqarıstan interkonnektorunun işə düşməsindən sonra Bolqarıstanda qazın topdansatış qiyməti 34 faiz azalıb. Bu barədə Bolqarıstanın Enerji və Su Təsərrüfatı Tənzimlənməsi Komissiyası məlumat verir. Qeyd olunur ki, tənzimləyici qurum oktyabr ayı üçün təbii qazın topdansatış qiymətini 233,36 lev/MVt-saat (116,93 dollar, 119,31 avro) məbləğində müəyyən edib. Bu isə əvvəlki ayla müqayisədə 34 faiz azdır. "İlk dəfə olaraq Bolqarıstanın Azərbaycanla uzunmüddətli müqavilə üzrə təbii qazın tam həcmi qiymət formalaşdıran hissə olub və nəticədə qazın qiyməti 120 lev azalıb. Azərbaycan təbii qazı daha rəqabətqabiliyyətli qiymətə malikdir, belə ki, bu qaza Avropa fyuçers birjalaranının dalğalanmaları təsir etmir. Bu onunla əlaqədardır ki, Azərbaycan qazının qiyməti altı ay əvvəldən müəyyənləşdirilmiş benzin qiymətlərinə bağlıdır", - məlumatda deyilir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu bir çox məşhur media orqanlarının da diqqətindədir.
Fransanın “La Gazette” xəbər portalı bildirir ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) Avropanın enerji təhlükəsizliyi üçün vacib layihədir. “Bu boru xətti Bolqarıstan üçün oyunun qaydalarını dəyişir. Bu, həm də Avropanın enerji təhlükəsizliyi üçün vacib töhfədir.” Azərbaycan Prezidenti İlham Əliyevin Sofiya şəhərində IGB-nin açılış mərasimindəki nitqindən bir iqtibas verərək, məqalədə qeyd olunub ki, Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısına çevrilib, tezliklə elektrik təchizatçısına da çevriləcək. Məqalədə əlavə olunub ki, daha çox ölkə qaz almaq və ya artıq tədarük olunan həcmi artırmaq üçün Azərbaycana üz tutur. “Artıq Avropa İttifaqı ilə Azərbaycan arasında 2027-ci ilə qədər Cənub Qaz Dəhlizinin gücünün iki dəfə artırılması ilə bağlı konkret razılaşma mövcuddur. Ona görə də əminliklə demək olar ki, Azərbaycan Avropanın enerji təchizatı üçün ən real imkanları təklif edir ”, - deyə yekun olaraq qeyd edilib.
Avstriyanın "dasfazit.at" internet qəzetiin "Prezident İlham Əliyev Azərbaycanı ciddi enerji gücünə çevirdi" adlı məqaləsində qeyd edilir ki, Prezident İlham Əliyevin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində atdığı addımlar dövlətin beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verməklə yanaşı, etibarlı tərəfdaş imicinin formalaşmasına böyük töhfə verir. Vurğulanır ki, Azərbaycan artıq Avropanın enerji xəritəsinin yenidən qurulması proseslərində fəal iştirak edən mühüm oyunçu rolunu oynayır və bunun bariz nümunəsi uzun illər əvvəl əsası qoyulmuş TAP və TANAP layihələrinin işə salınmasıdır. Bu da öz növbəsində məqalədə Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsi kimi təqdim olunur.
Qeyd edək ki, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz operatorları "Bulgartransgaz", "Transgaz", "FGSZ" və "Eustream" mövcud şəbəkələrlə əlavə təbii qaz həcmlərinin nəqli yolu ilə Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üzrə birgə addımlar atmağı təklif ediblər. Qaz-nəqliyyat operatorları Aİ ilə Azərbaycan arasında 2022-ci il iyulun 18-də imzalanmış strateji əməkdaşlıq sazişi çərçivəsində işini davam etdirəcəklərini bildirirlər. Şirkətlər vurğulayır ki, qısa müddət ərzində və minimal xərclərlə mövcud infrastrukturun təkmilləşdirilməsi Türkiyə və Yunanıstandan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya vasitəsilə Mərkəzi və Qərbi Avropaya 5 milyard kubmetrədək təbii qaz nəql etməyə imkan verəcək. Bu, avropalı istehlakçılara Cənub Qaz Dəhlizi ilə daha çox qaz almağa imkan verəcək.
Təəssüflər olsun ki, Azərbaycanın Avropa üçün həyati əhəmiyyət daşıyan məsələlərdə əldə etdiyi nailiyyətlər, Avropa İttifaqının Cənubi Qafqazla bağlı bölgədə sülh və sabitliyiə nail olmaq üçün real siyasətdən çıxış edərək rəsmi Bakının haqlı tələblərini dəstəkləməsi yenə də Ermənistan dövləti və erməni lobbisi tərəfindən çox ciddi qısqanclıqla qarşılanır. Avropanın enerji maraqlarını arxa plana ataraq ermənilərin haqsız iddialarının dəstəklənməsi üçün hər vasitəyə əl atırlar. Səfirliklərimizə, diplomatik nümayəndəliklərimizə təşkil edilən son hücumlar, sərhəddə təxribatların artması, sülh danışıqları, Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların bərpası ilə bağlı Aİ-nin təşəbbüsü ilə aparılan danışıqlarda əldə olunmuş ilkin razılaşmaların pozulması üçün İrəvan rəhbərliyi tərəfindən çarəsiz davranışların şahidi oluruq. Halbuki, Azərbaycan sülh sazişi imzalamaqla, Zəngəzur dəhlizinin açılmasını təmin etməklə Ermənistanın da Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol ala bilməsi imkanlarını vəd edir. Gələcək enerji xətlərinin məhz bu dəhliz vasitəsilə Avropaya nəql oluna biləcəyini açıq şəkildə bəyan edir. Otuzillik işğal dövründə bölgədə reallaşdırılan bütün beynəlxalq və regional layihələrdən kənarda qalan, bununla da ağır iqtisadi böhran keçirən Ermənistanın Azərbaycanın vəd etdiyi bu yeni imkanlardan yararlanıb-yararlanmayacağı isə artıq İrəvanın boş xəyalları bir kənara qoyaraq reallıqları qəbul etməsindən asılıdır. Bu məsələdə də rəsmi Bakının itirəcəyi heç bir şey yoxdur. İtirən yenə də Ermənistan dövləti və erməni xalqı olacaq.
Azərbaycan isə özünün qarşısına qoyduğu hədəflərə doğru əmin addımlarla irəliləyir. Qlobal dünya düzənində layiq olduğu yeri təmin edir. Təbii ki, milli maraqları, müstəqilliyini qorumaq, iqtisadiyyatını gücləndirmək, beynəlxalq əməkdaşlığı genişləndirmək və nüfuzunu artırmaqla...