Azərbaycan Avropaya maksimum nə qədər qaz ixrac edə bilər?

16:48 31.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Rusiya və Ukrayna arasında gərginliyin pik həddə çatacağı halda rəsmi Moskvanın Avropaya qaz ixracını dayandıra biləcəyi ehtimalı var. Rusiyadan qaz tədarükünün kəsiləcəyi riskini nəzərə alaraq Avropa İttifaqı isə ABŞ, eləcə də Qətər və Azərbaycanla qazla bağlı danışıqlar aparır. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell bəyan edib.

O bildirib ki, bütün risklərə hazırlıqlı olmalıdır: "Diplomatiyanın uğursuzluğa düçar olacağı təqdirdə hazır olmalıyıq. Biz Rusiyanın tədarükünü azaltmaq və ya dayandırmaq qərarına gəldiyi halda qaz tədarükü məsələsində ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla işləmək də daxil olmaqla, bütün variantları və ssenariləri nəzərdən keçiririk”.

“Financial Times” (FT) qəzetinin adını açıqlamadığı mənbəyə istinadən yaydığı məlumata görə isə Aİ-nin energetika üzrə komissarı Kadri Simson yaxın günlərdə Bakıya səfər edəcək və azərbaycanlı həmkarı Pərviz Şahbazovla, habelə ekologiya və təbii ehtiyatlar naziri Muxtar Babayevlə danışıqlar aparacaq.

Mənbə bildirib ki, danışıqların əsas mövzusu Azərbaycanın Avropanın qaz təchizatının diversifikasiyasındakı roluna həsr olunacaq. Bura Trans-Adriatik boru kəməri ilə qaz təchizatı həcmlərinin artırılması da daxildir. Hazırda TAP kəmərinin gücü ildə 10 milyard kubmetrdir.

Bəs görəsən, Rusiya və Ukrayna arasında gərginliyin artması fonunda Rusiya Avropaya qaz ixracını dayandırarsa, Azərbaycan bu məsələ hansı rolu oynaya bilər? Ölkəmizin qaz ehtiyatı və maksimal ixrac imkanı nə qədərdir?

Məsələni hafta.az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Avropanın Rusiya qazına alternativ axtarması və Azərbaycanın imkanları ilə maraqlanması artıq siyasi bəyanatdır: “Bu Azərbaycanla Rusiyanı qarşı-qarşıya qoymaq deməkdir. Başqa bir tərəfdən tutaq ki, yaxın günlərdə sözügedən iki ölkə arasındakı siyasi qarşıdurma hərbi fazaya keçdi. Və Avropa, o cümlədən ABŞ Rusiyaya sanksiya tətbiq etdi. Onlar təbii ki, enerji sektoruna qarşı sanksiya tətbiq etməyəcəklər. Çünki SSRİ təcrübəsi mövcuddur. 1979-cu ildə SSRİ Əfqanıstana girdi və SSRİ-yə qarşı sərtləşdirilmiş sanksiya tətbiq olundu. Amma 1980-ci ildə Avropa ilə SSRİ arasında 25 il müddətinə qaz idxalının artırılmasına dair müqavilə imzalandı. Yəni, qərbi Rusiyadan istədiyi əsas məqsəd daha yaxşı şərtlərlə Rusiyanın enerji resuslarını əldə etməkdir”.

Ekspert vurğulayıb ki, 2020-ci ilin sonu, 2021-ci ildən etibarən Azərbaycan faktiki olaraq Avropanın qaz təchizatçılarından biri kimi çıxış edir. O əlavə edib ki, Bakı ötən bir il müddətində qaz bazarında layiqli, sözünün üstündə duran tərəfdaş kimi göstərib.  “2021-ci ildə Avropadakı tərəfdaşları cəmi 5 milyard kubmetr qazın alınması ilə bağlı sifariş vermişdi, amma Azərbaycan ilin yekununda 8 milyard 150 milyon kub metr qazı Avropa bazarlarına tədarük etdi. Bu, onun göstəricisidir ki, Azərbaycan artan tələbatı ödəmək üçün öz imkanlarını səfərbər edə bilir. 2022-ci il üçün Avropadan bizə edilən sifariş 9 milyard, 2023-cü il üçünsə 11 milyard kubmetdir. Biz 3 il ərzində Azərbaycan qazının Avropaya nəqlinin get-gedə artdığını görürük. Onsuz da həcmi artırırıq, bəs Avropa bizdən nə istəyir? Avropanın istəyi Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Fevralın 4-də Avropa İttifaqı enerji komissarının Bakıya səfəri, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 8-ci iclasında iştirakı da bununla bağlıdır. Prezident İlham Əliyev anons edib ki, bu görüşdə Azərbaycandan əlavə qaz həcmlərinin alınması ilə bağlı Avropadan verilən təkliflərə baxılacaq. Necə ki, 2013-cü ildə hər il 10 milyard kubmetr qazın Avropa bazarlarında satılması üçün müqavilə imzalamışdıq, indi də növbəti 20-25 il müddəti üçün hansısa bir həcmin alınacağı barədə razılıq əldə oluna bilər. Hazırda TAP kəmərinin gücü 10-11milyard kub metr qazı ötürməyə imkan verir. Kəmərin 20 milyard kubmetrə qədər genişləndirilməsi aktualdır, o cümlədən Cənub Qaz Dəhlizinin. Avropanın qaz alıcıları gərək Azərbaycanın qaz istehsalçıları qarşısında hüquqi, kommersiya öhdəlikləri götürsün. Yəni yenidən investisiya yatırıb, həmin həcmləri bazara çıxarıb, təhvil nöqtəsində onlara versinlər. İnamları olsun ki, əldə olunacaq həcmlər satacaqları qiymətin qarşılığında rentabelli olacaq”.

İ. Şaban onu da xatırladır ki, 2018-ci ildə Azərbaycan qazının Avropaya satılacağı nəzərdə tutulurdu, amma bu, baş vermədi: “O zaman Avropada hava şəraiti çox yaxşı idi, onlar bu təklifi qulaqardına vurdular. Rusiya qazı da ucuz idi, avropalılar 200 dollardan da aşağı qiymətə alırdılar. Yalnız 2021-ci ildə gəlib bizdən aldılar. Plan bundan ibarətdir ki, 2023-ci ildə Cənub Qaz Dəhlizi genişləndirilərək, layihə gücü 31 milyard kubmetrə çatdırılmalı idi. Yəni Azərbaycan maksimum 2027-ci ildə bu həcmdə qazını bazara çıxara bilərdi. İndi reallıq necə olacaq, bilmirik. Əvvəllər mövcud olan qrafikə korrektələr edilib, 2023-cü ilə isə cəmi 1 il qalıb. Gələn il genişləndirmə işləri başlasa, ancaq 2025-ci ildə boru kəmərinin ötürmə gücü maksimal layihə gücü olan 31 milyard kubmetrə çatdırıla bilər. Amma hasilatı artırmaq üçün biz ən azı “Abşeron” yatağının ikinci layihəsini işə salmalıyıq. Çünki bu layihədən hasil ediləcək 5-6 milyard kubmetr qazın Avropa bazarlarında satılması nəzərdə tutulur. Fransanın “Total” şirkəti bu yataqdan ilkin qazın 2022-ci ilin sonunda hasil olunacağını vəd edir. Amma deyəsən, heç bu il mümkün olmayacaq, çünki əldə edilən qaz daxili bazara gedəcək. Bu qazı almaq ən yaxşı halda 2023-cü ildə mümkün olacaq. Platformanın daha dərində quraşdırılması üçün ən aşağısı 4 il zaman gərəkdir. Deməli, 2023-cü ildə bu işə başlasalar, inşaat 2027-ci ilə qədər çəkəcək. Reallıq ondan ibarətdir ki, 2027-ci ildə “Qarabağ” və “Kəpəz” neft-qaz yataqlarından, paralel olaraq, “Ümid”dən qaz həcmlərini artıra bilərik. Yəni 5-6 ildən sonra bizim imkanımız var ki, Avropaya minimal – 5-7 milyard kubmetr qaz verə bilək”.

Onun sözlərinə görə, kəmərin genişləndirilmiş hissəsi Avropanın üçüncü enerji paketinin sanksiyaları ilə üzləşə bilər: “Avropanın yanaşması belədir ki, İttifaq ərazisinə daxil olan hansısa boru kəmərinə 100 faiz bir ölkədən gələn qaz vurula bilməz. Bu sanksiya TAP-ın birinci hissəsinə ona görə şamil edilməmişdi ki, kəmərlə bağlı razılaşma bu qanundan əvvəl əldə edilmişdi. Həmin kəmərə Türkmənistan, İraq, Rusiya qazı da vurula bilər. Yəni Azərbaycan qarşıda duran bu işləri həll etmək imkanındadır. Böyük Britaniyadakı səfirimiz Elin Süleymanovun dediyi kimi, razılaşmaların uzunmüddətli müqavilələr çərçivəsində həll olunması düşünülür. Onun dedikləri reallığı əks etdirən diplomatik cavabdır”.