Bu gün Braziliyanın Belem şəhərində keçirilən COP30 tədbiri COP-29-dan sonra müəyyən müqayisələr aparılmaqla izlənir. Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilib. COP29 Bakıda keçirilib və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğunu bildirir. Bundan əvvəlki tədbir - COP28 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.
Bu gün Braziliyanın Belem şəhərində keçirilən COP30 tədbirini şərh edərkən COP29-la müqayisədə hansı fərqli məqamlara diqqət çəkmək olar?
Bu istiqamətdə Hafta.az-a Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, COP Tərəflər Konfransının qısaltmasıdır və tez-tez iqlimə yönəlmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMTİÇK) beynəlxalq görüşünə istinad edir.
Deputat bildirib ki, COP, BMTİÇK-nin əsas qərar qəbuletmə orqanıdır. Buraya bütün "Tərəflərin", yəni BMTİÇK-də iştirak etməyə və ona bağlı olmağa razılıq verən ölkələrin nümayəndələri daxildir:
"COP illik əsasda keçirilir, yeni tədbirlər barədə danışıqlar aparmaq və tərəflərin iqlim dəyişikliyini məhdudlaşdırmaq üçün BMTİÇK-nin ümumi məqsədinə uyğun olaraq irəliləyişini nəzərdən keçirmək yolunda bir fürsət olaraq dəyərləndirilir. Hər bir COP konfransın sonunda ictimaiyyətə açıqlanan bir bəyanatla və ya məcburi bir konsensus ilə razılaşır. Məsələn, 2023-cü ildə keçirilən COP28-də Tərəflər BƏƏ Konsensusu ilə razılaşdılar. UNFCCC-BMTİÇK 198 Tərəf (197 dövlət və Avropa İttifaqı) arasında bir razılaşmadır. Razılaşma "istixana qazı konsentrasiyalarını iqlim sisteminə təhlükəli antropogen, yəni, insan tərəfindən törədilən müdaxilənin qarşısını alacaq səviyyədə sabitləşdirmək məqsədi daşıyır. UNFCCC "çətir" razılaşmasıdır, yəni onun çərçivəsində digər məcburi qərarların qəbul edilməsi və həyata keçirilməsi deməkdir. Buraya 2015-ci ildə COP21-də razılaşdırılmış Paris Sazişi də daxildir”.
A.Badamov 2024-cü ildə COP29-un Bakı şəhərində keçirilməsinə diqqət çəkib:
“Qeyd etdiyim kimi, bizdən öncə COP28 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, bizdən sonra COP30 10-22 noyabr tarixlərində Braziliyanın Belem şəhərində keçirildi. 6-7 noyabrda isə Sessiyanın Liderlər Zirvəsi təşkil olundu. Ümumiyyətlə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 198 Tərəfi geniş şəkildə beş regional qrupda təşkil olunub ki, buraya Afrika, Asiya, Şərqi Avropa, Latın Amerikası və Karib dənizi, Qərbi Avropa və digər dövlətlər -Avstraliya, Kanada və ABŞ olmaqla - daxildir. COP-un prezidenti adətən ev sahibi ölkənin yüksək vəzifəli dövlət məmurudur”.
A.Badamov qeyd edib ki, COP birgə mübarizə deməkdir. Onun fikrincə, qlobal istiləşmə ilə mübarizə aparmaq və iqlim dəyişikliyinin pisləşən təsirlərinə uyğunlaşa bilməyi təmin etmək üçün artıq masada əsas öhdəliklər olduğu üçün danışıq aparanlardan istəkləri hərəkətə çevirmək üçün alətlər, göstəricilər və proseslər müəyyənləşdirmək gözlənilir:
"Belem şəhərində keçirilən Liderlər Zirvəsində Azərbaycanı Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti böyük uğurla təmsil etdi. Milli Məclisin sədri Azərbaycan adından bəyanat səsləndirdi. Həmçinin bir sıra ölkələrin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirildi. Bu görüşlər həm tədbirin profili baxımından, həm də Azərbaycan xarici siyasətinin Sahibə xanımın rəhbərliyi ilə parlament diplomatiyasının son dərəcə uğurla təmsil olunması baxımından yüksək diqqətə layiqdir”.
Deputat qeyd edib ki, Azərbaycan COP30-un təşkil olunmasında COP29-da əldə etdiyi tarixi nəticələri, öz təcrübəsini bölüşdü. Belə ki, COP29-un sədri, Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev tədbirlərdə iştirak və çıxış edib, fikir mübadilələrində aktiv rol alıb:
“Bu, özünü konkret nəticələrdə göstərdi. Belə ki, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya tərəfi qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsində təqdim edib. Bir daha məlum oldu ki, hədəflərə çatmaq birgə, koordinasiyalı iş ortaya qoyulduğu zaman mümkündür. Təbii ki, görüşlər nəticəsində də vurğulandığı kimi, bu hədəfə çatmaq mümkündür. Əsas məqam odur ki, sözügedən məsələ ənənəvi mənbələrdən, eləcə də yeni və innovativ maliyyə mexanizmlərinin hazırlanmasından əhəmiyyətli səy tələb edəcək.
Paris Sazişinin daha sürətli həyata keçirilməsi üçün iqlim tədbirlərinin real iqtisadi və maliyyə islahatlarına daxil edilməli olduğu fikri üzərində ciddi müzakirələr gedir. Artıq fikir mübadilələrindən tərcübəyə keçmək lazımdır. Buna görədir ki, Muxtar Babayev və Andre Korrea do Laqo görüşərkən praktiki erkən tədbirlər təklifi üzərində dayanıldı. Buraya məlumatları təkmilləşdirmək, islahat müzakirələrini təşviq etmək, şəffaflığı və əməkdaşlığı gücləndirmək daxildir. Bu addımlar impulsun yaradılmasına, prioritetlərin formalaşdırılmasına və mümkün olanları nümayiş etdirməyə kömək edəcək. İqlim maliyyələşdirməsində bu dövrü həqiqət dövrünün başlanğıcı kimi də xarakterizə edirlər. Paris Sazişinin daha sürətli həyata keçirilməsi üçün iqlim tədbirlərinin real iqtisadi və maliyyə islahatlarına daxil edilməsi reallığı artıq aydın görünür.
"Bakıdan Belemə olan Yol Xəritəsi" 2035-ci ilə qədər olan beş prioritet sahəni müəyyən edir və hər biri diqqət mərkəzində olan fəaliyyət nöqtələri ilə dəstəklənir: Beş Fəaliyyət Cəbhəsinə, yəni (5R)-ə daxildir: Qrantların, güzəştli maliyyələşdirmənin və aşağı xərcli kapitalın bərpası, Maliyyə sahəsinin və borc dayanıqlığının yenidən balanslaşdırılması, Transformativ özəl maliyyələşdirmənin və kapitalın əlverişli dəyərinin yenidən yönləndirilməsi, Miqyaslı iqlim portfelləri üçün potensialın və koordinasiyanın yenidən qurulması, Ədalətli kapital axınları üçün sistemlərin və strukturların yenidən formalaşdırılması. Bu Yol Xəritəsi, xüsusən də COVID-19 pandemiyasından sonra beynəlxalq maliyyə arxitekturasının islahatlarının arxasında artan qlobal impulsu əks etdirir. O, dünyanın siyasi, maliyyə, iqtisadi və sosial liderlərinin geniş ideyalarına və iştirakına əsaslanır.
Bir daha sübut olundu ki, planetimiz bizdən təcili addımlar, koordinasiyalı iş tələb edir. Bunun üçün resurslar mövcuddur. Sadəcə olaraq, tərəflər qətiyyət ortaya qoymalıdır. Mənəvi baxımdan biz özümüzdən son dərəcə böyük məsuliyyət tələb edərək bu birgə işə töhfə verməliyik. Bəşəriyyət qloballaşmanın mənfi təsirlərinə cavabını göstərdiyi məsuliyyətin miqdarı ilə verməlidir. Belemdə müəyyən fikir ayrılıqları olsa da, ölkələrdən qazıntı yanacaqlarından uzaqlaşmaq üçün birlikdə işləməyə davam etmək istiqamətində güclü ambisiyalar da gördük”.
Tahirə Qafarlı