Azərbaycan əsgəri bayraq sancıb qayıtdı - Xüsusi müxbir 

15:17 01.04.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Suriya, Livan, Sudan, Əfqanıstanın adları gələndə nə təsəvvür oyanırsa, həmin o vəziyyəti biz Qarabağda gördük

44 günlük Vətən Müharbəsində hamı Vətənin müdafiəsinə qalxdı. Hər kəs öz silahı ilə öndə olmaq istədi və Dəmir Yumruq kimi bərkiyərək düşmənin başını əzdi. O düyünlənən yumruqda Azərbaycanın cəsarətli, peşəkar jurnalistləri qələmi kənara qoyub əlinə silah aldı. Real TV-nin xüsusi müxbiri İsmayıl Yaşaroğlu kimi...

Doğum günü ərəfəsində “Həftə içi”nə müsahibə verən jurnalist həmkarımız apardığı mübarizənin “yol xəritəsi”ni cızmaqla maraqlı məsələlərə diqqət çəkib. O, bizə aldığı ən gözəl hədiyyədən danışıb.

- İsmayıl bəy, döyüşə gedən bir jurnalist, əsgər olaraq yolun haradan başladı, hansı rayonlarda oldun, ilkin təəssüratların necə idi?

- İlk dəfə Gəncə hadisələri ilə bağlı jurnalist kimi Gəncəyə ezam olundum. Sonra çəkiliş komandamızla birlikdə Tapqaraqoyunlu, Goranboy, Tərtər, Bərdə və digər rayonlarda olduq. Haradasa 10 günə yaxın müddətdə çəkilişlər apardıq. Qayıdandan sona  hazırda çalışdığım Real TV-nin rəhbərliyinə müraciət edib, könüllü olaraq döyüşlərə qatılmaq istədiyimi dedim. Bundan  sonra  könüllü olaraq səfərbərliyə müraciət elədim. Səfərbərlik qəbul eləmədi, dedi ki, jurnalistsiniz, bu sahədə fəaliyyətiniz daha önəmlidir. Sonra birbaşa Binəqədi üzrə Səfərbərlik Xidmətinin rəisinin qəbulunda oldum. Xahiş etdim ki, mənim adımı ilk gedən qrupa yazsınlar. Sağ olsun, xahişimi qəbul elədi, adımı siyahıya yazdı. Noyabr ayının 5-də mən könüllü döyüşçü kimi yollandım cəbhə bölgəsinə. Bizi, ilk növbədə, Ağcabədidəki tamamlanma mərkəzinə apardılar. Hansı ki, döyüşlər zamanı ön cəbhədə itkilər olduğu zaman, həmin bu toplama-tamamlanma mərkəzlərindən ora həmin o itkilərin yerini doldurmaq üçün döyüşçülər göndərirdilər. Daha sonra müxtəlif istiqamətlərdə bölündük, döyüşlərə qatıldıq. Bizimlə birlikdə Binəqədi Hərbi Komissarlığından 30-a yaxın yoldaşımız getmişdi. Biz Xocavənd istiqamətində döyüşlərə qatıldıq.

Müharibəni, ancaq filmlərdə görmüşdük

- Müharibəni necə təsəvvür edirdin, nə gördün?

- Döyüşlər çox ağır keçirdi. Əslində, müharibə dedikdə, biz müharibənin belə ağrılı-acılı olmasını təsəvvür eləmirdik. Bizim yaşıdlarımız müharibə görməmişdi. Müharibəni, ancaq filmlərdə görmüşdük, kitablardan oxumuşduq. Hər kəs öz xəyal dünyasına uyğun olaraq təsəvvür edirdi müharibəni...

...Noyabrın 10-da komandir o şad xəbəri bizə verdi, dedilər ki, müharibə bitib, artıq qələbə qazanmışıq. Hər kəs dərindən nəfəs aldı. Hər kəsin bir məqsədi vardı. Qarşımızdakı məqsəd Xocalının, Bərdənin, Gəncənin qisasını almaq idi. Biz nəinki Xocalının, Bərdənin, Gəncənin, həm də birinci və ikinci Qarabağ müharibəsində şəhid olan qardaşlarımızın, yaxınlarımızın qisasını aldıq.

Bəzi məqamlar var ki...

- Niyə jurnalist kimi döyüşmək istəmədin, niyə əlinə silah almaq istədin?

- Bunun bir neçə səbəbi var idi. Mənim atam Birinci Qarabağ müharibəsində iştirak edib, dayım həmin müharibədə şəhid olub, dostlarım, sinif yoldaşlarım, əsgər yoldaşlarım və hazırda birlikdə fəaliyyət göstərdiyim insanlar da Birinci Qarabağ, İkinci Qarabağ müharibəsində iştirak edib, çox böyük itkilər vermişdi. Bu, hər zaman bizim ağrılı-acılı yerimiz idi. Biz gözümüzü açandan bayraq, forma görmüşdük.

Ümumiyyətlə, döyüşlərə qatılmağımın ən son amili Gəncə hadisələri oldu. Gəncədə olarkən o ab-havanı görmək, dağılan divarlar, yer, tavan, hər bir daş, uşaqların oyuncağı, ailələrin xatirə şəkilləri və istər gecə saatlarında, istər gündüz saatlarında orada olub, o vahiməni müşahidə eləmək insanı sadəcə dəhşətə gətirirdi. Bundan sonra, artıq qərar verdim ki, belə bir qətliam, terrordan sonra jurnalist kimi yox, məhz döyüşçü kimi bu müharibədə iştirak eləməliyəm. Həmin o şəxslərin, həmin o körpələrin qisasını döyüş meydanında almalıyam. Zatən jurnalist kimi yetərincə insanlarımızı məlumatlandırırdıq. Biz informasiya müharibəsndə iştirak edirdik, amma bəzi məqamlar var ki, insan gərək qələmi mütləq silaha dəyişməyi bacarsın. Tutaq ki, mikrofon, kamera, qələm jurnalistin silahıdır, amma bəzən onu odlu silaha dəyişməyi bacarmaq lazımdır.

Azərbaycan jurnalisti həm də yaxşı vətəndaşdır

- Bir jurnalistin döyüş bölgəsindəki hazırlığını necə qiymətləndirirsən?

- İnanın ki, orada artıq insan nə jurnalist, nə müəllim, nə mühəndis olur. Öz ixtisasın qalır mülki həyatda. Formanı geyinən hər bir şəxs Azərbaycan Silahlı Qüvvələrinin əsgəridir və əsgər olaraq yuxarı komandanlığa, komandir heyətinə tabedir və əmr icraçısıdır. Biz bu formanı əynimizə geyinəndə artıq buradakı fəaliyyətimizi unudurduq. Təbii ki, ixtisasca jurnalist olduğuma görə, orada müşahidələr aparırdım. Düşünürdüm ki, burada mikrofon və kamerası ilə vaxtilə Çingiz Mustafayev, Salatın Əsgərova olub və bütün baş verən proseslərin Birinci Qarabağ müharibəsi fonundakı üzünü dünya ictimaiyyətinə çatdırıblar. Təbii ki, bizdən də İkinci Qarabağ müharibəsində iştirak edən digər jurnalistlər vardı. Bütün televiziyalardan, saytlardan həmkarlarımız durmadan informasiya axınına qoşuldular. İndiki döyüşlər Birinci Qarabağ müharibəsi döyüşlərindən çox fərqlənirdi. Bu döyüşlər daha ağır şəraitdə, daha çətin relyef üstündə və tam fərqli taktiki sxem üzərində aparılırdı.

- Bizim peşə sahiblərində “birinci çəkmək, birinci yaymaq” azarı olur. Bu müharibədə bu rəqabət özünü necə göstərirdi?

- Azərbaycan Cənubi Qafqazda İkinci Qarabağ müharibəsi dövründə yeni növ hərbi jurnalistikanı təqdim etdi. Yeni-yeni simaları kəşf etdik. Təbii ki, İlqar Mikayıloğlu kimi jurnalistlərimiz yeni sima deyillər. Onların xüsusi fəaliyyəti, hər yarım saatdan bir canlı yayımlarla, reportajlarla, yazılmış materiallarla, materialları dəqiq, ən son nöqtələrdən, yəni hadisə baş verən rayonlardan çatdırması bir daha göstərdi ki, jurnalistlərimiz çox çevik və operativ işləyirlər. Əsas - məlumatı ən birinci və ən yaxşı formada çatdırmaqdır. Bütün jurnalistlərimiz bu istiqamətdə çox yaxşı çalışdılar. Müşahidələr onu göstərirdi ki, təkcə televiziyalarda yox, saytlarda da müharibə dövründə fəaliyyət göstərən jurnalistlərimiz var imiş. Onlar təkcə İkinci Qarabağ müharibəsində yox, hətta Tovuz döyüşlərində belə özlərini göstərmişdilər. Tovuz döyüşlərində istər Real TV-nin əməkdaşları, istər digər həmkar kanallarımızdan, saytlardan, müxtəlif xəbər agentliklərindən jurnalistlər geniş və obyektiv şəkildə bu hadisələri həm Azərbaycan, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni edirdilər. Onların haqlarını itirmək olmaz.

- Media olaraq Prezidentin müsahibələri fonunda bizim dünyaya çatdırdıqlarımız çox oldu. Öz daxili internet resurslarımızda işğaldan azad olunmuş ərazilərimizlə bağlı məlumatlar azdır. Bu istiqamətdə jurnalistlərimizin öhdəsinə nə düşür, nə etməliyik?

- Dağlıq Qarabağın vaxtilə işğal altında olan 20 faiz torpaqlarının elə kəndləri var idi ki, sosial şəbəkələrdə, internetdə axtarışa vuranda adlar çıxmırdı, belə bir kəndin mövcudluğu barədə məlumat yox idi. Həmin o dediyiniz seqmentlərdə bu məlumatların yayılması cənab Prezidentin vaxtaşırı olaraq həmin kəndlərin işğaldan azad olunması barədə məlumatları verdikcə, paralel olaraq bu məlumatlar da yayılırdı. Sonradan axtarışa veriləndə o kəndlərin adları çıxırdı. Yəqin ki, xüsusi ekspertlər, yaxud o kəndləri yaxından tanıyan insanlar tərəfindən sonradan bu məlumatlar internet vasitələrinə, sosial şəbəkələrə yerləşdirildi.

O ki qaldı informasiya müharibəsində yaranmış həmin o vəziyyətlə bağlı verdiyiniz suala, yenə də yetərincə deyil. Beynəlxalq təşkilatlar, kütləvi informasiya vasitələri Azərbaycana qarşı ədalətsizliyini bir daha göstərdilər. Yenə də sağ olsun dost, qardaş ölkələr. Yenə də sağ olsun Türkiyə mətbuatı, digər ölkələrin jurnalistləri və öz jurnalistlərimiz. Onlar Azərbaycanda gedən prosesləri obyektiv şəkildə dünyaya çatdırmağa çalışırdılar. Ölkə başçısı özü də vaxtaşırı verdiyi müsahibələrdə həm də bir informasiya müharibəsi aparırdı. Ölkə başçısı həm əsgər idi, həm Baş komandan, həm hüquqşünas, həm də bir jurnalist.

- Jurnalistlər də mülki şəxslərdir. Bu mənada jurnalistlərin təhlükəsizliyinin qorunması istiqamətində müharibə zamanı müəyyən addımlar atıldı. Jurnalistlər ön cəbhəyə buraxılmadı. Belə deyilir ki, jurnalistlərimizin qaynar nöqtələrə gedilməsinə o dərəcədə icazə verilmədi. Bir çox hallarda hesab edilir ki, gedilməliydi. Buna fikrin nədir?

- Təkcə Cenevrə Konvensiyası yox, ümumiyyətlə beynəlxalq humanitar hüquq və dünya ölkələri tərəfindən, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnəmalər və konvensiyalarda qeyd olunur ki, müharibə dövründə jurnalistlərə, svillərə, uşaqlara qarşı xüsusi diqqətlə yanaşmaq lazımdır, onlar bu müharibələrdə zərər çəkməməlidirlər. Təəssüflər olsun ki, biz ikinci Qarabağ müharibəsində bunun tam əksini gördük. Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən kilometrlərlə uzaqda olan Bərdəni, Gəncəni, Tərtəri, Ağcabədini vurdular. Döyüşlər zamanı ölümlə üzbəüz olan jurnalistlərimiz vardı.

Jurnalistlərimizin qaynar nöqtələrə buraxılmaması əslində Azərbaycan dövlətinin çox uğurlu bir siyasəti idi. Xatırlayırsınızsa, o ərəfələrdə ümumiyyətlə sosial şəbəkələrə giriş də məhdudlaşdırılmışdı. Jurnalistlərimiz çəkiliş apardıqları yerlərdə həmin məkan artıq düşmənin əlinə televiziya, sosial şəbəkə vasitəsilə keçə bilərdi. Digər tərəfdən baxsaq, Birinci Qarabağ müharibəsində bizim öyrəşdiyimiz məqamlardan biri Çingiz Mustafayev və digər jurnalistlərimizin döyüş proseslərini çəkib paylaşması idi. İndiki halda döyüşlər ağır artilleriya, aviyasiyayla və minamyotlarla aparılırdı. Təbii ki, xüsusi təyinatlılarımızın, könüllülərimizin əməyini itirmək mümkün deyil, ancaq əsas döyüş prosesi uzaqdan idarə olunurdu. Belə bir şəraitdə nəinki çəkiliş aparmaq, hətta yaxın məsafədən döyüşləri müşahidə etmək qeyri-mümkün idi.

- Müharibədə sosial medianın, sosal şəbəkələrin rolunu necə dəyərləndirirsən?

- Sosial şəbəkələr müharibə dövründə özü bir təhlükə mənbəyi idi. Necə ki, döyüş sahələrində minalar olur, mənim üçün o mina sahələrindən biri də həmin o sosial şəbəkələr idi. Dövlətin atdığı ən uğurlu, ən təqdirəlayiq addımlardan biri də məhz sosial şəbəkələrin, internetin məhdudlaşdırılması oldu. Bəzən orda paylaşılan məlumatlar, yazılar, şəkil və videolar bizim özümüzə qarşı istifadə olunurdu. Ölkəmizə, dövlətimizə, əsgərimizə qarşı həm təhdid, həm təhlükə yaradırdı. Ona görə də sosial şəbəklərin fəaliyyətini qınayıram.

- İsmayıl bəy, şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olunub. Görünən odur ki, ermənilər şəhər və kəndlərimzi xarabalığa çevrib. Belə bir gündə jurnalistlərimizin üzərinə hansı öhdəliklər düşür və bu aspektdə görülən işləri necə dəyərləndirirsən?

- 30 ilə yaxın müddətdə Dağlıq Qarabağ ərazisi, işğal altında olan 20 faiz torpağımız 44 gün ərzində əsgərlərimizin və dövlətimizin uğurlu siyasəti nəticəsində azad edildi. Hansı ki,  ermənilər o yerləri ölü şəhərlərə, xarabalığa çevrib. Suriya, Livan, Sudan, Əfqanıstanın adları gələndə nə təsəvvür oyanırsa, həmin o vəziyyəti biz Qarabağda gördük.

Bu gün jurnalistlərin müharibə vaxtı qaynar nöqtələrə buraxılmasından çox danışılır. Jurnalistlərimiz bu gün həmin o çalışmanı, erməni vandalizmini ictimaiyyətə çatdırmaq, yaymaqla bağlı mübarizəni müharibədən sonra da apara bilər. İndi bilirsiz ki, müraciət edib işğaldan azad olunmuş ərazilərimizə getmək olur. Orada çəkilişlər aparıb bunu dünya ictimaiyyətinə çatdırmaq olur. Bax, jurnalistlərimizin əsas fəaliyyətini indi görmək istəyərəm. Bəzi kanallarımız, saytlarımız gedib orda müxtəif çəkilişlər edir, ancaq yetərincə deyil, sanki bu gün o qələbə ab-havasından kənarlaşmışıq. Vaxtilə Aprel döyüşlərində Lələtəpəni - strateji olsa da çox kiçik olan bu ərazini azad edəndə sanki daha yaxşı işlədik. Onda bütün dünyaya biz ordumuzun, dövlətimizin gücünü, Azərbaycan dövlətinin nəyi bacara bildiyini göstərdik. Ümid edirəm ki, jurnalistlərimiz bu istiqamətdə yaxşı çalışacaqlar. Bayaq qeyd etdiyiniz sosial şəbəkə seqmenti əslində burda özünü göstərməlidir. Sosial şəbəkələr həqiqəti dünyaya çatdırmaq üçün bir geniş platformaya çevrilməlidir.

- Müharibədən sonra jurnalist fəaliyyətin hansı istiqamətdə inkişaf edir. Müharibədən sonra hansı rayonlarımızda oldun, nələri gördün, hansı düşüncələrə daldın və nələri arzu etdin?

- ...Ağdamın Mərzili kəndində ordudan təxris olundum. Yenidən əvvəl çalışdığım Real-TV-də aparıcı müxbir kimi fəaliyət göstərirəm. İndiki fəaliyyətimiz də bir əsgər kimi davam edir. Jurnalist də dövlətinin bir əsgəridir. Ön cəbhədə əlimizdə silah olub, arxa cəbhədə qələm, mikrafon. Bundan sonrakı fəaliyyətimiz də Böyük Qayıdış konsepsiyasının  işıqlandırılması, Ermənistanın bu günə qədər törətdiyi cinayətlərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə, beynəlxalq qurumlara çatdırılmasıdır. Ümid edirik ki, tez bir zamanda həmin o ərazilər bərpa olunacaq və azərbaycanlı soydaşlarımız gözəlləşmiş Qarabağa qayıdacaq, uzun illər bu qələbənin dadını çıxaracağıq.

Döyüşə gedərkən Bakıdan çıxanda demişdim ki, ölsək şəhidik, qalsaq qazi. Ya bayraq sancıb gələcəyik, ya da bayrağa büküb gətirəcəklər. Hər ikisi fəxrdir, hər ikisi qürurludur. Şükürlər olsun ki, Azərbaycan əsgəri bayraq sancıb qayıtdı. Şəhdlərimizə, şəhid olan qardaşlarımza rəhmət diləyirəm. 30 ildən sonra ədalət bərqərar oldu. 30 ildən sonra Azərbaycan əsgəri, Azərbaycan dövləti, Azərbaycan Prezidenti verdiyi vədlərə, dediyi sözlərə əməl etdi. Öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Ümid edirik ki, yaxın zamanda soydaşlarımız həmin ərazilərə qayıdacaqlar, Böyük Qayıdış konsepsiyası uğurla yekunlaşacaq. Bu elə bir hissdir ki, bunu sözlərlə ifadə eləmək olmur, çünki müharibə ağırdır, çətindir. Müharibədən sonra çətinliklə bitən qələbə dünyanın ən gözəl unudulmaz hədiyyəsidir.

Bu gün doğum günümdür. Və bu müsahibəni sizdən doğum günü hədiyyəsi kimi qəbul edirəm.

- İsmayıl bəy, biz də “Həftə içi” kollektivi, həmkarlarınız olaraq səni ürəkdən təbrik edir, gələcək işlərində uğurlar diləyirik. Doğum günün mübarək olsun!

 

Oxunma sayı 599