"İranda baş verən son proseslər artıq sosial-iqtisadi narazılıq kontekstindən çıxaraq açıq siyasi qarşıdurma mərhələsinə keçib. Əvvəlcə iqtisadi tələblərlə başlayan etiraz aksiyaları bu gün rejimin istefası çağırışları ilə müşayiət olunur və hakimiyyətlə cəmiyyət arasında uçurumun nə qədər dərinləşdiyini açıq şəkildə göstərir. Etirazçıların artıq yalnız güzəşt deyil, siyasi dəyişiklik tələb etməsi vəziyyətin nəzarətdən çıxmaq təhlükəsini artırır. Rejimin sərt güc tətbiqi isə prosesləri daha da radikallaşdırır. Bu fondda İranda vətəndaş müharibəsi ehtimalı artıq siyasi analitiklərin gündəminə daxil olub və bu risk gözardı edilə bilməz."
Bu fikirləri Hafta.az-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev xarici vətəndaşların ölkədən cıxması kontekstində Azərbaycanın bu dəfə də sərhədlərini aça bilməsi ilə bağlı açıqlamasında deyib.
Ekspert əlavə edib ki, məhz belə bir həssas mərhələdə İrandan xarici vətəndaşların kütləvi şəkildə çıxmaq istəyi tamamilə anlaşılandır. Bu, sadəcə təhlükəsizliklə bağlı deyil, eyni zamanda ölkə daxilində sabahın qeyri-müəyyən olması ilə əlaqədardır. Belə vəziyyətlərdə region ölkələrinin davranışı xüsusi əhəmiyyət kəsb edir.
"Xatırladım ki, Azərbaycan bu cür böhranlı situasiyalarda indiyədək hər zaman humanitar məsuliyyət nümayiş etdirib. Əgər İranda vəziyyət daha da gərginləşərsə və real humanitar ehtiyac yaranarsa, hesab edirəm ki, Azərbaycanın İrandan çıxmaq istəyən xarici vətəndaşlar üçün sərhədlərini açması ehtimalı istisna olunmur. Bu, nə siyasi mövqe, nə də hansısa tərəfə dəstək anlamına gəlir. Bu, sırf humanitar və insani yanaşmadır.
Eyni zamanda vurğulamaq lazımdır ki, belə qərarlar spontan verilmir. Azərbaycanın təhlükəsizlik maraqları, regional risklər və mümkün təxribat ehtimalları diqqətlə qiymətləndirilir. Dövlət bu məsələlərdə emosiyalara yox, rasional hesablara və milli maraqlara əsaslanır. Onu da qeyd edim ki, İranda baş verənlər göstərir ki, proseslər artıq daxili problem olmaqdan çıxaraq regional təhlükəsizlik məsələsinə çevrilir. Azərbaycan isə bu mürəkkəb mərhələdə həm humanitar dəyərlərə sadiq qalmağa, həm də milli təhlükəsizliyini qorumağa qadir olan dövlət kimi mövqeyini qorumalıdır"-deyə, B.Quliyev bildirib.
Tahirə Qafarlı