Jurnalistlərimiz Qırğızıstan mediasının fəaliyyəti ilə tanış olublar

12:52 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan jurnalistləri Qırğızıstana mediatur çərçivəsində “Ala-Arça” təbiət parkını ziyarət etdikdən sonra Qırğız Respublikasının “Kabar” dövlət xəbər agentliyinin fəaliyyəti ilə tanış olublar.

Hafta.az xəbər verir ki, burada qırğız jurnalistlər azərbaycanlı həmkarlarına agentliyin tarixi və fəaliyyəti barədə məlumat veriblər. Bu gün agentlik ölkədə siyasət və iqtisadiyyatdan tutmuş mədəniyyət və idmana qədər əsas hadisələri operativ şəkildə işıqlandırır, xəbərləri altı dildə - qırğız, rus, ingilis, türk, çin və ərəb dillərində dərc edir.

Azərbaycan jurnalistlərin qonaqpərvərliklə və ənənəvi şirniyyatlarla qarşılayıblar.

Nümayəndə heyətinin növbəti dayanacağı ölkənin ən böyük televiziya və radio yayım korporasiyası - KTRK olub. Bu televiziya Qırğızıstanda ən populyar yayımçı hesab olunur, xəbər və idmandan tutmuş uşaq proqramlarına qədər bir neçə kanaldan ibarətdir. İctimaiyyətə təhsil proqramlarından tutmuş canlı musiqi şoularına qədər geniş çeşiddə proqramlar təklif olunur.

Təqdimat görüşü tanınmış qırğız ifaçılarının iştirakı ilə konsertlə başa çatıb.

Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinin səfəri Qırğız Respublikasının Prezidenti Sadır Japarovun təşəbbüsü ilə dövlət başçısının mətbuat katibi Askat Alagözov tərəfindən informasiya və humanitar sahələrdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi çərçivəsində təşkil edilib.