Səudiyyə Ərəbistanının Londonda nəşr olunan nüfuzlu “əş-Şarq əl-Avsət” qəzetində Azərbaycan mətbəxi haqqında geniş məqalə dərc edilib.
Hafta.az yazır ki, yazıda milli mətbəximizin müxtəlif təamları haqqında məlumat verilir.
Qeyd olunur ki, Azərbaycan mətbəxi hələ də qədim adətlərə və yerli məhsullara söykənir: şişdə bişirilən ətlər, ədviyyatlı düyü yeməkləri, göyərtili yastı çörəklər, əncir və nardan hazırlanan məhsullar. Dünya miqyasında tanınan Azərbaycan zəfəranı və İpək Yolu üzərindən keçən ticarət marşrutlarının təsiri ilə formalaşmış dadlar bu mətbəxi daha da zənginləşdirir.
Məqalədə ölkəmizin bölgələrinin mətbəx zənginliyi maraqlı şəkildə oxucuya çatdırılır. “İçərişəhər küçələrində “qutab” bişirən satıcıları görmək olar. Cəmi bir dəqiqəyə hazırlanan bu yastı çörək göyərti, balqabaq, pendir və ya ətlə doldurularaq sac üzərində bişirilir. İsti-isti qatıq və ya sumaqla yeyilən qutab yerli mətbəxin ən sadə, amma sevilən nümunələrindəndir,” – deyə yazıda qeyd olunur.
Daha sonra qədim Basqal “halva”sı haqqında məlumat verilir. Bildirilir ki, o, əsrlərdir əsas qida hesab olunur. Cücərdilmiş buğdadan hazırlanan, qoz, şüyüd, mixək və zərdəçal (sarıkök) qatılan bu şirniyyatın bir parçasının insanı gün boyu enerjili saxladığı deyilir.
Azərbaycan süfrəsinin ayrılmaz hissəsi olan “düşbərə” haqqında məlumatda isə onun iştaha açan yemək kimi tanındığı diqqətə çatdırılır. Sümük bulyonunda bişirilən xırda ət düşbərələri ölçüsünə baxmayaraq olduqca doyumludur.
UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınan “dolma” da milli mətbəxin simvoludur. Üzüm yarpağı, kələm və ya digər bitki yarpaqlarına doldurulan ət, düyü və göyərti qarışığı hər bölgədə fərqli dad çalarları ilə hazırlanır.
Yazıda, həmçinin kabab barədə yazılır. Qeyd olunur ki, ət əsasən yalnız duz və istiotla marinad edilir. Xüsusilə Qarabağ bölgəsinə məxsus quyruqlu quzu ətinin dadından doymaq olmur. Kababın lavaşa bükülərək təqdim edilməsi isə bu yeməyi tamamlayır.
Eyni zamanda, məqalənin oxucuları Şəki bölgəsinə məxsus “piti” və cənub bölgəsinin məşhur “ləvəngi” yeməkləri, eləcə də təndirdə hazırlanan təamlar haqqında məlumat alırlar.
Bütün bu nümunələr göstərir ki, Azərbaycan mətbəxi sadəcə yeməklər toplusu deyil – bu, tarix, coğrafiya və mədəniyyətin dadlara çevrilmiş formasıdır.