“Sülh sazişi mövzusu bu gün Cənubi Qafqaz gündəminin mərkəzində dayanan əsas strateji məsələdir. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə və son müharibədən sonra yaranan yeni reallıqlar, bölgədə sülhün təmin edilməsi üçün tarixi bir fürsət pəncərəsi açıb. Lakin bu fürsət, yalnız siyasi iradə ilə deyil, həm də tarixi məsuliyyət və real addımlarla dəyərləndirilə bilər”.
Bunu hafta.az-a siyasi şərhçi Azər Hüseynov sülh sazişi ilə bağlı Azərbaycan-Ermənistan arasında əldə olunan razılaşma kontekstində nə zaman və hansı şərtlərlə imzalanacağına dair şərhində bildirib.
A.Hüseynov qeyd edib ki, “Moody’s” kimi nüfuzlu beynəlxalq reytinq agentlikləri də məsələyə ehtiyatla yanaşır.
“Martın 13-də verdiyi bəyanatda təşkilat, iki ölkə arasında sülh sazişinin şərtləri üzrə razılığın əldə olunmasını müsbət qiymətləndirsə də, yaxın gələcəkdə dayanıqlı bir sənədin imzalanacağını gözləmədiyini bildirdi. Bu isə sadə bir xəbərdarlıq deyil - regiondakı geosiyasi qeyri-müəyyənliyin və Ermənistan daxilindəki siyasi ziddiyyətlərin ciddi əlamətidir”.
Ekspert hesab edir ki, əslində sülh müqaviləsinin bağlanması, birbaşa Ermənistanın real və məsuliyyətli mövqe sərgiləməsindən asılıdır.
“Bugünkü mərhələdə bu ölkənin konstitusiyası hələ də Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edir. Bu cür bir mətnlə masaya oturmaq, sülh prosesinə deyil, sadəcə zaman udmağa xidmət edir. Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, ilk növbədə konstitusiyasını dəyişməli, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə heç bir iddiası olmadığını açıq şəkildə bəyan etməlidir. Bundan əlavə, Türkiyə ilə münasibətlərini də eyni əsasda normallaşdırmalıdır”.
A.Hüseynov eyni zamanda qeyd edib ki, sülh müqaviləsinin imzalanması baş verərsə, müəyyən müddət üçün deyil, uzunmüddətli və dayanıqlı olmalıdır.
“Müqavilə yalnız bir kağız parçası deyil, bölgənin gələcəyini müəyyən edəcək strateji sənəddir. O, bölgədə kommunikasiya xətlərinin açılmasından tutmuş iqtisadi əməkdaşlıq platformalarının formalaşmasına qədər geniş spektri əhatə etməlidir.
Lakin bu məsələdə zaman faktoru və geosiyasi mühit də önəm daşıyır. Regionda və dünyada baş verən hadisələr - Ukrayna müharibəsi, İranın daxili vəziyyəti, Rusiya-Qərb qarşıdurması və digər faktorlar Cənubi Qafqazda sülh prosesinə bilavasitə təsir göstərir. Azərbaycan bu mürəkkəb mənzərəni dəqiq oxuyaraq, müxtəlif ssenarilər üçün daim hazır olmalıdır. Buna görə də, Bakı rəhbərliyi bu prosesi yalnız diplomatik masada deyil, eyni zamanda hərbi-siyasi strategiyalarla da müşayiət etməli və hər zaman milli maraqlara əsaslanan çevik davranış modeli sərgiləməlidir. Unudulmamalıdır ki, Cənubi Qafqazda sülh yalnız sənədlərlə deyil, reallıqla təmin olunur. Reallıq isə güc balansı, beynəlxalq dəstək və düzgün mövqe ilə formalaşır”.
A.Hüseynov arzuolunan sülh sazişinin real zəminə oturmalı olduğunu vacib sayıb. Onun fikrincə, əgər Ermənistan özündə bu cəsarəti və məsuliyyəti tapa bilsə, bölgə uzunmüddətli sabitlik dövrünə qədəm qoya bilər. Əks halda, Azərbaycan alternativ ssenarilərə hazır olduğunu dəfələrlə göstərib və bundan sonra da öz milli maraqlarını qorumaqda qərarlıdır”.