“Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur, eyni zamanda texnoloji cəhətdən ən müasir silahlara malik ölkədir. Azərbaycan dövləti müdafiə sənayesi potensialını daha da artırır. Müdafiə Sənayesi Nazirliyi 20 ildir yaranmasına baxmayaraq artıq dünya bazarına silahlar satır, dünyanın ən məşhur silah sərgilərində iştirak edir”.
Bunu Hafta.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib. Ekspert qeyd edib ki, son hərbi paradda müasir silahlar nümayiş etdirildi. Həm hava qüvvələrinə, həm quru qoşunlara, həm dəniz qüvvələrinə aid müasir texnikalar diqqəti cəlb etdi:
“Bunlar yeni nəsil silahlardır. Ölkələr öz müdafiə potensialını qorumaq üçün həm özlərinə uyğun yeni silahlar istehsal etməlidir, həm də dünyanın qabaqcıl ölkələrindən bu silahlar alınmalıdır. Azərbaycan dövlətində Avropadan, Türkiyədən, Pakistandan, İsraildən, Çindən alınan silahlar var. Eyni zamanda Azərbaycanın Pakistandan aldığı son nəsil təyyarələrin, Türkiyədən pilotsuz uçuş aparatlarının, İsraildən aldığı raket komplekslərinin, İtaliyadan aldığı silahların nümayiş etdirilməsi onu göstərdi ki, Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın və dünyanın ən güclü ordularından biridir, həm də müasir müharibə təcrübəsinə malikdir. Bu təcrübəni qardaş ölkələrlə təlimlərdə bölüşür”.
Ekspert bildirib ki, Türkiyə ilə Pakistanın bu tədbirdə öz əsgərləri ilə iştirakı və hər il keçirilən birgə təlimlər də onu deməyə əsas verir ki, bu ölkələr bir yerdə gec-tez bir ordu halında fəaliyyət göstərməyə hazır olduqlarını bəyan edəcəklər.
“Ümumiyyətlə, yaxın illərdə Turan Ordusu ideyası daha da aktuallaşır. Heç də təsadüf deyil ki, son zamanlar türk dövlətləri ölkələrinin ordularının birgə təlimlər keçirməsi, buraya Qətərin və Pakistanın da cəlb edilməsi onu deməyə əsas verir ki, NATO-dan sonra yeni bir güc mərkəzi formalaşır.Bu güc mərkəzi türk dövlətləri və İslam dövlətlərindən, əsasən türkdilli dövlətlərdən ibarət olacaq.
Azərbaycan gələcəkdə müdafiə sənayesi potensialını daha da artıracaq, müasir texnologiyalara uyğun yeni silahların çeşidləri də, istehsalı da artacaq və dünya bazarına satışı da sürətlənəcək. Dünya bazarında bir çox ölkələr, xüsusilə Ukrayna müharibəsindən sonra Rusiya silah ixracını xeyli zəiflədib. Onun yerini tutan ölkələrdən biri də Azərbaycan ola bilər”, ekspert bildirib.