Azərbaycan Ordusunda “Türkiyə modeli” - İSLAHAT

11:16 03.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dünyada və regionda cərəyan edən hərbi-siyasi proseslərin gərginləşən xətt üzrə inkişafı hər bir dövlətin təhlükəsizliyinin təminatçısı kimi, ordu quruculuğu sisteminin daha sivil və modern üslübda inkişafını tələb edən faktorlardan biri kimi dəyərləndirilir.

Müharibədən zəfərlə çıxan Azərbaycanda ordu quruculuğunun “Türkiyə modeli”nə keçidi xüsusilə diqqətlə izlənilir. Hafta.az Vətən müharibəsində qazanılan Zəfərdən keçən müddət ərzində ordu quruculuğu prosesində aparılan islahatları araşdırıb.

Şair Ramaldanov, ehtiyatda olan polkovnik:

- Şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə, başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, xalqın birliyi və dəstəyi ilə müharibədə qələbə qazanaraq işğalçı qüvvələri darmadağın etdi. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan və digər  dövlət sərhədlərində ərazilərimizin müdafiəsi ilə məşğuldur. 44 günlük müharibə Azərbaycan Ordusunun bundan sonra hansı prioritetlərə üstünlük verəcəyini, hansı islahatlar aparmalı olduğunu, öz inkişaf yolunu, yol xəritəsini necə müəyyənləşdirəcəyini bir daha ortaya qoydu. Ali Baş Komandan, artıq ordumuzun əsas istiqamətini müəyyənləşdirib və qardaş Türkiyə Ordusunun modelini seçib. Türkiyənin Silahlı Qüvvələri və ordusu böyük təcrübəyə malik, NATO-nun və dünyanın ən güclü ordularından sayılır.  Azərbaycanın 44 günlük müharibəsi XX əsrin tələblərinə cavab verən müharibə kimi qəbul olunur. Müasir hərb elminin inkişafında silahlı qüvvələrimizin qazandığı təcrübə izlənilir, öyrənilir. Azərbaycan məhz o təcrübədən irəli gələrək aparılacaq islahatların  hansı istiqamətdə inkişaf etdirilməsi ilə bağlı təhlillər aparır, artıq nəticələri görürük. Azərbaycan həmişə Türkiyə Ordusunun təcrübəsindən faydalanıb. Bizim hərbi təhsil məktəblərimiz Türkiyə hərbi kadrlarının hazırlıq proqramına yaxındır. Bununla belə, Azərbaycan Ordusunun inkişafı Türkiyə modelinə uyğun olsa da, yeni model ölkəmizin xüsusiyyətlərinə, verilən tapşırıqlara müvafiq olaraq qurulur. Bundan sonra da müharibə təcrübəsindən irəli gələrək ordu quruculuğumuzu davam etdirməyi düşünürük. Şuşa Bəyannaməsi Azərbaycan Ordusu ilə Türkiyə Ordusunun bir millət iki dövlət prinsipi ilə inkişaf etməsini, gələcəkdə bütün hüququ sənədlərin  bazasının qurulmasını nəzərə alaraq hər iki dövlətin bir-birinin marağında iştirak etməsinə yol açıb. İki  qardaş ölkənin orduları birgə fəaliyyət göstərib birgə tapşırıqlar yerinə yetirib, hədəflərə çatmaq üçün birgə təlimlər keçirirlər. Bu ölkələrin hərbi modelləri bir-birinə yaxın olmalıdır ki, tapşırıqları yerinə yetirə bilsinlər. Silahlı Qüvvələrimizin Türkiyənin ordu modelinə uyğun qurulması uğurla yerinə yetirilir və bundan sonra da bu istiqamətdə lazım olan işləri aparılacaq. Azərbaycana Ordusu Türkiyə Ordusunun kiçik bur modeli olaraq qarşıda qoyulan bütün tapşırıqları yerinə yetirmək gücündə olacaqdır”.

Elxan Şıxəliyev, hərbi ekspert

- İlk hərbi mütəxəssislər qrupu 1992-ci ildə Türkiyənin hərbi qurumlarında kurslar keçməyə göndərilib. Prezident İlham Əliyev Azərbaycanın Türkiyə modelinə keçməsi ilə bağlı yol xəritəsini müəyyən edəndən sonra Azərbaycanın silahlı qüvvələri Türkiyə modelinə keçdi praktiki olaraq sürətləndirildi. Azərbaycan Silahlı Qüvvələrinin tərkibində olan hərbi strukturların ştatlarına yenidən baxıldı və ən mühüm olan hissəsində quru qoşunlarımızın qərargahı yaradıldı. Sonrakı  mərhələdə quru qoşunlarımızın, hərbi birliklərinin tərkibində komondo briqadalarının yaradılmasına başlanıldı ki, bu da uğurlu oldu. Vətən müharibəsi sonrası aparılan incələnmə onu göstərdi ki, dağlıq ərazilərdə hərəkət, döyüş, manevr qabiliyyətini artırmaq üçün mütləq komondo briqadalarına ehtiyac olub. Komonda briqadaları hərbçilərinin döyüş hazırlığı, motoatıcı briqadaların döyüş hazırlığından bir neçə səviyyə üstün olur. 

Bizim Silahlı Qüvvələrin tərkibində 3 ədəd komonda birqadasının birbaşa sahədə yaradılmasına başlandı. Türkiyə modelinə keçid Türkiyə Silahlı Qüvvələrinin ən üst səviyyədə Azərbaycana ezam etdiyi generallar tərəfindən  mərkəzi qərargahları vasitəsilə koordinasiyasını  həyata keçirir. Azərbaycanda Silahlı Qüvvələrin Türkiyə modelinə keçidi, bütün hərbi  hissələrdə, birlik və birləşmələrdə döyüş hazırlığının yüksəldilməsinə gətirib çıxaracaq.    Qarşılıqlı mütəxəssis mübadiləsi, hərbi məktəblərin, Ali Hərbi Məktəbin, Hərbi Akademiyanın yaradılması, təlim-tədris məktəbinin yaradılması, gizirlər məktəbinin yaradılması bütün bu qurumların ştat strukturları, artıq müharibənin  başlanğıcına qədər Türkiyə hərbi modelinə keçirilmişdi. Müharibədə də silahlı qüvvələrə tətbiqinin nə qədər uğurlu olması da sahədə test edildi.  İndi Türkiyə modelinə keçidin son mərhələləri həyata keçirilir.

Silahlı Qüvvələrimizin Türkiyə modelinə keçidi gücümüzə güc qatacaq. Azərbaycan Ordusunun dünya orduları səviyyəsində 53-cü yerdə olması da təsadüfi deyil.  Bütün kriteriyalar üzrə silahlı qüvvələrimiz özünü müharibədə də test etmiş oldu.  Şuşa Bəyannaməsində Türkiyə ilə müttəfiqliyimiz hüquqi müstəviyə yansıyandan sonra, artıq 2 ölkənin müfaviq ordusu şəklində gələcəkdə sahədə də birbaşa iştirakımıza müsbət təsirini göstərəcək. Ona görə də zabit və gizirlərin Türkiyə hərbi modelini asanlıqla qavraması baxımından  diskonfort yaranmayacaq.