Azərbaycan-Özbəkistan sənədləri ikitərəfli əlaqələr baxımından mühüm rol oynayacaq

15:48 29.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır. Qeyd edək ki, hələ Sovet İttifaqı dönəmində də hər iki xalq arasında mədəni əlaqələr inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 68 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin oktyabr ayının 2-də qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu ölkəmizin dünya birliyindəki mövqeyini getdikcə möhkəmləndirir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, son illər Azərbaycanla strateji əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır. Xüsusilə də, 44 günlük müharibədə dövlət başçımızın xarici səfərləri zamanı qalib ölkənin Prezidenti kimi qarşılayırlar. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı da bir daha bunun şahidi olduq. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 21-22-də Özbəkistana tarixi dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafı üçün çox əhəmiyyətlidir və gələcəkdə böyük nəticələrin olacağını təsdiqləyir.

Azərbaycan Prezidenti İlham Əliyev görüşü zamanı bu münasibətlərin ərazi bütölüyümüzü bərpa edərkən Özbəkistan xalqının dəstəyini xüsusi qeyd edərək bildirdi ki, bu iki dost, qardaşlıq münasibətlərin irəli gəlir: "Bu gün mən biz ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etmək istərdim. Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq".

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də vurğulayıb ki, Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır: "Ölkələrimizi ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir ki, bu barədə bu gün biz məhdud tərkibdə keçirilən görüşdə çox ətraflı danışdıq. Biz Azərbaycanın sanballı uğurlarına Özbəkistanda həmişə ürəkdən sevinirik. Bu gün Sizin əldə etdiyiniz nailiyyətlər bütün dünyada tanınır".

Həmçinin, səfər zamanı ən mühüm və tarixi hadisələrdən biri də Daşkənddə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan meydanın açılış mərasiminin keçirilməsi oldu. Prezident İlham Əliyev iyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışında çıxış edərkən ulu öndərin Azərbaycan-Özbəkistan münasibətlərinin dərinləşməsindəki fəaliyyətini yüksək dəyərləndirərək, deyib: "Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir. Səfər pandemiya ilə əlaqədar təxirə salınmışdı. Həmçinin onu diqqətlə hazırlamaq lazım idi ki, qardaşım Şavkat Miromonoviçin dediyi kimi, sıçrayış edək. Fikrimcə, bu, həqiqətən sıçrayış xarakterli səfərdir. Çünki müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq”.

Həmçinin, Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində 21 iyun 2022-ci il tarixində 20-yə yaxın sənədin, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamənin imzalanması ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsası qoyuldu. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Siyasi Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii ki, qarşılıqlı dəstək də olacaq - həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu da olacaq. Ona görə ki, bundan ötrü siyasi iradə var”.

Bir sözlə, Azərbaycan Prezident İlham Əliyevin Özbəkistana səfəri səfər çərçivəsində ölkələr arasında müxtəlif sahələr üzrə saziş və sənədlərin imzalanması iki ölkə arasındakı dostluq və həmrəylik münasibətlərinin dünyaya nümayişi olmaqla yanaşı, ikitərəfli əlaqələrin daha da inkişafı baxımından mühüm rol oynayacaq.

MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Oxunma sayı 28
Siyasət rubrikasından digər xəbərlər