“Rusiya ilə Ukrayna arasında gərginliyin artması fonunda Rusiya Avropaya qaz ixracını tamamilə dayandıra bilməz. Sadəcə olaraq, 14 faiz azaldılması ilə bağlı bir qərar verilib. Buna görə də Avropa İttifaqı bu ehtiyacı qarşılamaq üçün Azərbaycanla danışıqların aparılması məqsədilə müəyyən addımlar atıb və onların Bakıya səfəri kimi bir məsələ gündəmdədir”. Bunu hafta.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, Azərbaycan qazının satılması ilə bağlı heç bir problem yoxdur: “Azərbaycan bu fürsətdən yararlanacaq demək bir o qədər də düzgün olmazdı. Çünki Azərbaycan qazının satılması ilə bağlı heç bir problem yoxdur. Sadəcə bahalı bazar olaraq qazını sata bilər və bu ölkəmizə siyasi divident qazandırmış olar. Yəni, Avropaya Azərbaycan qazı onsuz da satılır.Yeni vəziyyət isə Azərbaycanın nüfuzuna müsbət təsirlər edər. Çünki faktiki olaraq bugünkü reallıq ondan ibarətdir ki, Avropa darda, enerji təhlükəsizliyi təhdid altında olduğu zaman və Rusiya bundan Avropaya qarşı təhdid vasitəsi kimi etdiyi zaman Azərbaycan Avropanın müraciəti ilə bu qarşılığı ödəməklə bağlı bir addım ata bilər. Təbii olaraq bu da Azərbaycanın mövqeyini Avropa qarşısında gücləndirmiş olacaq”.
Eldəniz Əmirov onu da vurğulayıb ki, Azərbaycanın mövcud qaz ehtiyatları əsasən ”Şahdəniz” yatağındadır: “Ümumilikdə bu yataqda 1,2 trilyon kubmetr qaz ehtiyatı qiymətləndirilib. 240 milyon ton isə ümumi kondensat ehtiyatları dəyərləndiriilib. Avropaya qaz bilavasitə Cənub Qaz Dəhlizi vasitəsilə çatdırılır. Bu dəhlizlə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Cənubi Qafqaz Qaz Boru Kəmərindən (CQBK) TANAP-a ötürülməklə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ixrac edilir.TAP- ın hazırda gücü 10 milyard kubmetrdir. Amma potensial olaraq onun 20 milyarda qədər artırılmaq imkanı var. Eləcə də TAP-a gedən qaz TANAP-dan keçir. TANAP-ın da mövcud ötürücülüyü 16 milyard kubmetrdir və onu da 30 milyard kubmetrə qədər genişləndirmək mümkündür. Başqa sözlə, həm infrastruktur, həm də mövcud ehtiyatlar imkan verir ki, qaz ixracını artıraq. Amma bunun hansı formada, hansı həcmdə olacağı məsələsi düşünürəm ki, hökümətin verəcəyi bir qərardır”.