Azərbaycan sərhəd məsələsində güzəştə getməyəcək - Politoloq

11:20 25.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya ilə Qərb Cənubi Qafqazda dominantlığı təmin etmək üçün ciddi rəqabət aparır. Rusiya Cənubi Qafqazı özünün “arxa bağçası” hesab edir.

Bu fikirləri hafta.az-a politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, hələ Valday konfransında çıxış edən Putin bildirmişdi ki, Azərbaycan və Ermənistanla birlikdə sərhərdərin demarkasiya və delimitasiyasını, kommunikasiyaların açılması məsələlərini məhz Rusiyanın moderatorluğu ilə həll edəcəklər. Üçüncü tərəfin prosesə qoşulmasına ehtiyac yoxdur:

"Bundan əvvəl noyabrın 9-na təyin olunan üçtərəfli görüşün baş tutmama səbəbinə gəldikdə isə, bir gözü Qərbdə olan Paşinyan həmin görüşü faktiki boykot etdi və Qərb dövlətləri ilə danışıqlar apardı. Nəticədə Paşinyan Fransanın, eləcə də Avropa Birliyi Şurasının prezidenti milliyyətcə fransız Şarl Mişelin köməkliyi ilə İlham Əliyevlə görüşün təşkilinə çalışdı və buna nail oldular. Azərbaycan Prezidentinin razı salınmasında Avropa Şurasının prezidenti dəridən-qabıqdan çıxdı. Bundan sonra bu təşəbbüslərinə görə Rusiyanın Paşinyanı sıxan telefon zəngləri öz nəticəsini verdi. Putin dekabrın 15-nə nəzərdə tutulan Brüssel görüşünü qabaqlayaraq noyabrın 26-na Soçi görüşünü təyin elədi. Soçidə qeyd etdiyiniz məsələlərlə yanaşı, Paşinyanın “anklav ərazilər” məsələsini də qaldırmasını istisna deyil. Paşinyan Zəngəzurdan açılan yolda gömrük postu qoyacağını önə çəkib. Dəmiryolunda gömrüyün qurulmasından söz gedirsə, Azərbaycan qətiyyən buna razı ola bilməz. Naxçıvana gedən qatarın Ermənistan ərazisində yoxlanılmasına heç bir ehtiyac yoxdur. Anklav ərazilər məsələsində də ciddi qarşıdurmalar yarana bilər. Görüşdə Azərbaycan üçün ən mühüm məsələ olan sülh sazişinin imzalanması ehtimalı çox azdır. Biz güman edirdik ki, saziş bu ilin sonlarına doğru imzalana bilər. Belə görünür ki, proses uzanır. Bütün hallarda danışıqlar prosesinin təzələnməsi müsbətdir. Azərbaycan sərhəd xətlərinin müəyyənləşməsi məsələsində heç kəsə güzəştə getməyəcək".