“Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Prezident İlham Əliyevin iştirakı Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, bu təşkilat iqtisadi baxımdan ən böyük qurumlardan biridir. Təşkilatda Çin, Rusiya kimi nəhəng ölkələr təmsil olunurlar. Bu təşkilatda təmsil olunan ölkələr Azərbaycanın potensialını qiymətləndirirlər. Xüsusən də Çin iqtisadi baxımdan çox böyük bir güc mərkəzidir”. Bunu hafta.az-a açıqlamasında iqtisadçı professor Əli Əlirzayev bildirib.
Professor qeyd edib ki, Azərbaycanın tranzit ölkə olaraq şərqlə qərbin arasında yerləşməsi digər ölkələrin diqqətini cəlb edir: “Azərbaycan tranzit ölkə olaraq yüksək potensiala malikdir. Ölkəmiz bir çox beynəlxalq əhəmiyyətli layihələrdə çox önəmli rol oynayır. Artıq neçə illərdir Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyət göstərir. Yaxın perspektivdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması da qaçılmazdır. Bütün bunlar təbii ki, Azərbaycanın önəmini daha da artırır. Bu mənada Azərbaycanın ŞƏT-də iştirakı böyük tranzit-nəqliyyat layihələrinin işə düşməsinə təkan verəcək. Bu da ölkəmizin nəinki regionda, dünyada əhəmiyyətini daha da artıracaq. Şərqlə Qərb arasında iqtisadi-ticarət əlaqələri daha da genişlənəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan Şərqlə Qərb və Şimalla Cənub arasında mühüm logistika mərkəzi statusuna malikdir. Bütün bunlar nəticə etibarilə ölkədən daşınan yüklərin həcminin artmasına səbəb olacaq ki, bu da Azərbaycan iqtisadiyyatının bir neçə dəfə böyüməsinə gətirib çıxaracaq”.