“Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, dönməzdir” - RƏY

18:44 15.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 
“Azərbaycan və Türkiyə arasındakı münasibətlər tək iki ölkə arasındakı əlaqələr yox, həm də iki qardaş xalq arasındakı sarsılmaz bağlar kimi xarakterizə edilməlidir. Müstəqilliyimizin ilk illərindən etibarən hər iki ölkə qarşılıqlı şəkildə ictimai-siyasi həyatlarında baş verən ən önəmli hadisələrə ilk reaksiya verən, dəstək nümayiş etdirən dövlət olur. Budəfəki zəlzələ də istisna deyil”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, minlərlə insanın həyatına son qoyan, bütöv şəhərləri yer üzündən silən bu dəhşətli faciə ilə bağlı Türkiyə dövlətinin, xalqının ilk harayına yetişən də Azərbaycan oldu: “Artıq zəlzələnin ilk saatlarından etibarən Prezident İlham Əliyevin göstərişi ilə yüzlərlə Azərbaycan xilasedicisi qardaş ölkəyə yola salındı. Xilasetmə əməliyyatlarına başladı. Növbəti günlərdə isə sıravi vətəndaşlardan tutmuş, ictimai-siyasi təşkilatlara, müxtəlif dövlət qurumlarına qədər hər kəs faciədən zərər çəkən türk xalqına əlindən gələn yardımı etməyə başladı. Yardım kampaniyası bu gün də davam edir. Necə ki, Vətən müharibəsində Türkiyə həm dövlət, həm xalq olaraq Azərbaycanın yanında idi, bu gün də qardaş ölkənin ağır zamanlarda Azərbaycan rəhbərliyi, xalqı da bir nəfər kimi Türkiyənin yanındadır. Əgər açıqlanan siyahılara nəzər salsaq görərik ki, zəlzələ bölgəsində xilasetmə qrupları göndərən ölkələr arasında da həm vaxt, həm say etibarı ilə Azərbaycan birinci yerdədir. Bundan əvvəl baş vermiş meşə yanğınları, Ərzurum zəlzələsi və daha neçə-neçə faciəvi olaylarda Türkiyənin yarasını sarımağa necə yardım etdiksə, budəfəki faciənin nəticələrinin aradan qaldırılmasında da eyni yanaşma ortaya qoyuruq. Bütün bunlar dünyaya bir daha göstərdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, dönməzdir”.

Siyasət rubrikasından digər xəbərlər