Azərbaycan vəziyyəti düzgün dəyərləndirdi - Akif Nağı

12:06 27.05.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Azad Vətən” partiyasının sədri Akif Nağı ilə hafta.az üçün budəfəki söhbətimizdə payızda Milli Məclisə gözlənilən seçkilərə hazırlıq prosesi, İran Prezidentinin və dövlətin digər rəsmilərinin helikopter qəzasında həlak olmasından sonra bu ölkənin daxili və xarici siyasətində, o cümlədən Azərbaycana münasibətində mümkün dəyişikliklər, Putinin Pekində Çin lideri Si Cinpinlə son görüşünün nəticələri və onun dünyadakı, həmçinin Ukrayna və Cənubi Qafqazdakı proseslərə təsirləri, Gürcüstanda kütləvi xalq etirazları ilə müşayiət olunan son olaylar və s. haqda danışdıq.

– Partiyanız və şəxsən özünüz payızda keçirilməsi gözlənilən parlament seçkilərinə necə hazırlaşırsınız?

– Partiyamız bütün istiqamətlərdə seçkilərə hazırlaşır. Zatən, partiyanın fəaliyyətinin əsas hissəsi seçkilərlə bağlıdır. Biz də bu formulu fəaliyyətimizdə rəhbər tuturuq. Konkret olaraq müxtəlif dairələrdə şanslarımızı nəzərdə keçirir, qalib gələ biləcəyimiz dairələri təxmini olsa da müəyyənləşdirir, namizədlərimizin siyahısını dəqiqləşdirir, əsas şüarlarımızı seçir və digər işləri həyata keçiririk. Prezident seçkiləri zamanı Seçki Qərargahı yaratmışdıq. Hazırda  həmin qərargahın tərkibini yeniləyir, genişləndiririk...

– Necə hesab edirsiniz, ümumiyyətlə, Milli Məclisə növbəti seçkilər ölkəmizin daxili ictimai-siyasi həyatında hansısa ciddi dəyişikliklərə səbəb olacaqmı?

– Növbəti parlament seçkilərinin ciddi ictimai-siyasi hadisə olacağına, siyasi sistemin inkişafına əlavə təkan verəcəyinə inanırıq. Son prezident seçkiləri kimi, bu da ərazi bütövlüyümüzün bərpa olunduğu şəraitdə ilk parlament seçkiləri olacaq... İnanırıq ki, parlamentin tərkibi ciddi şəkildə yenilənəcək.

– İran Prezidentinin və dövlət digər rəsmilərinin helikopter qəzasında həlak olmasından sonra bu ölkənin daxili və xarici siyasətində, o cümlədən Azərbaycana münasibətində hansısa dəyişikliklər gözlənilirmi?

– İranın dövlət rəhbərlərinin qəzada faciəli şəkildə həlak olmasına çox təəssüf edir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, doğma və yaxınlarına başsağlığı veririk. Bütün dünyada olduğu kimi, İranda da icraedici orqanlarda çalışanların dövlətin daxili və xarici siyasətinin müəyyənləşdirilməsində ciddi rolu olmur. Prezident İbrahim Rəisi və digərləri rəhbərliyin qəbul etdiyi qərarları yerinə yetirirdi. Ona görə də İranın daxili və xarici siyasətində ciddi dəyişikliklər gözlənilmir. Ali dini rəhbərin komanda üzvlərinin həyatdan getməsi baxımından bu olay bir qədər təsirli ola bilər. Belə ki, ali rəhbər Prezident Rəisi və digərlərini seçib komandasını formalaşdırmışdı. Yeniləri onların yerini doldura biləcəkmi, demək çətindi...

Xarici siyasətdə də İranın ali rəhbərinin xətti davam etdiriləcək. Azərbaycanla münasibətlər də, böyük ehtimalla, yüksələn xətlə davam edəcək. Son dövrdə münasibətlərdəki istiləşmə hər iki tərəfin maraqlarına cavab verirdi və  yəqin ki, bu xətt davam etdiriləcək...

– Putinin Pekində Çin lideri Si Cinpinlə son görüşünün nəticələrini və onun dünyadakı, həmçinin Ukrayna və Cənubi Qafqazdakı proseslərə mümkün təsirlərini necə dəyərləndirərdiniz?

– Rusiya ilə Çin açıq şəkildə müttəfiqlik nümayiş etdirirlər. Seçkilərdən sonra qarşılıqlı ilk səfərlərlə də bu münasibət özünü aydın şəkildə göstərdi. Çin yüksələn xətlə inkişaf edir, Rusiya isə həmin ölkənin rəhbərlərinə bu yüksəlişi davam etdirmək üçün lazımdır. Çin Rusiyanın böyük, geniş xammal, enerji daşıyıcıları və sair resurslarından yararlanır. Rusiya siyasi və iqtisadi cəhətdən eniş, bəlkə də iflas dövrünü yaşayır. Odur ki, bu ölkənin rəhbərləri Çinlə bir yerdə olmaqla bu prosesi ləngitməyə çalışırlar. Həm də hər ikisi ABŞ təhlükəsi ilə üz-üzədirlər. Ona görə də hələlik bir yerdə olacaqlar...

Çin-Rusiya yaxınlaşmasının dünyada gedən proseslərə, o cümlədən Cənubi Qafqaza müəyyən təsiri ola bilər, amma  o qədər də ciddi təsir edəcəyi inandırıcı deyil...

– Gürcüstandakı proseslərin sonunu necə görürsünüz? Kütləvi xalq etirazlarına rəğmən xarici agentlər haqqında qanun qəbul edildi. Lakin qarşıda - oktyabrda parlament seçkiləri var… Bu da xalqa, müxalifətə yeni şans verir. Bir sözlə, sizcə, bu minvalla Gürcüstan Rusiyanın caynağından qurtulub Avropaya doğru yolunu davam etdirə biləcəkmi?

– Gürcüstan çətin seçim qarşısındadır. Bir tərəfdən, vaxtilə Rusiya ilə sərt qarşıdurmaya getdilər və ərazilərinin bir hissəsini itirdilər. Digər tərəfdən, Avropa verdiyi vədlərə əməl etmir, Avrointeqrasiya gürcülərə bir şey vermədi, ərazi bütövlüyü bərpa olunmadı. İndi Tiflis Avropa məcrasına o ümidlə qayıtmaq istəyir ki, ərazilərini qaytarsın. Qaytara biləcəkmi, aydın deyil. Avropa da belə görünür ki, Gürcüstanı ərazi itkiləri ilə öz ailəsinə qəbul etmək istəyir. Gürcülər bu iki seçim arasındadırlar...

 Avropa tərəfdarları, həm də iqtisadi maraqlarla hərəkət edirlər. Etiraz edən kəsimin əksəriyyəti Avropa və bütövlükdə, Qərb fondlarından maddi cəhətdən asılıdırlar. Bu cür asılılıq isə yaxşı hal deyil, dövlətin müstəqilliyinə öldürücü təsir göstərə bilər. Etirazçılar Avropa dəyərlərindən daha çox maddi maraqlarını müdafiə edirlər. Bu da onların çıxışlarını davamlı edir. Avropa da onlara ciddi dəstək verir.  Ona görə də hərəkat yüksələn xətlə davam edir. Hiss olunur ki, hərəkat artıq kulminasiya nöqtəsinə çatıb və indi enmə mərhələsi başlayıb. Hakimiyyət bir qədər davam gətirsə, etirazlar səngiyəcək. Mən gürcülərin daxili işlərinə müdaxilə etməkdən uzağam, lakin bizim üçün də aktual olan bir məqamı qeyd etmək istəyirəm; milli, dövlət maraqları hər şeydən, o cümlədən “Avropa dəyərləri” deyilənlərdən üstün  tutulmalıdır. Bu düstur bütün dövrlər və şəraitlər üçün keçərlidir...

– Deyirsiniz ki, Avropaya inteqrasiya cəhdləri Gürcüstana heç nə vermədi, Qərb öz vədlərini yerinə yetirmədi, ölkənin ərazi bütövlüyü bərpa olunmadı və s. Bəlkə Qərb, ABŞ və ya Avropa hansısa postsovet ölkəsi kimi Gürcüstanda da verdiyi vədləri yerinə yetirməyə çalışsa da, buna regionda hələ də güclü dayaqlara malik olan Rusiya əngəl törədir? Vaxtilə, yəni 2020-ci ilin 44 günlük savaşınadək keçən onilliklərdə Azərbaycanda da, xüsusən Qarabağın azad edilməsi məsələsində oxşar proseslərin şahidi olmuşuq...

– Rusiyanın regionda siyasi, hərbi, ideoloji baxımdan elə də güclü dayaqları, tərəfdarları yoxdur. Rusiya kobud hərbi güc amilidir, istənilən vaxt heç kəsin gözləmədiyi fəlakətli addımlar ata bilər. Hələ Almaniya rəhbəri Bismark deyirdi ki, Rusiya ilə zarafat etməyin, ağlasığmayan axmaqlıqla cavab verə bilər. Bu gün vəziyyət o qədər də dəyişməyib. Avropa bunu bilir və Rusiya ilə açıq qarşıdurmadan çəkinir. Vaxtaşırı regionun bəzi "ağıllı" liderlərini "əjdahanın ağzına atır" və kənardan durub tamaşa edir. Bununla, bir tərəfdən, azdan-çoxdan Rusiyanln zəifləməsinə nail olmağa çalışır, digər tərəfdən, yoxlayır ki, görək nə qədər gücü qalıb. Kobud da olsa, Avropa-Rusiya çəkişmələrini bu şəkildə təsvir etmək olar. Şükürlər olsun,  Azərbaycan vəziyyəti düzgün dəyərləndirib, kimlərinsə maraqlarının alətinə çevrilmədi, bizi alət etmək istəyənlərin özlərindən alət kimi istifadə edə bildik...

– Necə düşünürsünüz, Azərbaycan daxilində ölkəmizin müstəqilliyini xor baxan, onu yenidən Rusiyanın birbaşa idarəçiliyinə yönəltmək istəyən qüvvələr varmı?

– İndi bizdə elə qüvvələr yox dərəcəsindədir. Başa düşürlər ki, Azərbaycanın müstəqilliyi dönməz xarakter alıb. Dövlətimizin dayaqları möhkəmdir , müstəqilliyimizin aşiqləri isə daha çox, milyonlarladır...

Oxunma sayı 204