Azərbaycanlı alim kardiocərrahiyyə dərsliyinin müəlliflərindən biridir

13:55 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə ürək-damar cərrahiyyəsi sahəsinin ən geniş akademik mənbələrindən biri olan üç cildlik “Kalp ve damar cerrahisi” kitabı nəşr edilib.

Hafta.az xəbər verir ki, ürək-damar cərrahiyyəsinin müxtəlif istiqamətlərini əhatə edən kitabda Azərbaycan tibb elmi də təmsil olunub. Belə ki, ürək-damar cərrahı professor, dr. Kamran Musayev kitabın “Abdominal və torakoabdominal aort anevrizmalarında cərrahi və endovaskülyar müdaxilə” adlı bölümünün müəllifi olaraq layihədə iştirak edib.

Torakoabdominal aorta anevrizmaları ürək-damar cərrahiyyəsinin ən mürəkkəb sahələrindən biri hesab olunur. Bu patologiyaların müalicəsi açıq cərrahiyyə, endovaskulyar texnologiyalar, orqan qoruma strategiyaları və multidissiplinar yanaşma tələb edir. Bölümdə abdominal və torakoabdominal aorta anevrizmalarının müasir diaqnostikası, cərrahi və endovaskulyar müalicə prinsipləri, eləcə də dünya təcrübəsində qəbul olunan yanaşmalar təqdim edilib.

Qeyd edək ki, kitab ürək-damar cərrahları, rezidentlər və bu sahə üzrə çalışan mütəxəssislər üçün elmi mənbə kimi hazırlanıb.