Azərbaycanda Ailə Məhkəmələri yaradılacaq?

12:47 20.11.2025
Yazını böyüt
Yazını kiçilt

“Ölkəmizdə ildən ilə sürətlə artan boşanmalar gələcəkdə dövlətimizin milli təhlükəsizlik konsepsiyasının tərkibi olan demoqrafiq təhlükəsizliklə, uşaq pulu, aliment və ailədə uşaqların psixoloji sağlamlığı və tərbiyəsi ilə bağlı da bir sıra problemlər yaradır. Bu isə son nəticədə ciddi maliyyə tutumlu yeni sosial proqram və ya strategiyaların hazırlanmasını zəruri edir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü büdcə müzakirəsində deputat Məlahət İbrahimqızı qeyd edib.

"Demokratik və inkişaf etmiş ölkələrin əksəriyyətində, hətta qardaş Türkiyədə Mediasiya İnstutları ilə bərabər Ailə məhkəmələri də fəaliyyət göstərir. Ailə məhkəmələrinin strukturunda hakim, psixoloq, sosial işçi, pedaqoq, vəkil kimi ştatlar da var. Ailə Məhkəmələrin əsas vəzifələri və məqsədi heç də boşanma ilə müraciət etmiş tərəflərin nigahına xitam vermək deyil, ailənin bərpası, ailə mübahisələrinin və ailədaxili şiddətin aradan qaldırılması, uşaqların psixoloji qorunması və o cümlədən maarifləndirici istiqamətlərdə fəaliyyət göstərməkdir.

Məlumdur ki, bugün dünyanın hətta ən demokratik və inkişaf etmiş ölkələrində, eləcə də Azərbaycanda hakim, hüquqşunas və vəkil çatışmamazlığı ciddi problemdir. Bu mənada məhkəmələrdə hakimlərin ağır iş yükü səbəbindən bir çox hallarda ailə mübahisələri və ya boşanma müraciətləri ilə bağlı bir növ tələsik qərarlar verilir", deputat bildirib.

M.İbrahimqızı ölkəmizdə ildən-ilə sürətlə artan və Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin hesabatlarında əks etdirilmiş boşanan ailələrin nigaha gedən ailələrin təxminən 50%-ini təşkil etməsini xüsusi narahatlıqla önə çəkib. Qeyd edib ki, son üç ilin mənzərəsi çox düşündürücüdür:

“Bugünkü iclasda Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərlərinin iştirakını nəzərə alaraq onlara sual vermək istəyirəm - Sürətlə artan boşanmaların qarşısının alınması, eləcə də Ailə İnstitutunun qorunması məqsədilə hansısa birgə proqram və strategiyanın hazırlanması gündəmdədirmi; ⁠Boşanmaların sürətlə artma səbəbləri akademik səviyyədə araşdırılıb, öyrənilirmi; Ailə İnstutunun qorunması və möhkəmləndirilməsi məqsədilə yaxın gələcəkdə ölkəmizdə də Ailə Məhkəmələrinin yaradılması ilə bağlı hansısa addımların atılacağı gözlənilirmi”.

Tahirə Qafarlı