Azərbaycanda karavan turizmi – Müzakirə

11:48 23.06.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Səyahət çantasını hazırlayıb, “Ayağım hara, başım da ora” ifadəsi ilə yola çıxmaq, şəhərin səs-küyündən uzaqlaşıb təbiətlə iç-içə zaman keçirmək, yəqin ki, bu günlərdə çoxlarının arzusudur. Belə plansız-proqramsız tətil imkanını sizlərə karavanlarla yolçuluq etmək yaradır. Amma...

Hazırda inkişaf etmiş ölkələrin vətəndaşlarının daha çox üstünlük verdiyi bu səyahət vasitəsi ölkəmizdə elə də populyar deyil. Bu səbəbdən, yerli turizmdə karavanlardan istifadə qaydalarının standart formalara rast gəlinmir. Nəzərinizə çatdıraq ki, karavanlar – həyati funksiyaları minimum səviyyədə yerinə yetirə bilən, motorlu nəqliyyat vasitələrinə uyğun çarpayı, mətbəx, duş, tualet və oturacaqlarla təchiz edilmiş yaşayış yerləridir.

Daha əvvəl elan saytlarına yerləşdirilmiş məlumatdan aydın olur ki, karavan kirayələyərək tətilə çıxmaq otellərdə gecələməkdən bir xeyli ucuz başa gəlir. Misal üçün, rastlaşdığımız bir elanı diqqətinizə çatdıraq: “İçində yaşamaq üçün hər cür şəraiti olan 3 nəfərlik karavanın 15 günlük icarə qiyməti 450 manatdır”.

Bəs görəsən, karavanlar Azərbaycana daha çox hansı ölkələrdən gətirilir və onların birgünlük icarəhaqqı nə qədərdir?

Bu barədə hafta.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirdi ki, hazırda bizdə karavanla istirahət etmək üsulu kütləvilik almayıb. Ona görə də ölkəmizdə xaricdən karavanların gətirilməsi, onların icarəyə verilməsi və digər məsələlər aktual deyil:

“Hazırda ölkəmizdə inkişaf nə çox irəlidir, nə də geri. Ortasəviyyəli inkişaf etmiş ölkələrə isə bəzi şeylər gec gələ bilir. Buna karavanları da misal çəkə bilərik. Hər hansı bir anlayışın, yaxud da müəyyən vasitənin ölkəyə gətirilməsi və kütləviləşməsi üçün gərək ona tələbat olsun. İndi Azərbaycanda karavanlar çox az saydadır. Bunlar da daha çox şəxsi istifadə üçün hazırlananlar və ya gətirilənlərdir. Ona görə də az sayda olan karavanların icarə qiymətləri və bu kimi digər məsələlər standart şəkildə formalaşmayıb”.

Turizm eksperti Ceyhun Aşurov isə hesab edir ki, sahibkarların karavan alıb turizm bazarına çıxarmaları onlara yüksək gəlir vəd etmədiyindən, bu sahəyə maraqlarının olmamasına gətirib çıxarır:

“Karavanla səyahət, turizmin ayrıca növüdür. Bu vasitə karavanın neçə günlük kirayələnməsindən asılı olaraq otel qiymətlərindən daha ucuz başa gəlir. Uzun səfərlərdə karavanla səyahət olduqca faydalıdır. Azərbaycanda karavan turizminin inkişaf etdirilməsi üçün bir neçə dəfə cəhdlər edilib. Hazırda ayrı-ayrı şəxslərdə karavan var, ancaq istifadəsi elə də yayqın deyil. Bu səbəbdən, xaricdən ölkəyə karavan gətirilməsi, buna çəkilən xərc və daha sonra onun icarəyə verilməsi  haqqında məlumatım yoxdur. Düşünürəm, karavan alıb, onu yalnız yaz-yay, yaxud payız mövsümündə icarəyə vermək rentabelli deyil. Səyahətlərdə karavanların istifadəsi turizm növlərinin çeşidlənməsi baxımından çox gözəl fürsətdir”.

Ekspert hesab edir ki, ölkəmizin təbiəti karavanla istirahət üçün əlverişli olduğundan, onların turizm bazarına çıxarılması turizmin inkişafına böyük təkan verər. Bunun üçün dövlət müəyyən təşviq siyasəti yürütməlidir:

“Bəzi şirkətlər regionlarda, təbiətin qoynunda karavan yox vaqontipli evlər tikərək turistlərin ixtiyarına verir. Təbii ki, karavanların üstünlüyü, belə vaqontipli evlərdən daha çoxdur. Hesab edirəm, karavanların məsrəfi çox olduğundan, hələlik sahibkarlar bu vasitədən istifadə etmirlər. Fikrimcə sahibkarların bu işdə daha çox maraqlı olmaları üçün, dövlət tərəfindən müəyyən təşfiq proqramları həyata keçirilməlidir. Ölkəmizdə karavanla istirahətin əlçatanlığı turizmçilik baxımdan olduqca səmərəlidir”.

Qeyd edək ki, XIX əsrin sonlarında sirk işçilərinin gecələməsi üçün nəzərdə tutulmuş karvanlardan sonralar Avropada yaşayan qaraçılar istifadə etməyə başladılar. Hazırda isə bir sıra ölkələrdə bu nəqliyyat növü istirahətin əvəzsiz üsuluna çevrilib.

ABŞ hazırda da bütün dünya arenasında karavan turizmin ən yüksək səviyyədə inkişaf etdiyi ölkə sayılır.

Müasir zamanımızda Avropalılar kempinq və karavan kimi ünsürlərlə əlaqədar olaraq 10,8 milyon gecələmə hissəsi ayırmışdır. Bu Avropanın ən geniş turistik sahəsi sayılır və adi turizm biznesinə ayrılan 8,7 milyon yer deməkdir. Hazırda Almaniyada 5,2 milyon şəxs karavanlarla və onların kolleqaları olan 1,1 milyon şəxs bu turizm növünə xarici ölkələrdən axın edərək qatılırlar.

Oxunma sayı 271