Bu gün Azərbaycanda polyak memarlıq irsinin təbliğinə həsr olunmuş "Polşa - Azərbaycan birgə təşəbbüsü"nün təqdimatı olub.
Hafta.az-ın yazdığına görə, tədbirdə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Floruan Zenqstşmid iştirak ediblər.
Çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva deyib ki, Azərbaycanla Polşa arasında əlaqələr 30 ildir ki, müsbət məcrada inkişaf edir. "Əslində münasibətlərin tarixi 13-cü əsrədək uzanır. O vaxt Uzun Həsənlə Polşa kralı arasında yaxşı əlaqələr olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə də əlaqələrimiz yüksək səviyyədə olub. Bunun ən bariz nümunəsi Polşada yaradılmış sülh abidəsidir. 2013-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən açılışı keçirilən bu abidə ikili əlaqələrimizdə mühüm rol oynayır" deyən nazir müavini qeyd edib ki, bu gün Azərbaycandakı polyak memarlarının ərsəyə gətirdiyi 25-dən çox arxitekturalı bina ölkəmizdə Polşa irsini yaşatmaqdadır. "Mədəniyyət sahəsində görülən ən xırda işin də əhəmiyyəti böyükdür və biz bu müstəvidə hər cür əməkdaşlığa hazırıq", - deyıb S.Məmmədəliyeva.

Nazir müavininin sözlərinə görə, Polşadan ölkəmizə gələn polyak turistlər bu arxitekturalı tikililəri görəcəklər və vətənlərinə dönəndən sonra onların barəsində təəssüratlarını bölüşəcəklər. Məruzəçi deyib ki, polyakların irsi ölkəmizdə sadəcə arxitekturada deyil, bütün sahələrdə yaşayır. "Hazırda Bakıda "Polşa arxitekturası" adlı küçə var. Hansı ki, onun açılışını vaxtilə Azərbaycan prezidenti İlham Əliyev polşalı həmkarı ilə birlikdə edib", - S.Məmmədəliyeva deyib.
Daha sonra çıxış edən Polşanın ölkəmizdəki səfiri Rafal Poborski bildirib ki, əlaqələrimiz yalnız diplomatik deyil, sosial, iqtisadiyyat, mədəniyyət və sair sahələrdə də inkişaf etməkdədir. "Bu gün təqdim edəcəyimiz layihənin əhəmiyyəti çox böyükdür. Bu layihədə polşalı arxitektorların irsi nümayiş olunacaq. Polşalılar olaraq düşünürük ki, soydaşlarımızın vaxtilə yaratdığı bu nümunələr çox diqqətəlayiqdir. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində polşalı memarların yaratdığı əsərlər böyük önəmə malikdir. İkinci xüsus isə odur ki, polşalı turistlərin Azərbaycana cəlbi üçün bu tikinti nünunələri çox əhəmiyyətlidir. Ən əsası odur ki, bu layihə ilə ölkələrimiz arasında əlaqələri daha da gücləndiririk", - səfir deyib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Floruan Zenqstşmid bildirib ki, bugünki layihənin icrası ölkələrarası əlaqələrin inkişafına təkan verəcək. "Səadət Sarayı, AMEA-nın, Əlyazmalar İnstitutunun binaları Polşa memarlarının yaratdığı tikinti nümunələridir. Özü də bu cür memarlıq irsləri yalnız paytaxtda deyil, rayonlarda - Gəncə, Qusar, Şamaxıda da var. Biz polşalı turistlər üçün xüsusi turxəritə hazlrlamışıq. Bu xəritə üzrə Polşa irsini izləyəcək turistlər həm də Rastropoviçin ev muzeyini və sair ziyarət edə biləcəklər", - deyib F.Zenqstşmid.