Azərbaycanda rus məhsulları UCUZLAŞACAQ - PROQNOZ

15:53 28.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Rusiya-Ukrayna müharibəsinin beşinci günüdür. Qərb Rusiya ordusunun Ukrayna ərazisinə daxil olmasından sonra bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edib. Hazırda nəticə rublun kəskin ucuzlaşması ilə özünü biruzə verir. Bəs görəsən bu hal Azərbaycan istisadiyyatına necə təsir edəcək? Nəzərinizə çatdıraq ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi olduqca yüksəkdir.

İqtisadçı Natiq Cəfərli hafta.az-a bildirib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ötən il 3,2-3,3 milyard dollara çatıb. İki ölkə arasında ticarət dövriyəsi həcminin böyük olması sanksiyaların təsiri ilə iqtisadiyyatımızda özünü biruzə verəcək:

“Bunlar kifayət qədər ciddi rəqəmlərdir. Düzdür, biz hələ ki, ticarət dövriyyəsi prosesində Rusiyadan daha çox məhsul alır, daha az ixrac edirik. Bu da buğda ilə bağlıdır, təxminən hər il Rusiyadan 700000 ton buğda alınır. İki ölkə arasında ticarət dövriyəsi həcminin böyük olması sanksiyaların təsiri ilə iqtisadiyyatımızda özünü biruzə verəcək. Banklar arası pulköçürmələrin ləngiməsi iş adamları üçün əlavə əngəllər yarada bilər”.

Ekspert onu da vurğuladı ki, Rus rublunun ucuzlaşması və bu ölkəyə tətbiq edilən sanksiyalar bizim üçün müəyyən fürsətlər də yaradır:
“Rublun dəyərdən düşməsi, ölkəmizin Rusiyadan idxal etdiyi məhsulların qiymətinə müsbət təsir edəcək. Həmin məhsullar ölkəmizdə qismən də olsa ucuzlaşa bilər. Rusiya ilə ticarət edən ölkələrə sanksiyalar olmayacaqsa, Azərbaycan üzərindən Rusiyanın müəyyən təlabatlarının ödənilməsi üçün də fürsətlər yaranar. Belə olan halda logistik mərkəz rolunu oynayan ölkəmiz qazanmış olar”.