Azərbaycandakı fransız icmasını üzvləri Makrona məktub ünvanlayıblar

19:40 29.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandakı fransız icmasını üzvləri Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlayıblar.

Hafta.az xəbər verir ki, Causeur” portalında dərc edilmiş açıq məktubun müəllifləri Fransanın Qafqazla bağlı siyasətinə yenidən baxmalı olduğunu bildiriblər.

Məktubda, həmçinin deyilir: “Fransızlar kimi, azərbaycanlılar da zaman beynəlxalq hüquqa və milli sərhədlərin toxunulmazlığı prinsipinə sadiq xalq olub və bunu dəfələrlə nümayiş etdiriblər. Fransa kimi, Azərbaycan da separatçı rejimləri tanımır. Təəssüf ki, Qarabağ münaqişəsinin sülh yollu ilə həllinə nail ola bilməyən Azərbaycan ötən il sentyabrın 27-də taleyini özü həll etməyə qərar verdi və BMT-nin qətnamələri yerinə yetirdi.

Əsl həqiqətlərdən xəbəri olmayan Fransa mediasının və bəzi siyasətçilərin Azərbaycanla bağlı söylədikləri mənfi fikirlərin tam əksinin şahidiyik. 44 günlük müharibə vaxtı iki ölkə arasında diplomatik gərginliyə baxmayaraq, bizə qarşı xeyirxahlıq göstərən Azərbaycan xalqına təşəkkürümüzü bildiririk”.

Prezident açıq məktuba müraciət etmələrinin səbəbini ölkələrində əsl fransızların səsinin eşidilməməsi ilə izah edən Azərbaycandakı fransız icmasının nümayəndələri yazırlar: “Bu gün sizə bu formada birbaşa müraciət etməyimiz Fransada səsimizin eşidilməsinin son dərəcə çətinləşməsinə görədir. Seçilmiş təmsilçilərimizin (merlər, deputatlar, senatorlar) demək olar ki, əksəriyyəti, bütün siyasi tendensiyalar bir araya gələrək, qarşıdakı seçkilər kontekstində Fransa və fransızların ali maraqlarına zidd olaraq, fürsətçilik, himayədarlıq prinsiplərinə üstünlük verirlər”.

Məktubda Prezident Emmanuel Makron dövlət başçısı kimi Fransanın xarici siyasətini təcəssüm etdirdiyi bildirilib, ölkənin bu məsələdə mövqeyini müəyyənləşdirən şəxs olaraq müəyyən reallıqlar əsasında ölkənin uzunmüddətli perspektivləri ilə bağlı qərarlar qəbul etməsinin vacibliyi vurğulanıb.

Həmçinin 1993-cü ildə BMT-nin erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd məlum qətnaməsini və Fransanın da beynəlxalq hüquq baxımından mövqeyini xatırlatdıqlarına görə, eləcə də Azərbaycanla yaxınlığı olan bütün fransızların və onların yaxınlarının erməni diasporunun müəyyən radikal qüvvələri tərəfindən təhdidlərə və ölüm hədələrinə məruz qaldıqları, radikal qrupların hədəfinə çevrildikləri xüsusi qeyd edilib. Məktubda erməni lobbisinin açıq ölüm hədələrinə məruz qalmış fransalı deputat, senator və digər siyasətçilərinin adları sadalanıb. Söz azadlığına üstünlük verən ölkədə jurnalistlərin, o cümlədən “TF 1” televiziya kanalının jurnalistinin ermənilər tərəfindən ölümlə hədələndiyi diqqətə çatdırılıb. Erməni lobbisi üzvlərinin Fransada türk mənşəli insanlara hücumlarından söz açılıb. Türk ailəsinin 4 üzvünə xəsarət yetirildiyi vurğulanıb. Həmçinin bu cür hücumların cəzasız qalmasına və onlara göz yumulmasına təəssüf ifadə olunub.

Fransa Senatının və Milli Assambleyasının qanuni əsası olmayan qətnamələri səsə qoymaqla ölkəni nüfuzdan saldığı və onun Minsk qrupunun həmsədri kimi münaqişənin həllində iştirak etmək hüququnu sarsıtdığı bildirilib.

İcma üzvləri Senatın sədrinin Ermənistana səfəri çərçivəsində etdiyi çıxışı qızışdırıcı xarakter daşıdığını və təhlükəli olduğunu diqqətə çatdırıblar. Bununla bağlı müraciətlərinin cavabsız qalmasına təəssüfləndiklərini yazıblar.

Fransanın əsrlər boyu türk xalqlarına qarşı kin saxlayan və sabitliyi təhdid edən intiqam ruhunda olan bəzi təzyiq qruplarının təsiri altında olduğunu bəyan ediblər. Fransanın yerli icra nümayəndələrinin təxribat xarakterli çıxışlarının ikitərəfli diplomatik münasibətlərə mənfi təsir göstərəcəyini xatırladıblar. Fransa-Azərbaycan münasibətlərinə yenidən baxılmasını tələb ediblər.

Məktubda Azərbaycan ilə Fransa arasındakı əlaqələrin böyük tarixi olduğu diqqətə çatdırılıb, İkinci Dünya müharibəsi zamanı azərbaycanlıların Fransa Müqavimət Hərəkatında iştirakından və ümumi Qələbəyə töhfələrindən də söz açılıb.

Məktub Martin Ryan, Serj Bənvel, Alban Klod, Antuan Liaqr, Arman Meyman və Damyən Qasnerey tərəfindən imzalanıb.