Azərbaycanda məscidlərin çoxuna təyin olunmuş adamların əksəriyyəti sırf İranda təhsil almış adamlardır. Çoxu İrandakı müştəhidlər və İranı təqlid edən, İranın dini liderinə birbaşa bağlı olan adamlardır. Mən bunun Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətindəki boşluq, yaxud “5-ci kolon”un işi olduğunu deyə bilmərəm.
Bu fikirləri hafta.az-a ilahiyatçı Tural İrfan deyib. Onun sözlərinə görə, amma araşdırma aparılsa, bunun şahidi olacaqsınız:
“Bir neçə il öncə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin İranın “Səhər” kanalına bir açıqlaması olub. Orda deyir ki, mən cənab Xameneinin müqəllidiyəm, onu təqlid edənəm və sair xoş sözlər. Fikir verin, bir ölkənin dini rəhbəri o cür ifadə işlədirsə, onun əlinin altında işləyən axundları, işçiləri neyləməlidir? Deməli, bundan həvəslənərək, bizim məscidlərin əksəriyyətindəki axundlar İranın Ali dini lideri Xomenei və İraqda oturan fars əsilli bir müştəhidə təqlid edirlər. Təqlidçilik də o deməkdir ki, siyasi və dini baxışlarda o adama tabe olmaq və qazancının illik 5-dən 1-ni ianə-xüps adı altında ona göndərirlər. Azərbaycan da Xameneinin o işlərini yerinə yetirən Ocaqnejati idi ki, hamı xüpsü-vəsaitləri aparıb ona verirdi. O da İrana göndərirdi, İran da bundan ayırıb Ermənistana silah göndərirdi və sair. Yəni bu, onların bir siyasi rıçaqları, vasitələridir.
Azərbaycanda milli-vətənpərvər təhsil almış dindarlarımız, ilahiyyaçılarımız hamısı bu məsələdə İranı tənqid elədi və İranın bu haqsız mövqeyinə qarşı çıxdı, bunun İslama zidd olduğunu vurğuladı. Amma təəssüf olsun ki, Qafqaz Müsəlmanları İdarəsinin tərkibində olan ruhanilər, elə idarənin özündə işləyənlər olmaq şərti ilə bu məsələdə səssiz qaldılar, İranın yanında yer aldılar. Bu da əvvəldə qeyd etdiyim kimi İranın səpdiyi toxumların cücərməsinin nəticəsidir.
Təqlidçilik sistemi bir ideologiyadır. Müqəllid, Müctəhid sistemi var, Vilayəti Təqib sistemi var, bunlar din adı altında yaradılıb. Hansı ki, Peyğəmbərin vaxtında yaranmayıb, bu, İslamda yoxdur. Sonradan bu düşünülüb, yaradılıb və islami don geyindirilərək dini sistem kimi göstərməyə çalışıblar. Amma əslində bu xarici maraqların olduğu və həmçinin İranın fars şovinistlərinin qurduğu elə bir sistemdir ki, həm maddi baxımdan xaricdən maliyyələşirlər, hansı ki, bu hökmdür. Həmin sistemə görə guya ki, İranın Ali dini lideri də bütün dünya müsəlmanlarının lideridir, 12-ci qeybdə olan imamın dünyada olan nümayəndəsid.ir. Nəticə etibarilə vacibdir ki, sən həmin şəxsi təqlid eləməlisən. Bilirsiz, İranın Ali dini lideri siyasi lider olduğuna görə, o təqlid daha təhlükəlidir. Əgər dini rəhbərlər Xameniyə təqlid edirlərsə, Xamenei Azərbaycanın yanında yox, Ermənistanın yanındadırsa, deməli onun “partiyasında” olan bizim Azərbaycandakı dindarlarımız da Ermənistanın yanında olmuş olurlar”