"Afrika ölkələri ilə Azərbaycanın hərtərəfli əməkdaşlığının böyük gələcəyi var. İndiki şəraitdə Azərbaycanın xarici siyasətinin mühüm vektorlarından biri olaraq, Afrika qitəsinə yönəlmək olduqca düzgün seçimdir. Çünki Afrika qitəsində bir oyanış var. Bu ölkələr getdikcə öz müstəqilliklərini daha çox özlərinə qaytarmağa və dünya ölkələri ilə geniş müstəqil əlaqələr qurmağa meyllidilər".
Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Ekspert Afrika ölkələrinin, o cümlədən Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin böyük əməkdaşlığa ehtiyacları olduğunu bildirib:
"Bildiyimiz kimi, Azərbaycan Qoşulmama Hərakatı xətti ilə Afrikada çox böyük populyarlıq qazanıb. Çünki Afrika ölkələrinin böyük əksəriyyəti inkişafa yeni başlayan, kasıb, müstəmləkə əsarəti altında inildəyən, faktiki müstəqillik əldə etsələr də, reallıqda müxtəlif ölkələrdən, o cümlədən Fransadan asılı vəziyyətdə yaşamış və inkişafı ləngidilmiş ölkələrdir. Azərbaycan Qoşulmama Hərəkatı xətti ilə bu ölkələrin problemlərini daim önə çəkib. Pandemiya ilə mübarizə dövründə Azərbaycan xüsusi ilə də Afrika ölkələrinin pandemiya fəlakətində müdafiəsi yönündə maraqlı təkliflər qaldırdı. Afrika ölkələrinin ədalətli qaydada vaksinlə təmin olunması təşəbbüsləri ilə çıxış etdi. Vaksin millətçiliyinə, vaksin şovinizminə qarşı Azərbaycanın mübarizəsinin əsas hədəflərindən biri də məhz Afrikanın geridə qalmış və yetim ölkələrinin haqlarının müdafiə etməkdən ibarət idi. Onu da nəzərə alaq ki, Azərbaycan Fransanın bu qitədəki müstəmləkəçiliyinə qarşı böyük mübarizə və cəbhə açmış bir ölkədir. Fransanın müstəmləkələrinin xeyli hissəsi bu qitədə yerləşir. Son üç ildə Afrikadakı azı 6-7 keçmiş Fransa müstəmləkəsi olan ölkələr Fransanın asıllığından imtina ediblər, onun hərbi qüvvələrini cıxardıblar. Belə şəraitdə Azərbaycanın Afrika ölkələri ilə hərtərəfli əməkdaşlıq qurmaq cəhdi də bir növ orada yaranmış boşluğu həm də mütərəqqi mənada doldurmaq üçündür".
A.Quliyev qeyd edib ki, son bir neçə həftədə Afrikanın bəzi ölkələrinin Azərbaycana göstərdikləri maraq təbiidir. O cümlədən, Qvineya- Bisaunun, Somalinin və digər ölkələrin Azərbaycana göstərdikləri maraq başadüşüləndir:
"Bu ölkərin nümayəndələri ali səviyyədə Azərbaycanın hərbi, polis təhsili, Asan Xidmət sistemi və sair ilə yaxından maraqlanırlar. Nəzərə alsaq ki, bu ölkələr inkişafa yeni başlayırlar, təhlükəsizlik və müdafiə məsələlərində Azərbaycanla əməkdaşlıqlarının mühüm gələcəyi var. Azərbaycanın hərbi sənaye kompleksinin sürətlə inkişaf etdiyini nəzərə alsaq, həmin ölkələr Azərbaycan üçün çox əla silah ticarəti tərəf muqabili qismində nəzərdən keçirilə bilər. Bundan başqa, bu ölkələrin çox zəngin təbii ehtiyatları - neft qaz ehtiyatları, kənd təsərrüfatı potensialları var. Azərbaycanın aydın məsələdir ki, investisiya qoyuluşu istiqamətində həmin ölkələrlə birgə əməkdaşlığının mühüm nəticələri ola bilər".
A.Quliyevin fikrincə, Azərbaycan ümumiyyətlə Afrikaya doğru xarici siyasətinin yeni fəal istiqamətini açmaqla bu yondə çox mühüm bir logistika ticarət məntəqəsi əldə eləmiş olur. Onun sözlərinə görə, Afrika bu gün Azərbaycan üçün ticarət, logistika investisya nöqteyi nəzərdən çox qiymətli bir məntəqədir:
"Azərbaycanın bu istiqamətdə fəallaşması ölkənin gələcəyi üçün olduqca yaxşı perspektivlər vəd edir. Afrikanın bir neçə ölkəsi ilə Azərbaycanın münasibətləri nümunə sayıla bilər. O cümlədən Misir, Liviya, Tunis, Qvineya-Bissau, Somali və digərləri ilə Azərbaycanın əməkdaşlığı yeni başlasa da, çox normal templərə və istiqamətlərə malikdir".