“Azərbaycanın antiterror tədbirləri dünyada analoqu olmayan əməliyyat kimi qiymətləndirilir” - Rəy

18:40 19.09.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu gün Azərbaycan xalqı 2023-cü il sentyabrın 19-da antiterror tədbirlərində canı, qanı bahasına şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızın əziz xatirəsini yad edir. Xalqımız onları unutmur və unutmayacaq. Antiterror əməliyyatında şəhid olan qəhrəmanlarımızın qanları ilə Azərbaycanın yeni, ən uğurlu səhifələrindən biri qızıl hərflərlə Azərbaycan tarixinə həkk olunub. Şəhidlərimizin ailələri daim dövlətimizin diqqətində saxlanılır”.

Bunu hafta.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Hərbi ekspert bildirib ki, antiterror tədbirlərinin keçirilməsinin qaçılmaz əməliyyat olduğunu qeyd edib:

“Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanaraq, işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa edəndən sonra üçtərəfli Bəyannamə əsasında Azərbaycanın ərazisində - Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşməsi ilə bağlı qərar qəbul edilmişdi. Bu qərar əsasında reinteqrasiya prosesi üçün zaman ayrılmışdı və orada yaşayan erməni əhalisi Azərbaycana reinteqrasiya olunmalı idi. Ancaq Azərbaycanın qələbə çalmasına baxmayaraq, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri ərazidə qanunsuz erməni silahlıları yerləşməyə başladı. Hətta antiterror əməliyyatına qədər onların sayı 15 minə çataraq, ağır texnika ilə silahlanmış, yetərli qədər güclənmiş terror qrupuna çevrilmişdi. Müdafiə mövqelərində bütün tələblərə uyğun olaraq işlər aparıldı və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazinin ətrafında yeni bir təmas xətti yarandı. Bu təmas xəttində erməni terrorçularının yerləşməsi müşahidə olundu. Azərbaycan 4-cü bəndin tələblərini yerinə yetirilməsi, yəni qanunsuz silahlıların Azərbaycandan çıxarılması ilə bağlı bəndin yerinə yetirilməsi ilə əlaqədar daim həm Rusiya, həm də Ermənistan qarşısında dəfələrə bu məsələni qaldırsa da, hər iki dövlət bundan boyun qaçırmağa çalışdı. Belə olan halda Azərbaycan bu problemlə üz-üzə qaldı. Necə ki, torpaqlarımızın işğalı dövründə Ermənistan BMT-nin 4 qətnaməsini yerinə yetirmədi, eləcə də Üçtərəfli Bəyannamənin 4-cü və digər bəndləri də yerinə yetirmir, vaxtı uzatmağa çalışırdılar. Bunlar Azərbaycanın daxilində atəşkəsin mütəmadi olaraq pozulması ilə müşahidə olunurdu. Dinc əhaliyə, yaşayış məntəqələrinə təhlükə yaratmağa davam edirdilər. Eyni zamanda, artıq Ermənistan tərəfi yeni havadarlar axtarışına çıxmışdılar. Hətta Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində fəaliyyətini narazılıqla qarşılayaraq, müəyyən etirazlar da etməyə başladılar. Bütün bunlar hansısa beynəlxalq missiyanın orada yerləşməsinə hesablanırdı. Bunun da lokamativ rolunu Fransa oynayırdı”.

Ekspert bildirib ki, bütün bu proseslər region üçün, Azərbaycan üçün təhlükə yaradırdı. Belə olduğu halda Azərbaycan dövləti qərar qəbul etdi ki, Bəyannamənin 4-cü bəndini özü yerinə yetirsin. Bu istiqamətdə erməni terrorçularının son təxribatına cavab olaraq Azərbaycan antiterror tədbirləri keçirməyə qərar verdi:

“Mən deyərdim ki, bu antiterror tədbirləri Azərbaycan ordusunun çox böyük peşəkarlığını bir daha təsdiqlədi və Azərbaycan döyüşçülərinin qəhrəmanlıq səlnaməsinin davamı kimi qeyd olundu. Azərbaycan ordusunun nə qədər humanist bir ordu olması bu antiterror tədbirlərlə bütün dünyaya tanıdıldı. Dünyada elə bir antiterror əməliyyatı yoxdur ki, orada dinc əhali və mülki infrastruktur zərər görməsin. Dünyada böyük bir ərazidə dinc əhali və mülki infrastruktur zərər görmədən antiterror tədbirləri və əməliyyatı keçirən yeganə olaraq Azərbaycan ordusu oldu. 1 günün içində düşmənin ağ bayraq qaldırması tarixə yazıldı. Azərbaycanın antiterror tədbirləri nə qədər unikal nəticəli və bəlkə də dünyada analoqu olmayan bir antiterror tədbiri kimi qiymətləndirilir.İstər İkinci Qarabağ müharibəsinin təcrübəsi, istərsə də xüsusən 1 il öncə keçirilən antiterror təcrübəsi daim böyük dövlətlərin ordularının marağındadır, bu təcrübəni hələ də öyrənməkdədilər”.

Ş.Ramaldanov qeyd edib ki, antiterror tədbirləri regionun təhlükəsizliyinə xidmət edən bir nəticə idi. Çünki 15 minə qədər terrorçunun Azərbaycanın ərazisində olması Ermənistanın havadarları və maraqlı qüvvələrin marağında idi:

“Düşünürəm ki, Azərbaycan ordusunun atdığı bu addım həm zamanca, həm nəticə olaraq çox düzgün bir tədbir oldu.Bu gün də biz həmin qəhrəmanları yad edirik. Azərbaycanın bütün rayonlarında Şəhidlər xiyabanında antiterror əməliyyatında şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiramla yad edilir. Düşünürəm ki, antiterror tədbirinin əhəmiyyəti hələ uzun müddət Azərbaycanın tarixində özünəməxsus yer tutaraq öyrəniləcək”.