Ermənistanda keçirilən seçkilərdən sonra Bakı–İrəvan sülh xəttində yenidən diplomatik fəallıq müşahidə olunur. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri və tərəflər arasında təmasların intensivləşməsi sülh gündəliyinin yenidən aktuallaşdığını göstərir. Regionda davamlı sabitliyin təmin olunması baxımından bu proses mühüm əhəmiyyət daşıyır. Bununla belə, yekun sülh sazişinin imzalanmasına qədər qət ediləcək yol hələ də müəyyən siyasi, hüquqi və geosiyasi maneələrlə müşayiət olunur.
Mövcud şəraitdə əsas sual ondan ibarətdir ki, sülh istiqamətində atılan addımlara hansı amillər maneə yarada bilər və bu maneələrin aradan qaldırılması üçün hansı tədbirlərin görülməsi vacibdir?
Millət vəkili Arzu Nağıyev Hafta.az-a açıqlamasında bildirib ki, Cənubi Qafqazda sabitliyin olması çox mühüm məsələdir.
Deputat qeyd edib ki, Azərbaycan üçün də ən əsas istiqamət sülhün bərqərar olması, sülh müqaviləsinin imzalanması istiqamətində atılacaq addımlardır:
“Paşinyan hakimiyyəti seçkilərdə qələbə qazandı. Kommunikasiyaların açılması, delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi istiqamətində addımların atılması mümkündür. Sadəcə olaraq seçicilər bir daha göstərdilər ki, onlar sülhün bərqərar olmasını istəyirlər, müharibə istəmirlər. Bu baxımdan düşünürəm, diplomatik fəaliyyətlərin davam etməsi labüddür və daha konstruktiv mühitin formalaşdırıldığını göstərir. Əsas bizi maraqlandıran məsələ parlamentin formalaşması və onun konstitusiya islahatlarına getmək üçün legitimliyidir”.
Deputat bildirir ki, Hikmət Hacıyevin Ermənistana səfəri çox mühüm əhəmiyyət kəsb edirdi:
"Məhz bu səfərdə son dövrdə müşahidə olunan birbaşa təmaslar fonunda əsas məqam odur ki, vasitəsiz dialoqa üstünlük verilir. Bu görüşlər tərəflər arasında həm kommunikasiya kanallarının açıq saxlanıldığını, həm də mübahisəli məsələlərin birbaşa müzakirə edilməsinə hər iki tərəfin maraq göstərdiyini ifadə edir. Əgər bu gün Ermənistanda belə bir görüş keçirilirsə, növbəti görüşlərin Azərbaycanda keçirilməsi də mümkündür”.
Millət vəkili sülh sazişinin imzalanmasına mane olan əsas problemlərə də toxunub. Onun sözlərinə görə, bu istiqamətdə siyasi və hüquqi problemlər mövcuddur:
“Ermənistan Konstitusiyası mütləq şəkildə dəyişdirilməlidir. Bunun üçün referendum keçirilməli, referendumdan sonra qərar qəbul olunmalı və daha sonra parlamentdə ratifikasiya edilməlidir. Ratifikasiya olunduqdan sonra sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atıla bilər ki, bu sənəd ümumilikdə uzunmüddətli və davamlı olsun. Bu baxımdan hüquqi ratifikasiya əsas istiqamət olmalıdır. Azərbaycan üçün bu məsələ prinsipial əhəmiyyət daşıyır və yekun sazişin imzalanması prosesində mühüm faktordur”.
A.Nağıyev qeyd edir ki, Ermənistan–Azərbaycan arasında etimadın möhkəmləndirilməlidir. Bu, bizim üçün mühüm məsələdir:
“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qafqaz evi”nin yaradılması vacib istiqamətdir. Bunun üçün qarşılıqlı etimad möhkəmləndirilməlidir. Yəni ayrı-ayrılıqda Cənubi Qafqazı böyük güc mərkəzləri qəbul etmir, onlar ümumilikdə regionu vahid məkan kimi qəbul edir və burada siyasi dialoqun davam etdirilməsində maraqlıdırlar. Bu baxımdan sərhədlərin delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi, kommunikasiya xətlərinin açılması, humanitar əlaqələrin genişləndirilməsi və iqtisadi əməkdaşlıq imkanlarının artırılması mühüm əhəmiyyət kəsb edir. Sülh müqaviləsinin imzalanması region üçün yeni iqtisadi, siyasi, hətta hərbi və mənəvi-mədəni imkanlar yarada bilər. Nəqliyyat marşrutlarının genişlənməsi, ticarət əlaqələrinin inkişafı, Zəngəzur dəhlizinin açılması, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması investisiya mühitini yaxşılaşdırır və təhlükəsizlik risklərini azaldır. Tərəflər siyasi iradə nümayiş etdirirlər və gələcəkdə də bu iradəni davam etdirəcəklər. Uzunmüddətli perspektivdə regionun daha sabit və əməkdaşlığa əsaslanan inkişaf mərhələsinə keçməsi mümkündür”.