Bu məsələlər həll olunduqdan sonra Zəngəzur dəhlizi ilə bağlı proseslər sürətlənəcək - Rəy

14:28 18.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Zəngəzur dəhlizi Cənubi Qafqazda Azərbaycan ilə ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında quru əlaqələrinin qurulmasını nəzərdə tutan mühüm nəqliyyat marşrutudur. Bu layihə təkcə nəqliyyat infrastrukturu deyil, həm də siyasi, iqtisadi və mənəvi baxımdan çoxşaxəli əhəmiyyət daşıyır”.

Bunu Hafta.az-a açıqlamasında “Yeni Xətt” siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib. Qeyd edib ki, Dəhliz regional ticarət və logistika imkanlarının genişlənməsi baxımından xüsusi önəm kəsb edir.

Ekspert vurğulayıb ki, Azərbaycanın əsas prioritetlərindən biri Naxçıvanla birbaşa quru əlaqənin təmin olunmasıdır. Bu, regionda iqtisadi inteqrasiyanın güclənməsi baxımından strateji əhəmiyyət daşıyır:

“Layihənin reallaşması regionda tranzit imkanlarını genişləndirməklə yanaşı, nəqliyyat xərclərinin azalmasına və iqtisadi gəlirlərin artmasına şərait yaradacaq. Bu prosesdə Türkiyə Türk dünyası ilə əlaqələrin güclənməsinə xüsusi önəm verir.

Bununla yanaşı, İranın layihəyə ehtiyatlı yanaşdığı və regionda nəqliyyat balansında dəyişikliklərdən narahat olduğu qeyd olunur. Bu, geosiyasi maraqların təbii ifadəsi kimi qiymətləndirilir”.

R.Hüseynovun fikrincə, Rusiya və digər aktorlar üçün də Orta Dəhliz kontekstində bu layihə mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiyası Çin-Avropa yükdaşımaları üçün alternativ marşrutların formalaşmasına imkan yarada bilər:

“Hazırda proseslər danışıqlar mərhələsindədir. Hüquqi statusla bağlı yekun razılaşma hələ əldə olunmayıb. Bununla belə, layihənin həyata keçirilməsi istiqamətində əsas siyasi və texniki addımlar artıq atılıb. Qarşıdakı mərhələdə təhlükəsizlik zəmanətləri, infrastrukturun tamamlanması və hüquqi bazanın formalaşdırılması əsas prioritetlər olacaq. Bu məsələlər həll olunduqdan sonra Zəngəzur dəhlizi ilə bağlı proseslərin daha da sürətlənəcəyi gözlənilir”.

Siyasət rubrikasından digər xəbərlər