Azərbaycanın hüquqi və diplomatik qələbəsi - Rəy

15:35 02.12.2025
Yazını böyüt
Yazını kiçilt

Qrupun ləğvi bu reallığın beynəlxalq səviyyədə də tanınması anlamına gəlir" - Rəşad Bayramov

"Minsk Qrupu 30 ildən artıq müddətdə Ermənistan-Azərbaycan münaqişəsinin “vasitəçisi” olsa da, 2020-ci il müharibəsindən və regiondakı yeni reallıqlardan sonra onun fəaliyyəti faktiki olaraq mənasızlaşmışdı. Odur ki, qrupun ləğvi bu reallığın beynəlxalq səviyyədə də tanınması anlamına gəlir".

Bunu Hafta.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

O, qeyd edib ki, ATƏT-in Minsk Qrupunun ləğvi haqqında qərar həm beynəlxalq diplomatiya müstəvisində, həm də Cənubi Qafqazın daxili geosiyasi dinamikasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər:

"Geosiyasi baxımdan bu addım ilk növbədə “köhnə status-kvo modelinin” rəsmi şəkildə bağlanması deməkdir. Minsk Qrupu uzun illər ərzində münaqişəni dondurmuş və ərazi bütövlüyü məsələsi ətrafında real irəliləyişə imkan verməmişdi. 2020-ci ildən sonrakı yeni güc balansı göstərdi ki, münaqişənin əvvəlki formatda idarə olunması artıq mümkün deyil. ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi mexanizm regiondakı dəyişikliklərə adekvat olmadığı üçün ləğv edilməsi həm regional aktorların prioritetlərinə, həm də beynəlxalq təşkilatların yeni yanaşmalarına uyğun gəlir. Xarici dövlətlərin maraq və rəqabətlərinə əsaslanan köhnə formatdan çıxmaq, Cənubi Qafqazda sülhün daha real, praktiki və ikitərəfli razılaşmalar üzərində qurulmasına geniş imkanlar açır. Minsk Qrupunun ləğvi həm də Azərbaycanın uzun illər ərzində müdafiə etdiyi “ərazi bütövlüyü prinsipi”nin də beynəlxalq səviyyədə təsdiqlənməsi deməkdir".

Politoloqun fikrincə, Qarabağ kontekstində isə bu addım daha konkret nəticələr doğurur:

"Birincisi, region keçmiş münaqişə zonası kimi deyil, yenidən inteqrasiya və bərpa mərhələsinə daxil olan ərazi kimi qəbul edilir. İkincisi, gələcək sülh müqaviləsi üçün hüquqi və diplomatik maneələr azalır. Bu isə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sərhədlərin demarkasiya-delimitasiyası prosesinin sürətlənməsi üçün müsbət impuls yarada bilər. Nəticə etibarilə, Minsk prosesinin bağlanması təkcə Azərbaycanın bu istiqamətdəki diplomatik təşəbbüsünün yekunu deyil. Bu, həm də regionda siyasi dinamikanın dəyişdiyini göstərir, böyük güclərin geosiyasi strategiyalarına təsir edir və Azərbaycan-Ermənistan münasibətlərində yeni, praktik sülh mexanizmlərinin formalaşmasına şərait yaradır. Azərbaycanın hüquqi və diplomatik qələbəsi regionda sülh və sabitliyin təmin olunmasında əsas dayaqların birinə çevrilir".

Tahirə Qafarlı