Azərbaycanın nəqliyyat və tranzit şəbəkəsinin mərkəzi rolu daha da möhkəmlənəcək - Rəy

14:29 17.11.2025
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri hər zaman ən yüksək səviyyədə olub və son illərdə bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da təbiidir, çünki bu əlaqələr yalnız coğrafi yaxınlıqla deyil, həm də tarixi, mədəni, dini, milli və mənəvi bağlara əsaslanır. Odur ki, indi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul olunması tamamilə məntiqlidir və bu, ölkəmizin geosiyasi və geoiqtisadi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək bir addımdır. Bu mühüm qərar yalnız Azərbaycan üçün deyil, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz arasındakı əlaqələrin dərinləşməsi, daha geniş siyasi və iqtisadi inteqrasiya prosesinin başlanğıcı olacaq”.

Bunu Hafta.az-a politoloq Rəşad Bayramov deyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, ortaq tarixi-mədəni bağlılıq, Orta Dəhlizin strateji əhəmiyyəti, Zəngəzur dəhlizi, rəqəmsal və enerji kommunikasiya layihələri kimi mövzular gələcəkdə Azərbaycan ilə Mərkəzi Asiya arasındakı əməkdaşlığın çoxşaxəli və qarşılıqlı faydalı olmasına təkan verəcək. Bu inteqrasiya həmçinin Azərbaycanın qlobal səviyyədəki mövqeyini daha da gücləndirəcək.

“Azərbaycanın Orta Dəhliz və Zəngəzur dəhlizi üzərindəki strateji rolu ölkənin Mərkəzi Asiya ilə əlaqələrini yeni bir mərhələyə qaldırmağa imkan verir. Orta Dəhliz Xəzər dənizini, Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazilərini birləşdirərək Avropa ilə Asiya arasında mühüm bir nəqliyyat marşrutunu təşkil edir. Bu marşrutun Mərkəzi Asiya ölkələrinin əmtəə və enerji resurslarını daha sürətli və təhlükəsiz şəkildə Avropaya çatdırmaq üçün böyük əhəmiyyəti var. Bu, yalnız regional deyil, həm də qlobal iqtisadiyyat üçün əhəmiyyətli bir addım olacaq. Çünki Asiyanın enerji və xammal ehtiyatlarının dünya bazarlarına çıxarılması, geoiqtisadi təzyiqləri azaldacaq və alternativ ticarət marşrutları təklif edəcəkdir. Nəticədə Azərbaycanın nəqliyyat və tranzit şəbəkəsinin mərkəzi rolu daha da möhkəmlənəcək ki, bu da Şərq və Qərb arasında strateji bir körpü kimi Azərbaycanın mövqeyini daha da gücləndirməyə imkan verəcək”, -politoloq deyib.

R.Bayramov onu da qeyd edib ki, ABŞ və Avropa üçün də Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıq perspektivləri enerji təhlükəsizliyi və regional sabitlik baxımından böyük əhəmiyyət daşıyır:

"ABŞ bu əməkdaşlıq vasitəsi ilə Çin və Rusiyanın regiondakı təsirinə qarşı bir balans yaratmağa çalışır. Avropanın isə Azərbaycanın Mərkəzi Asiya ilə quracağı əlaqələrdən enerji mənbələri və ticarət əlaqələrini gücləndirmək məqsədilə faydalanacağı şübhəsizdir.

Beləliklə, bu inteqrasiyanın bir tərəfdən regional güc balansını dəyişdirəcəyini, digər tərəfdən isə qlobal tranzit xəritəsində Azərbaycanın mərkəzi rolunu ön plana çıxaracağını deyə bilərik”.

Tahirə Qafarlı