“AzerGold” və Abu Dabi Ticarət Bankının nümayəndələri arasında görüş olub

15:40 22.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Abu Dabi Ticarət Bankının (Abu Dhabi Commercial Bank – ADCB) nümayəndələri ilə görüş keçirib.

Hafta.az-ın yazdığına görə, görüş zamanı Zakir İbrahimov qonaqlara “AzerGold”un fəaliyyət istiqamətləri, son illərdə əldə olunan əsas nailiyyətlər və qarşıya qoyulan strateji hədəflər barədə ətraflı məlumat verib. O, Cəmiyyət tərəfindən dağ-mədən sənayesinin inkişafı, ətraf mühitin mühafizəsi, sosial layihələrin icrası, yüksək ekoloji standartlara cavab verən innovativ texnologiyaların tətbiqi, dayanıqlı inkişaf prinsiplərinin təşviqi və sektorun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib.

Öz növbəsində Abu Dabi Ticarət Bankının nümayəndələri “AzerGold”un Azərbaycanın qeyri-neft sektorundakı aparıcı mövqeyini, eləcə də geoloji kəşfiyyat və mədən layihələrinin icrası sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndiriblər. Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanlarının araşdırılması və gələcəkdə birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.