Aprelin 5-də saat 16:30 radələrində “Azəriqaz” İstehsalat Birliyində çilingər vəzifəsində işləyən Bakı şəhər sakini Ağamirzə Vəliyev döyülməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov qeyd edib ki, A.Vəliyev Bakı şəhərinin Nəsimi rayonu 3-cü Alatava küçəsindəki evlərdən birinə gələrək həmin ünvanda qaz sayğacında nasazlıq yarandığından yenisi ilə əvəz edilməsinin vacib olmasını ev sahibinə bildirib.
Qaz sayğacını əvəz edən zaman A.Vəliyev və ev sahibi Ədalət Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zamanı ev sahibi onu nalayiq ifadələrlə təhqir edərək başı ilə alın nahiyəsindən iki dəfə zərbə endirib. Nəticədə A.Vəliyev yerə yıxılaraq baş nahiyəsindən xəsarət alıb. O, hadisədən sonra xəstəxanaya müraciət edib və tibbi müayinədən keçməklə, polis bölməsi tərəfindən xəsarət dərəcəsinin müəyyənləşdirilməsi məqsədi ilə ekspertizaya göndərilib.
A.Vəliyevi döyüb bədən xəsarəti yetirən paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci və 263.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilən Ədalət Hüseynov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq şöbəsinə təhvil verilib və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq həbs edilib.