Bakı Avtovağzalının mini modelləri bölgələrə də tətbiq olunmalıdır - TƏKLİF 

11:10 04.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Rayonlara tez-tez yolum düşür. Diqqətimi çəkənlərdən biri də avtovağzallardır. Mən bölgə avtovağzalları deyəndə belə deyirəm: missiyasını başa vurmuş yerlər...

Doğrudur, avtovağzallar bir zaman insanların bir yerdən başqa yerə getməsi üçün ən önəmli yer idi. Biletlər alınar və insanlar saatlarla o yerdə gözlərdilər. Bəs bu gün eyni hal baş verirmi?

Artıq neçə illərdir ki, insanlar sifarişli avtobuslardan istifadə edirlər. Həmin avtobuslar – mikroavtobuslar insanları öz evindən götürüb, mənzilə çatdırır. O avtobus sürücülərinin avtovağzallardan xəbəri yoxdu. Avtovağzallar da bütün günü boşluqdan darıxır.

Missiyasını itirmiş dayanacaqlarda quraşdırılan avtobus terminalları...

Bir vaxtlar televiziyada reportajlarda, xəbərlərdə gördüyümüz o terminallara nə oldu bəs? Bu terminallar avtobusların gəlmə vaxtını göstərirdi. Dayanacağa gələn adam dərhal baxırdı ki, görsün onun minəcəyi avtobus burdan keçirmi və nə vaxt keçir?

Bu yazını yazmazdan öncə şəhərin bir neçə yerində oldum. Gördüyüm odur ki, o terminallar nəyinki işləyir, hətta şəhərin vizual görnüşünə də xələl gətirir. Belə ki, monitorun ekranını o qədər toz basıb ki, deyiləsi deyil...Bəs bunlar toz yığmağa quraşdırılacaqdısa niyə məhz dayanacaqlarda quraşdırılırdı...?

Mövzu ilə bağlı hafta.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov dedi ki,məsələ bundan ibarətdir ki, bölgələrdə yerləşən avtovağzallar vacib missiyanı yerinə yetirirlər:

“Şübhəsiz ki, bəzi regionlarda bu problem yaşanmaqdadır. Belə rayonlara misal olaraq Şamaxı rayonunu götürmək olar. Bu rayonda olan avtovağzallar insanlar üçün o qədər də lazım deyil. Ancaq, demək olmaz ki, lazımsız infrastruktura malikdirlər. Məsələ bundan ibarətdir ki, sərnişin daşıma xidmətləri həyata keçirən insanlar bu və ya digər formada avtovağzal xidmətlərindən istifadə edirlər. Sadəcə olaraq mən düşünürəm ki, bölgələrdə bu tip məsələlər yeni yanaşmanı tələb edir. Bu gün bəlli məsələdir ki, bu avtovağzallar olmalıdır, lazımdır.  Sərnişinlərin bir yerə yığışması üçün və nizamlı şəkildə sərnişin daşıma xidmətlərinin həyata keçirmək üçün tələb nöqteyi nəzərdən olduqca vacibdir.  Bizdə kifayət qədər normal işləyən, öz missiyasını layqincə yerinə yetirən avtovağzallar da var. Misal olaraq Qazax, Gəncə və bu kimi digər böyük şəhərlərdə yerləşənlərin adını çəkə bilərik. Həmin avtovağzalların xidmət səviyyəsi yüksəldilməlidir. Onların infrastrukturu inkişaf etdirilməlidir. İşlək vəziyyətə gətirmək lazımdır. Kifayət qədər modellərimiz də var. Bakı Avtovağzalının mini modelləri bölgələrə də tətbiq olunmalıdır. Əgər biz paytaxtda sərnişin daşımanın keyfiyyətinin yüksəldilməsindən danışırıqsa, Azərabaycan tək paytaxtdan ibarət deyil.  Bu xidmətdən istifadə edən sərnişin gedib bölgələrdən istifadə edəndə onun təsəvvürü çox dəyişir. Turistlər üçün də eyni şeyi düşünmək olar. Onların bir qismi avtobus vasitəsi ilə bölgələrə, eləcə də bölgələrdən Bakıya gətirilir”.

Azər Allahverənov Bakı şəhərində dayanacaqlarda quraşdırılan monitorlar məsələsinə toxundu. Ekspert deyir ki, dayanacaqlarda quraşdırılan monitorlar məsələsi kifayət qədər aktual mövzudur:

“Çünki bu gün bizim sərnişinlər dayanacaqlarda olan monitorlardan lazımı informasiyanı əldə edə bilmirlər. Onların bir nöqtədən digər məntəqəyə çatdırılması baxımından çətinliklərlə üzləşirlər. Əgər sərnişin monitorda avtobusun o ünvandan gəldiyini, intervalını görmürsə onda mənfi təəsüratlar yaranır. Təəssüflər olsun ki, bu gün monitorların böyük əksəriyyəti işləmir.  Bakı Nəqliyyat Agentliyi (BNA) artıq bu işlər üzərində işləyir. Növbəti illər üçün bu işlək vəziyyətə gətiriləcək”.