Bu günlərdə bütün dünyanın gündəmini Rusiya Ukrayna müharibəsi ələ alıb. Uzun illərdən bəri iki ölkə arasında mövcud olan gərginlik ötən ay Rusiyanın Ukraynaya hücum etməsi ilə nəticələndi. İndiki vəziyyət isə yəqin ki hər kəsə məlumdur. Hafta.az-ın əməkdaşı paytaxtda yerləşən və illər öncə açılışına Vladimir Zelenskinin də qatıldığı Ukrayna məhsulları satılan mağazaya baş çəkdi.
Məlumat üçün deyək ki, mağaza Yasamal rayonu, İnşaatçılar prospektində yerləşir və 2019-cu ildən bəri fəaliyyətini davam etdirir. Həmin il, dekabrın 17-də ölkəmizdə rəsmi səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski mağazanın açılışına qatılmış, yaradılan şəraitlə tanış olmuşdu. Hətta o, mağazanın timsalında iki ölkə arasındakı iqtisadi əlaqəni və xalqlarımız arasında bir-birinə olan rəğbəti, yüksək qiymətləndirmişdi.
Keçid alaq mağazaya... Burada müxtəlif çeşidlərdə şokoladlar, peçenyələr, içkilər, yağ və un məmulatları bir sözlə ərzaq məhsulları piştaxtaları bəzəyir.

İçəridə bizi xoş ovqatlı işçilər qarşılayıb, məhsullar haqqında məlumat verə biləcəklərini söylədilər. Həmsöhbətimiz isə Ukrayna məhsulları mağazasının baş meneceri Ləman Mirzəzadə oldu.
Ləman xanım deyir ki, artıq 5 ildən çoxdur ölkəmizdə fəaliyyət göstərirlər. Bu müddət ərzində xeyli sayda alıcı kütləsi qazanmağı bacarıblar:
“Beş ildən artıqdır ki, ölkədə fəaliyyət göstəririk, hətta Ukrayna prezidenti Vladimir Zelenski özünün şəxsi instaqram hesabında belə bizim haqqımızda paylaşım etmişdi. Məhsullarımızın hamısı Ukraynadan seçilərək gətirilir. Əvvəllər ayda 2 dəfə məhsul gətirilirdi”.
Söhbət keçmiş zamanlara getdisə deməli indidən sonra hər şey fərqli ola bilər. Bəs onda gəlin görək hazırda müharibə ilə çalxalanan Ukrayna ilə ticarət əlaqəsi gələcəkdə nə cür davam etdiriləcək? Həmsöhbətimiz deyir ki, proses müvəqqəti olaraq dayandırılıb:

“Hələ ki, Ukraynadakı zavodlarla mütəmadi olaraq danışırıq. Yollar da bağlı olduğundan onsuz da məhsulları gətirmək mümkün deyil. Oradakı zavodların da müəyyən qismi işini dayandırıb. İstehsalat gedən zavodlar isə müharibə dövrü ilə bağlı ancaq öz ölkələri üçün yardımlar hazırlayırlar. Bu zavodlar müharibə zonasına ərzaq tədarükünü təmin etməyə çalışırlar. Bizim yeni məhsulları nə vaxta gətirə biləcəyimiz isə hələ ki müşküldür”.
Baş menecerin sözlərinə görə, hazırda depolarında istifadə müddəti uzun olan məhsullar, yağlar, şirniyyatlar, peçenyelər, içki və mayanezlər var. Lakin yararlılıq müddəti 1 aya qədər olan ət məhsulları ilə 15 günə qədər olan süd məhsulları tükənib:
“Belə vəziyyətin nə qədər davam edəcəyini bilmirik. Hazırda məhsul sarıdan qıtlıq yaşanmır. Bizim bəzi bölmələrimizdə Avropa ölkələri ilə ticarət əlaqələri qurulub. O mazalarda Almaniya və İtaliyadan gətirilən məhsullar satılır. Alıcılar bizim məhsulları sevirlər. keyfiyyətinə bələd olan hər kəs demək olar ki daimi müştərilərimizə çevrilir. Müharibə başlayan gündən bəri isə satışlarda heç bir dəyişiklik yoxdur”.
Ukraynadakı vəziyyətlə bağlı qiymətlərin qalxıb, qalxmayacağına gəldikdə isə menecer bildirir ki, bu günə qədər tarazlığı saxlamağa çalışıblar:

“Bilirsiniz ki, son vaxtlar bütün sahələrdə bahalaşma müşahidə olunur. Ancaq biz gətirilən son partiyada qiymətləri sabit saxlamağa çalışırdıq. Bu gündən sonrası isə dünya bazarında baş verən proseslərdən asılıdır.
Biz heç vaxt məhsulları buradan sifariş etməmişik. Özümüz gedib seçib, ölkəmizə gətirirdik. Hazırda orada vəziyyət olduqca çətindir”.

Söhbət zamanı baş menecer bir məqamı xüsusi vurğuladı. O söylədi ki, hazırda müştərilərdən indiyə qədər heç görmədikləri sevgi və dəstəyi hiss edirlər:
“Onu deyə bilərəm ki, son vaxtlar bizə qarşı insanlarda sevgi-məhəbbət artıb. İstər zənglərdə olsun, istərsə də sosial şəbəkə hesablarımızda çoxlu sayda xoş diləklər, sevgi sözləri alırıq. Hamı Ukraynaya dəstək olduğunu deyir. Elə şüarlar yazırlar ki, özümüzü Azərbaycandakı balaca Ukrayna kimi hiss edirik”.
Qeyd edək ki, baş çəkdiyimiz Ukrayna məhsulları mağazasının ölkəmizdə 5 filialı mövcuddur.