Ağdamda “İblis” tamaşası nümayiş olunub

21:51 01.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” çərçivəsində iyulun 1-də Ağdam Muğam Mərkəzində Azərbaycan Dövlət Pantomima Teatrının təqdimatında Hüseyn Cavidin “İblis” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Hafta.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Bəhruz Əhmədli, İblis obrazının ifaçısı isə Əməkdar artist Səbinə Hacıyevadır.

Səhnə əsərində, həmçinin Nurlan Rüstəmov, Elxan Şahaliyev, Elmin Qiyaslı, Cavad Nuriyev, Hüseyn İsmayılov, Solmaz Bədəlova, Nuridə Musabəyli və Jalə Novruzova çıxış ediblər.

Hüseyn Cavidin “İblis” fəlsəfi dramının motivləri əsasında hazırlanan tamaşada hadisələr müharibələrin, zorakılığın və səfalətin tüğyan etdiyi bir dövrdə cərəyan edir. Səhnə əsəri insanların öz çirkin əməllərinə bəraət qazandırmaq üçün bir başçı təyin edib, bütün günahları onun üzərinə atmaq cəhdlərindən bəhs edir. Münaqişə də məhz ondan başlayır ki, bu dəfə seçdikləri rəhbər onların əlində alətə çevrilmək istəmir. Sona qədər davam edən bu mübarizədə çoxluq qalib gəlir.

Tamaşada əks olunan hadisələr bütün zamanlar və xalqlar üçün aktualdır. Səhnə əsərində insanlıq və iblis arasındakı bitməyən bəşəri, əbədi mübarizə plastik bədən dili ilə canlandırılıb. Tamaşanın vizual və plastik həllində dünya incəsənətinin görkəmli nümayəndələri — Fransisko Qoya, Mikelancelo, Ogüst Rodin və digər sənətkarların şah əsərlərindən istifadə olunması səhnəyə xüsusi bədii-estetik çalarlar əlavə edib.