Bakıda dini bayraqlarla YÜRÜŞÜN PƏRDƏARXASI

17:16 25.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Dünən Bakı şəhərində dini bayraqlar olan toy karvanı təşkil edilib. Hadisənin ardınca görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılmağa başlayıb. Məsələyə DİN-dən reaksiya gecikməyib. Belə ki, karantin rejimi qaydalarını pozaraq yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün toy şənliyi təşkil edən Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov saxlanılıb. Covid pasportu olmadan məclisdə iştirak edənlər və toy karvanında avtoxuliqanlıq edən şəxslər də cəzalandırılıblar.

 Bəs görəsən belə həssas bir məqamda (Zəfər Bayramının yaxınlaşdığı və İranla münasibətlərin öndə olduğu) bu cür addım nədən xəbər verir? Ümumiyyətlə bu hərəkətin arxasında hansısa siyasi qüvvələr dayanırmı?

Mövzu ilə əlaqədar hafta.az-a danışan İlahiyyatçı Əkrəm Həsənov hesab edir ki, bu tip hallar İran tərəfindən xüsusi hazırlanmış "dindar" təbəqəni ölkəmizdə hərc-mərclik salması üçün üzərimizə göndərməsidir:

“Əlbəttə bütün bu məsələlər, həmçinin hansısa toydan sonra bir qrup özünü dindar hesab edənlərin yürüş keçirməsi həm cinayət əməlidir, həm də bunun İslam dini ilə, şəriətlə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur. İranın son günlər üzərimizə gəlməsi prosesi bizə düşmən mövqe sərgiləməsinin açıq göstəricisidir. Torpaqlarımızın 30 illik işğal dövründə İran höküməti bizim tərəfimizdə durmadı. Əgər İran istəsəydi əlbəttə ermənilərə təzyiq göstərə bilərdi. Əksinə bəzən bəzi qüvvələr ermənilərlə birlikdə bizim işğal zamanı orada qalan evlərimizi, mal-heyvanlarımızı talamaqla məşğul oldular. 44 günlük müharibənin ilk günlərində İran tərəfindən gizli yollarla Ermənistana silah sursat daşındı. İran istəsəydi, o silah-sursatı bizə, müsəlman ölkəyə dəstək üçün göndərərdi. Gec də olsa səhvini anladı”.

İlahiyyatçı ölkədə belə hallara yol verənlərə qarşı təcili ölçü götürülməli olduğunu xüsusi vurğuladı:

“İndi isə bəzi radikal şiə-rafizi məzhəbli dindarların ölkəmiz əlyehinə qara kampaniya aparılmasına rəvac verilir. Belə hallara yol verən insanların bu çirkin əməllərindən çəkinməkləri lazımdır. Çünki, ölkəmizdə müharibədən sonra əsas hədəf tutulan doğma torpaqlarımıza qayıdış həyata keçirilir. Biz hamımız bir xalq olaraq, millət olaraq əsas gücü bu işlərə verməliyik. İşğaldan azad olunan doğma torpaqların bərpasına çalışmalıyıq. Ölkədə əmin-amanlığı, sakitliyi qoruyub saxlamağımız lazımdır. Təxribatçı qruplar əməllərindən uzaq olmalıdır. Təxribata cəhd edən şəxsləri müəyyənləşdirib onlar barəsində ciddi ölçü götürülməsi zəruridir. Şəriətə görə də ölkə rəhbərinə qarşı çıxmaq, ölkədə insanları mitinqlərə, küçə yürüşlərinə səsləmək böyük günah və haramdır. İslam xəlifələri, hətta Həzrəti Əli özü də hakimiyyəti dövründə özünə qarşı, ölkə rəhbərinə qarşı çıxanları, insanları küçə yürüşünə, mitinqə səsləyənləri xəvaric, yəni dindən çıxmış adlandırırdı. Həmçinin onların bu çirkin əməllərinə görə ciddi cəzalandırırdı. Bu baxımdan islam dinində sülh, əmin-amanlıq, sakitlik əsas hesab olunur. Qarışıqlığa yol vermək böyük günah və haram hesab edilir. Məhz toydan sonra belə yürüşlərin təşkili də yol verilməzdir, İslam dininə ziddir və belə əməllərə yol vermələrinə heç zaman heç kim haqq qazandıra bilməz”.

Məsələnin  hüquqi tərəflərinə gəldikdə isə, vəkil Turan Abdullazadənin sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır:

“Cinayət Məcəlləsinə əsasən dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə— yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dini etiqad azadlığı” haqqında Azərbaycan Resublikası Qanununa əsasən dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır”.

Ekspert paytaxtda toy edən bir qrup vətəndaşın bunun ardınca dini bayraqlarla yürüş təşkil etməsini qanunvericiliyə zidd olduğunu qətiyyətlə vurğuladı. Çünki qanunvericiliyin tələbinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir:

“Üstəlik dini tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil oluna bilər. Bundan əlavə koronavirus infeksiyasının artdığı bir dövrdə bu cür dini toplanışlar insanların sağlamlığını təhlükə altına alaraq karantin rejiminin pozulmasına səbəb olur. Məlum məsələdir ki, bu cür toplanışlarda onların dini çağırışlarına başqaları da qoşula və ictimai asayişi poza bilərlər. Hüququn əsas prinsiplərindən biri də odur ki, başqalarının hüquqlarının başlandığı yerdə sənin hüquqların bitir. Konstitusiyamıza əsasən dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Məlum məsələdir ki, qeyd etdiyiniz hadisədə ictimai qayda pozulmuşdur. Üstəlik ən mühüm məsələ də ondan ibarətdir ki, bizim dini inanclarımıza əsasən etdiyim hərəkətlər cəmiyyətin başqa fərdlərini narahat etməməli və onları diskomfort hiss etdirməməlidir”.

Oxunma sayı 241