Bakıda növbəti İsrail-Suriya danışıqları

13:12 18.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün - sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələri arasında təhlükəsizlik məsələləri üzrə görüş keçiriləcək. Bir gün əvvəl isə Londonda İsrailin strateji planlaşma naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani arasında görüş keçirilib və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə edilib. Danışıqlarda ABŞ-nin xüsusi elçisi Tom Barrak da iştirak edib.

Onu da biıdirək ki, İsrail-Suriya danışıqları mütləq şəkildə ABŞ-nin və şəxsən president Donald Trampın xeyir-duası ilə keçirilir.

Yəhudilərin ikinci vətəni  

İndi bir sual yaranır: niyə İsrail-Suriya danışıqları məhz Bakıda keçirilir? Cavab olaraq qeyd edək ki, istənilən bu cür ölkələrarası və çoxtərəfli beynəlxalq görüşlərin keçiriləcəyi məkan bir sıra məsələlərə görə tərəflərin maraqlarına cavab verməlidir. Bu baxımdan, Azərbaycan hər iki ölkə üçün maraqlıdır. Məsələn, İsrail Azərbaycana dost ölkədir, tarixən bu iki ölkənin xalqları arasında sıx münasibətlər olub və sevindirici haldır ki, heç bir siyasi-geopolitik problem yəhudi və Azərbaycan xalqları arasında əlaqələrə xələl gətirə bilməyib. Azərbaycanda onminlərlə yəhudi həm sovet, həm ondan əvvəl, həm də indi öz evlərində yaşayırlarmış kimi, təhlükəsiz və rahat ömür sürürlər. Azərbaycan dünyada yeganə ölkədir ki, yəhudilər burada tam təhlükəsizdirlər. Hansı ki, mövcud hərbi-siyasi şəraitdən dolayısı İsraildə yəhudilər özlərini bu qədər rahat və təhlükəsiz hiss etmirlər. Təbii ki, bütün bunları yəhudi dövlətinin rəhbərləri yaxşı bilir və dəyər verirlər.

İqtisadi baxımdan İsraillə Azərbaycan aarsında güclü əlaqələr mövcuddur. Bu müstəvidə Azərbaycan İslam dünyasının Təl-Əvivlə ən üstün əlaqələrə malik ölkəsi sayıla bilər. İsrail neftə tələbatını böyük həcmdə Azərbaycandan idxal hesabına ödəyir. Baxmayaraq ki, məhz bu əlaqələrinə görə rəsmi Bakı mütəmadi şəkildə fərqli müsəlman ölkələrinin siyasi və qeyri-siyasi quruluşları, ictimai şəxsləri tərəfindən ittiham olunur. Yuxarıda qeyd etdiyimiz kimi, heç bir təzyiq Azərbaycan-İsrail əlaqələrini zəiflədə bilmir.

Hərbi-siyasi və müdafiə potensialının gücləndirilməsi baxımından da İsrailin Azərbaycana böyük dəstəyinin şahidiyik. İsrail dövləti və xaricdəki yəhudi diasporu birmənalı şəkildə Azərbaycanın mövqeyindən çıxış edir, o cümlədən Qarabağ münaqişəsinin həlli məsələsində Bakıya dəstək verib. Vaşinqtonun bədnam 907-ci düzəliş aktı qüvvədə oladuğu bir dövrdə, başqalarına satılmayan ən müasir silahları Azərbaycana satan İsrail bu sahədə də ölkəmizə aktif dəstəyini davam etdirib.

Tarixi dostluq

Suriyaya gəlincə, bu ölkənin tarixən Azərbaycanla sıx münasibəti olub. Hələ qədimdə mədəniyyət, ticarət sahələrində xalqlarımız arasında sıx əlaqələr vardı. Təəssüf ki, Bəşər Əsəd rejimi iqtidarda olduğu uzun illər ərzində bütün türk dünyasına, o cümlədən Azərbaycana qarşı düşmən münasibət bəsləyib və burada Ermənistanla sıx həmrəylik içində olan İranın da böyük təsirini qeyd etməliyik. Suriyada yaşayan çoxsaylı erməni icmasının təsiri də öz yerində.  Əsəd rejimi, artıq yoxdur və hakimiyyət strukturları yeni simalarla əvəzlənib. Bu da Suriyanın yenidən Azərbaycanla əlaqələrini sürətlə gücləndirmə yoluna girməsinə səbəb verib. Dövlətimiz indi Suriyanın yenidən toparlanaraq dövlət kimi güclənməsində qardaş Türkiyə ilə birlikdə fəal iştirak edir, bu ölkəyə ən qısa vaxt ərzində təbii qazın axışını gerçəkləşdirdi, yaxın gələcəkdə isə Azərbaycan şirkəti Suriya ərazisində neft yataqlarının axtarışı və işlənməsi ilə də məşğul olacaq. Hətta keçid dövrü iqtidarında olduğu qısa müddət ərzində bu ölkənin prezidenti Əhməd əş-Şara çox azsaylı xarici səfərlərindəb birini məhz Azərbaycana etdi.

Deməli, Azərbaycanla sıx münasibətlərə malik İsrail və Suriya Bakıda keçiriləcək görüşə daha yaxşı məkan alternative tapa bilməzdilər.

Tərəfsiz siyasət

Yeri gəlmişkən, bu məsələlərə uyğun bir misal çəkim: hazırda dünyanın ən böyük münaqişəsi sayılan Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün tərəflərə ən üstün təsir rıçaqları Türkiyənin əlindədir. Niyə? Çünki münaqişənin ilk günlərindən Ankara həm Rusiya, həm dəUkrayna ilə taraz və dostcasına əlaqələrini davam etdirib, birini digərindən üstün tutmadı. Hansı ki, Avropa və ABŞ liderləri birmənalı şəkildə Kremlin əleyhinə birləşdi və bununla da, məsələn, bir neçə raund keçirilən İstanbul görüşləri və sair kimi iki tərəf arasında keçirilən sülh danışıqları məhz Türkiyədə baş tutdu. Həm Ukrayna lideri Volodimir Zelenski, həm də Rusiya prezidenti Vladimir Putin yalnız Türkiyənin vasitiçiliyinə qeyd-şərtsiz razılıq verir…

Bu arada İsrail–Fələstin (xüsusilə də son iki ildə Həmas-la) və İsrail-Suriya münasibətlərində vasitəçilik missiyasını öz üzərinə götürən Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), bu yaxınlarda İsrailin Qətərin paytaxtında məskunlaşmış Həmas liderlərinə hücumundan sonra Təl-Əvivlə münasibətlərdə geri çəkildi və bu da ərəb ölkələrinin İsrail üçün davamlı tərəfdaş ola bilməyəcəyini ortaya qoydu. Azərbaycanla isə, indiyədək və güman ki, bundan sonra da münasibətlərə zərər verə biləcək heç bir hal yaşanmayıb və yaşanmayacaq da.

Danışıqların mövzusu

Bizim nəzərimizdə bu iki dost, amma öz aralarında mühriban düşmən olan İsrail və Suriya təmsilçilərinin danışıqlarında nələr əsas mövzu ola bilər? Ümumiyyətlə, bu iki qonşu ölkə arasında düşmənçiliyə necə son qoymaq olar? Məncə, birinci mərhələdə İsrail ordusunun Suriyanın cənubundan çıxarılması lazımdır. Düzdür, Colan təpələri məsələsinin belə tezliklə həll olunacağını gözləmək sadəlövhlük olardı, amma bununla bağlı da ilk razılaşmanın imzalanması qaçılmazdır.

İkinci mərhələdə tərəflər arasında gərginliyin azaldılması və hərbi əməliyyatların dayandırılması, sərhəd bölgəsindəki separatçı qüvvələrin təmizlənməsi lazımdır.

Üçüncü mərhələdə siyasi məsələlər üzrə daha dərin təmaslar və İbrahim Sazişinə bənzər razılaşmanın əldə edilməsinə ehtiyac var. Lakin bu, hərtərəfli və möhkəm razılaşma olmayacaq, çünki bir çox mürəkkəb məsələlər hazırkı mərhələdə dondurulmuş vəziyyətdə qalacaq.

İsraildəki bir sıra ekspertlər bu qənaətdədirlər ki, danışıqların məhz Azərbaycan kimi dost ölkədə keçirilməsi nəticələrdə real irəliləyişə nail olmaq üçün əlverişli imkan yaradır.

Paralel vasitəçilik

Sonda qeyd edək ki, İsrail-Suriya danışıqlarının Bakıda keçirilməsi və Azərbaycanın bu iki ölkə arasında birbaşa vasitəçilik missiyasını öz üzərinə götürməsi, gələcəkdə İsraillə Türkiyə arasında da gərginliyi azaltmaq üçün görüş və danışıqların başlanmasına şərait yarada bilər. Hətta bu yönümdə daha əvvəllər səylər də göstərilib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarının birində təsdiqləyib.

Prezident Əliyev demişdi: “Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Türkiyə bizim müttəfiqimiz, İsrail isə Azərbaycan üçün dost dövlətdir və illər ərzində bu qarşılıqlı dostluq hər iki tərəf üçün çətin anlarda özünü doğruldub. Ona görə də iki ölkə arasındakı gərginlik bizi son dərəcə narahat edir”.

Onu da qeyd edək ki, Azərbaycanın İsraillə Suriya aarsında etdiyi vasitəçilik, Türkiyə ilə İsrail arasında daha səmərəli və tez nəticə verə bilər. Niyə, çünki Türkiyənin İsraillə birbaşa sərhədi olmadığı üçün, məsələn, Colan təpələri kimi çözülməz problemə çevrilmiş ərazi iddiaları danışıqlara maneə törətməyəcək. Bu iki ölkə arasında ziddiyyətlər sadəcə regional hərbi-siyasi təsirdən qaynaqlanır. Nəzərə alaq ki, zamanında İsraili dövlət olaraq tanıyan, Təl-Əvivdə səfirlik açan və bu ölkə ilə sıx iqtisadi əlaqəılərə malik olan azsaylı müsəlman ölkətlərindən biri məhz Türkiyə olub. Hesab edirəm bu ölkələrin yaxınlaşmasının basilica yolu regionda bir-birinin maraqlarına müdaxilə etməməsindən keçir. Təbii. Qəzza məsələsi əsas problemdir. Onu da ikidövlətli həll yolu ilə aradan qaldırmaq mümkündür və insafən bütün dünya indi bu xüsusda təkid edir. Hələ onu demirəm ki, artıq Suriyada böyük təsirə malik olan Türkiyənin İsraillə hər cür birbaşa iqtisadi-ticarət əlaqəsi yaratması üçün qapılar açılıb. Üstəlik, İsrailin Aralıq dənizindən çıxaracağı təbii qaz heç bir maneə olmadan Suriya əraziisndən keçməklə Türkiyəyə və oradan da Rusiyanın asılılığından qurtulmağa çalışan Avropaya nəql edilə bilər. Bu baxımdan düşünürəm ki, Azərbaycanın sülhsevər və tərəfsiz vasitəçilik missiyası Türkiyə ilə İsraili də barışdıracaq və Yaxın Şərqi böyük əhatədə münaqişələrdən xilas edəcək…