Qazaxıstanın ölkəmizdəki Səfirliyi Respublika Günü münasibətilə rəsmi qəbul keçirib.
Hafta.az-ın yazdığına görə, dövlət və hökumət rəsmilərinin, millət vəkilləri, diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Azərbaycan və Qazaxıstanın dövlət himnləri səsləndirilib.

Səfir Alim Bayel açılış çıxışında son illər Qazaxıstan - Azərbaycan əməkdaşlığının inkişaf sürətinin ilk növbədə iki ölkə Prezidentləri arasında etimada söykənən dialoqu sayəsində artdığını qeyd edib. Səfir, Azərbaycanla Qazaxıstanı türk soykökünün birləşdirdiyini və hər iki ölkənin regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün birgə çalışdığını vurğulayıb. Diplomat həmçinin Orta Dəhliz (TBNM), Xəzər dənizin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi, Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqli kimi iri layihələrin həyata keçirilməsindən söz açıb.

Azərbaycan hökuməti adından təbrik nitqi söyləyən Energetika naziri, Azərbaycan - Qazaxıstan Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həmsədri Pərviz Şahbazov çıxışında münasibətlərin qardaşlıq xarakterini daşıdığını, iki ölkə və xalq arasında strateji tərəfdaşlığını vurğulayıb.
İki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və dostluğa əsaslandığını və mütəfiqqlik səviyyəsində olduğunu vurğulayan nazir çıxışında qarşlıqlı səfərlərin vacibliyini qeyd edib. Pərviz Şahbazov deyib ki, uzun illər davam edən münaqişənin həllində Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. O, Füzulidə uşaq yaradıclığı mərkəzinin yaradılması təşəbbüsünün Qazaxıstana aid olduğunu xatırladıb, bunun iki ölkə arasında qardaşlıq əlaqələrinin təcəssümü adlandırıb: "İqtisadi tərəfdaşlıımz dərinləşir, qarşlıqlı maraq kəsb edən layihələr reallaşdırlır. Ölkələrimiz TDT çərçivəsində sıx əməkdaşlıq edir. Hökumətlərarası Komissiyanın fəaliyyəti qarşlıqlı investisiyanı təşviq edir".

Tədbir zamanı A.Bayel Prezident Kasım-Jomart Tokayevin adından və tapşırığına əsasən Azərbaycan Respublikasının xadimlərinə dövlət mükafatları və fəxri fərmanları təntənəli şəkildə təqdim edib. Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Qazaxıstan və Azərbaycan xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin Xarici Siyasət Məsələləri üzrə köməkçisi Hikmət Hacıyev, eləcə də publisist, ssenarist və tərcüməçi Nəriman Əbdülrəhmanlı II dərəcəli “Dostluq” ordeni ilə təltif olunublar.

Qazaxıstanla Azərbaycan arasında qardaş münasibətlərin təşviqi, ikitərəfli strateji əməkdaşlığın möhkəmləndirilməsi üzrə verdiyi töhfələrə görə Energetika Naziri Pərviz Şahbazov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev Qazaxıstan Respublikası Prezidentinin Fəxri Fərmanları ilə təltif olunublar.

Tədbir çərçivəsində Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi, Qazaxıstanın Mərkəzi Dövlət Muzeyi və Qazaxıstanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunan etnoqrafik sərgi qonaqlara təqdim olunub. Tədbir qonaqları qazax xalqının ənənəvi mədəniyyətinin müxtəlifliyini əks etdirən qədim təsərrüfat və məişət əşyaları, geyimləri, atçılıq avadanlıqları, xalça-keçə və digər milli məmulatları ilə tanış olublar.
Eyni zamanda tematik fotosərgi təşkil olunub.

Tədbirin qeyri-rəsmi hissəsində Şımkent Şəhər Opera və Balet Teatrının artistləri konsert proqramı ilə çıxış ediblər. Qazax və Azərbaycan xalq mahnıları və rəqsləri nümayiş olunub, iki ölkənin tanınmış bəstəkarların əsərləri səsləndirilib.
Qonaqlara həmçinin milli mətbəxinin təamları və tanınmış Qazaxıstan müəlliflərin Azərbaycan dilində olan kitabları da təqdim olunub.