Bakıda zəlzələ olarsa... – Müzakirə

10:31 09.02.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, qardaş Türkiyədə zəlzələ fəlakəti yaşanır. Altı mindən çox binanın yerlə-yeksan olduğu, minlərlə insanın həyatını itirdiyi bölgələrdə hazırda axtarış-xilasetmə tədbirləri davam etdilir. Əslində, zəlzələdən heç bir ölkə sığortalanmayıb. Təbii fəlakətin nə dərəcədə böyük dağıntılara səbəb olması ağıllara tikintidə keyfiyyət məsələsini gətirir. Bu gün Türkiyə mediasında tikintiyə nəzarət məsələsi geniş müzakirə edilir. Sosial şəbəkələrdə yayılan foto və videolardan görünür ki, zəlzələ bölgəsində köhnə tikililərlə yanaşı, müasir hündürmərtəbəli binalar da təbii fəlakətə davam gətirməyib. Türkiyədə baş verən hadisə “Azərbaycanda binalar zəlzələyə nə dərəcədə davamlıdır” sualını da aktuallaşdırdı.

Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədə qeydə alınan zəlzələdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, 2019-cu ildən bəri binaların yerinin seysmoloji balını müəyyən etmək üçün onlara müraciət edilmir: “Əvvəl müraciətlər olanda bizim əməkdaşlar tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər. Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olmur. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur. Binalar tikiləndə mütləq şəkildə seysmoloji tədqiqatlar aparılmalıdır”.

Onun sözlərinə görə, riski minimuma endirmək üçün hər bir binanın quruluşu araşdırılmalıdır: "Bakı da çox geoloji mürəkkəb quruluşa malikdir" deyən Yetirmişli qeyd edib ki, paytaxtda bəzən bir binanın zəlzələyə davamlılığına 7-8 bal verilir.

Ekspert qeyd edib ki, 2006-cı ilə kimi az sayda inşa olunmuş yeni tikilən binalar haqqında ciddi bir söz demək olmaz: “Lakin düşünmürəm ki, həmin binalarda bu kimi ciddi hallar baş tuta bilər. O binaların da artıq uzun müddət istismar müddəti var, bir dəyişiklik ola bilməz”.

Maraqlıdır, görəsən, Azərbaycanda binalar zəlzələyə nə dərəcədə davamlıdır? Ümumiyyətlə, biz Türkiyədə yaşanan təbii fəlakətdən hansı nəticəni çıxarmalıyıq?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda təkcə Bakı şəhərində 11 minə yaxın istismar müddətini bitirmiş, köhnə çoxmənzilli yaşayış binaları var: “Bunlar 2,3,4 və 5 mərtəbəli binalardır. 150- yə yaxın bina artıq aidiyyatı qurumlar tərəfindən qəzalı kimi qeydə alınıb. Amma köhnə yaşayış binalarının, çox mənzilli binaların ümumi monitorinqi aparılsa, qəzalı binaların sayı daha çox olar. Amma binaların istismar müddətinin bitməsi onların qəzalı olmasına əsas vermir. Elə binalar var ki onların 150-200 yaşı var amma hələ də qorunub saxlanılır. Mərkəzi Avropanın mərkəz şəhərlərində yaşı 200- 300 il olan binalar var ki, restavrasiya olunub, tikinti- bərpa işləri aparılıb və hələ də orada insanlar yaşayır. Azərbaycandakı köhnə binaların əksəriyyəti baxımsız vəziyyətdədir. Əvvəllər bunlara Mənzil İstismar Sahələri baxırdısa, sonra onlardan bəzi səlahiyyətlər alındı və məsələ qeyri-müəyyəndir”.

Ekspert qeyd edib ki, 2016- cı ildə başlayaraq istismar müddəti başa çatmış binalarla bağlı pilot layihələrə start verilib: “Bu qərarla istismar müddəti bitmiş binaların söküntüsünə və yeni binların tikintisinə başlanıldı. Daha sonra isə bu qərar dəyişdirildi. Hazırda köhnə binaların sökülməsinə icazə verilir. Bir binanın sökülüb, yeni binanın tikilməsinə təxminən 2-3 il vaxt gedir. Bu gün minlərlə istismar müddətini bitirmiş və qəzalı binalar var. Bunların sökülüb yeni bina ilə əvəzlənməsi üçün uzun onilliklər lazımdır. Sökən tərəf dövlət deyil, söküb və tikən özəl tikinti şirkətləridir ki, bunlar da yalnız öz maraqları olan ərazilərdə söküntü işləri aparırlar”.

Onun sözlərinə görə, bəzi ərazilərdəki köhnə binaların zirzəmiləri demək olar ki, uzun illərdir çirkab suları ilə doludur: “Çirkab suları ilə zirzəminin dolması, binanın bünövrəsinin məhvinə, yumşalmasına, orada bərkidilmiş knstruksiyaların əriyib, yox olmasına gətirib çıxarır. Eyni zamanda binalara olan əlavə artırmalar konstruksiya dəyişiklikləri də birbaşa binanı qəzalı vəziyyətə gətirib çıxarır, binanın tarazlığını pozur. Başqa qisim binalar var ki, həmin binalarda zirzəmilər qazılıb, hətta binanın bünövrəsini ötüb keçib, əlavə qapılar və pəncərələr açılıb, qeyri- yaşayış obyektinə çevrilib. Bu da təbii ki, binanın təməlinin dağılmasına gətirib çıxarır. Eyni zamanda yol kənarında olan binaların birinci mərtəbələrinin sökülərək, qeyri -yaşayış obyektlərinə çevrilməsi, ana divarın təməl divarlarının sökülməsi, özü də artıq binanın daşıyıcı hissələrinin boşalmasına gətirib çıxarır. Nəzərə alaq ki, bu binalar 2000- ci ilin zəlzələsindən salamat çıxıb. Ancaq aradan 23 il vaxt keçib və 23 il də yetərli bir müddətdir ki, binalar köhnəlsin. Bu müddət ərzində həmin binaların əksəriyyətində çox ciddi dəyişikliklər baş verib. Belə görünür ki, köhnə binaların sökülmə prossesi hələ uzun illər aparacaq. Buna görə də biz Türkiyədə baş verənlərdən nəticə çıxarmalıyıq və zəlzələ yaxud təbii fəlakət zamanı bu binaların uçulub -dağılmaması üçün ilk növbədə həmin qəzalı binalarda indidən tikinti- bərpa işləri, bərkidilmə işləri aprılmalıdır. Hansısa bir fəlakət baş verən zaman binalar ayaqda dura bilsin. Təbii ki o binalar birmənalı olaraq sökülməlidir, amma sökülənə qədər bu binaları hansısa formada qoruyub saxlamaq lazımdır. Çünki orada insanlar yaşayır. Nəzərə alaq ki, bir 4 bloklu 5 mərtəbəli binada 60 mənzil olur. Siz düşünün ki, indi bu binalarda nə qədər insan yaşayır?!”.

Ekspert bildirir ki, fərdi həyət evlərində hər hansısa bir zəlzələ olan zaman orada insanların çölə çıxması, uçqunun altında qalma faizi çox aşağıdır: “Düzdür təbii fəlakət olan zaman bu sıx şəkildə tikilmiş fərdi həyət evlərinə də öz mənfi təsirini göstərə bilər. Çünki bəzi ərazilərdə evlər bir-binə yapışıq vəziyyətdədir. Hadisə baş verdiyi zaman ciddi evakuasiya problemi ola bilər. Biz müşahidə edirik ki, son 8 ildə tikilən binalar çox ciddi şəkildə yoxlanılır. Tikilən zaman, hər mərtəbəsi qoyulan zaman, beton verilən zaman və tikilib başa çatdıqdan sonra aidiyyatı üzrə bəzi dövlət qurumları istər armaturun, istər betonun labarator analizini aparırlar. Standartlara uyğundursa, daha sonra icazə verilir ki, həmin materialdan istifadə olunsun. Burada başqa məsələ var. Bəzi ərazilər var ki, həmin ərazilərdə yeni binalar çox sıx şəkildə tikilib, əksər hissələrinin bir giriş - bir yol hissəsi var. Həmin sıx massiv salınmış yeni tikili binalardan ibarət olan o şəhərciklərdə binaların bir neçəsi keyfiyyətsiz tikilərsə, zəlzələ zamanı o binalardan birinin uçması kifayət edər ki, digər binalara da zərər dəysin, digər binaları da uçurub dağıda bilsin”.

Mövzu ilə bağlı qəzetimizlə fikirlərini bölüşən ekoloq, seysmoloq Ənvər Əliyev uzun müddət yığılan enerji yeraltı təkanlar formasında özünü göstərir: “Heç kim yeraltı təkanlardan sığortalanmayıb. Dünyanın ən seysmik zonası Aralıq dənizi ətrafı hesab olunur. Bütün dünya geoloqları, seysmoloqları Türkiyədə yeraltı təkanların olacağını gözləyirdilər. Təəssüf ki, gözləntilər reallaşdı. İnşallah, daha bu zəlzələ təkrarlanmaz. Əslində, yeraltı təkanların İstanbulda olacağı düşünülürdü, lakin ətraf rayonlarda, bölgələrdə müşahidə edildi. Türkiyədə fasiləsiz zəlzələlərin hamısı bir ocaqdan qidalanır. Bunun səbəbi isə nəhəng Afrika platformasının bizim yerləşdiyimiz Avrasiya materikini şimala doğru sıxmasıdır. Uzun müddət davam edən və millimetrlə müşahidə edilən prosesin ölçüləri böyüyərək metrlərə çatdı, nəhayət, güclü təkana çevrildi. Bu səbəbdən Azərbaycanda da zəlzələ ola bilər. Bunu əhalini qorxutmaq üçün demirik. Uzun illər əvvəl müxtəlif vaxtlarda Naxçıvanda, Gəncədə, eləcə də Göygölün əmələ gəlməsi ilə nəticələnən güclü zəlzələlər baş verib. 1192-ci ildən 2002-ci ilə qədər Şamaxını yerlə bir edən təxminən səkkiz zəlzələ olub. Bəzi məlumatlara görə, 1667-ci ildə Şamaxıda baş verən zəlzələdə 80 minə yaxın adam ölüb. Yəni bu yeraltı təkanlar min illər ərzində olub, yenə də ola bilər. Bunların qarşısını almaq, öncədən bilmək mümkün deyil. Lakin maariflənmək olar. Bina inşa edərkən, körpü salarkən bu nüanslar düşünülməlidir”.

Mütəxəssis vurğulayıb ki, aidiyyəti qurumlar Türkiyədə yaşanan faciədən nəticə çıxarmalıdırlar: “Bu gün ölkə əhalisinin 40 faizi Bakıda cəmləşib. Bu gün bu qədər əhalisi olan şəhərdəki bütün binaların səkkiz ballıq zəlzələyə dözəcəyinə inanmıram. İnşa edilən binalar o qədər bir-birinə yaxındır ki, zəlzələ anında binalardan biri silkələnib digərinə dəysə, domino daşı kimi hamısı yerlə bir ola bilər. Allah eləməsin ki, belə bir hadisə olsun, amma bu məsələdə diqqətli olmaq lazımdır. Köhnə, qəzalı binalar çoxdur, yeni tikilənlərin də hamısına etibar yoxdur. Heç kim zəmanət vermir ki, bu binalar standarta uyğundur və səkkiz ballıq zəlzələyə dözəcək. Zəlzələnin müddəti 2000-ci illərdə olduğu kimi, bəlkə, 10-13 saniyə olmaz, 30-40 saniyə olar. Qorxmaq yox, hazır olmaq lazımdır. Camaatı başa salmaq lazımdır. Yenə deyirəm, heç kim heç nədən sığortalanmayıb”.

Ekspert vurğulayır ki, azərbaycanlı seysmoloqların 1977-ci ildə apardıqları araşdırmalar nəticəsində tərtib etdikləri seysmoloji xəritəyə əsasən ərazilərin bölgüsü aparılıb: “Həmin xəritəyə əsasən, Qafqazın cənub yamacından Balakən, Şamaxıya qədər olan ərazilər 8-9 ballıq, Bakı 7-9 ballıq zəlzələyə dözümlüdür. Amma burada önəmli olan bir məsələdə də var ki, ərazidə yerləşən tikililər harada tikilib. Məsələn, əgər bina hər hansı bir kristal qayanın üzərində tikilibsə, onun daha tez zərbə alması mümkündür. Çünki dalğalar müqavimət gələn yerdə daha çox silkələyir. Amma şəhərdə elə binalarda da var ki, məsələn, 6-cı mikrorayon istiqamətində, Xutor tərəfdə çöküntü çuxurları var. Həmin istiqamətdəki binaların altında sanki yastıq var. Dalğa gəlib ona dəysə, dalğanı udacaq. Yəni, binanın oturacağı yumuşaq yerdə olanda ona dəyən zərbələri udur. Ona görə də binalara yer seçərkən diqqətli olmaq lazımdır, mütəxəssislərlə məsləhətləşilməlidir. Bundan başqa, binalarda müxtəlif dəyişiklik aparırıq, genişləndiririk, zirzəmidəki sütunlar ləğv edilib qeyri-yaşayış sahəsinə çevrilir və s. Bunların hamısı binaların zəlzələyə davamlılığını azaldır. Ona görə də aidiyyəti qurumlar bu məsələyə ciddi fikir verməlidirlər, günü bu gündən yoxlamalara başlamalıdırlar”.

Oxunma sayı 102