“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bir daha təsdiqlədi ki, mənzil insan ləyaqətinin təməli və dayanıqlı inkişafın əsas hərəkətverici qüvvələrindən biridir.
Hafta.az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-də Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin ortamüddətli icmalına həsr olunmuş Yüksəksəviyyəli İclas çərçivəsində təşkil edilən 1-ci çoxtərəfli tərəfdaşlar panelində çıxışı zamanı səsləndirib.
Komitə sədri bildirib ki, “Bakı Fəaliyyətə Çağırış” sənədi bu yanaşmanı davam etdirərək insanmərkəzli və yerli səviyyəyə əsaslanan siyasətlərin təşviqini, eləcə də qlobal öhdəliklərin yerli nəticələrə çevrilməsinin vacibliyini vurğulayır.
“Əlverişli mənzillərə çıxışın sürətləndirilməsi yalnız bir siyasət aləti ilə mümkün deyil. Mənzil tikintisi, torpaq siyasəti, əlçatan maliyyələşmə, tənzimləmə mexanizmləri və ərazi planlaşdırılması vahid və qarşılıqlı əlaqəli sistem kimi fəaliyyət göstərməlidir. Müxtəlif əhali qrupları fərqli maneələrlə üzləşdiyindən, genişmiqyaslı həllər bir-birini tamamlayan siyasət və maliyyələşdirmə alətləri tələb edir.
Azərbaycanın təcrübəsi də məhz bu yanaşmanı əks etdirir. 2016-cı ildə əlverişli mənzil təminatını həyata keçirmək məqsədilə xüsusi institut kimi Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaradılıb, eyni zamanda, “Münasib Mənzil üzrə Yol Xəritəsi” qəbul edilib. Həmin vaxtdan etibarən ümumilikdə 14 minə yaxın mənzili əhatə edən 18 yaşayış layihəsi həyata keçirilib. Mənzil sahibi olanların təxminən 70 faizini 35 yaşadək gənclər təşkil edir. Bazar faizlərindən xeyli aşağı olan güzəştli ipoteka proqramları, eləcə də “kirayə götürüb sonradan alma” mexanizmi vətəndaşlara mənzil sahibi olmaq üçün müxtəlif imkanlar yaradır”, – deyə Anar Quliyev əlavə edib.