Bakıətrafı kənd və qəsəbələrinin avtobus problemi: interval 30, 40 dəqiqə - BNA nə deyir?

16:29 12.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Artıq bir neçə ildir ki, Bakı şəhərində avtobus parkları yenilənir. Paytaxta müasir avtobuslar gətirilir. Məslən, bu il bir neçə xətt üzrə köhnə avtobuslar yeniləri ilə əvəzləndi. Gətirilən avtobuslar "Avro 5" standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək.

Lakin bütün bunlarla yanaşı Bakının ətrafyanı kənd və qəsəbələrinə işləyən avtobusların bir qismi öz istismar müddətini başa vurub. Həmçinin bu avtobusların interval vaxtı da çoxdur. Bundan əlavə bəzi kəndlərə isə yalnız bir avtobus xətti mövcuddur.

Bu kimi problemlərlə bağlı hafta.az Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev ilə əlaqə saxlayıb. Qurumun sözcüsü  bildirib ki, şəhərətrafı marşrut xətləri üzrə avtobusların iş saatı və hərəkət intervalı şəhərdaxili ilə müqayisədə fərqli olur:

“Çünki, ətraf istiqamətlərdə axşama doğru intensivlik azalır ki, bu da sərnişin axını ilə əlaqədardır. Digər bir tərəfdən hazırda sürücü və xətt daşıyıcıları tərəfindən avtobusların hərəkət intervalında lüzumsuz gecikmələr olur. Bu kimi məsələlər kart sisteminə keçidlə tam aradan qalxacaq. Avtobuslar karta keçdikdən sonra onların hərəkət cədvəli daha daşıyıcılar tərəfindən təyin edilən ayrı-ayrı şəxslər tərəfindən deyil Mərkəzi Dispetçer Xidməti tərəfindən tənzimlənəcək”.