Bank kartlarımızı gözləyən təhlükə

12:15 27.05.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar bank kartlarından oğurluq halları daha da artıb. Belə ki, cinayətkar qruplar xarici nömrələr vasitəsilə vətəndaşlara zəng edərək onların bank kartı məlumatlarını əldə edir və hesablarında olan vəsaitləri kiber üsullarla talamaqda davam edirlər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) mövcud vəziyyətlə bağlı vətəndaşları diqqətli olmağa çağırıb. Qurumun Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, mayın 18-19 tarixlərində vətəndaşlara məxsus kartlardan müvafiq olaraq 9604, 6500, 5075, 2720, 1700, 1700, 1432, 1347, 1340, 1200, 1123, 975, 560, 490, 460, 400, 318, 300, 250, 160, 100, 43 vəsaitlər oğurlanıb: “Bütün faktlar bir üsulla - şəxsi məlumatları vətəndaşların tanımadığı şəxslərə verməsi nəticəsində baş verib. Ən yüksək məbləğ, “faiz hesablanmadan əlavə kredit xətti açılması” ilə bağlı 9604-dür. “Bankdandır, karta müdaxilə var, hesabınızdan pul oğurlanma riski yaranıb, aradan qaldırmağa çalışırıq”, - deməklə isə 6500 manat pul oğurlanıb. Digər faktlar da eyni məzmunludur”.

DİN rəsmisi müracətində qeyd edib ki, hesaba pul köçürülməsi niyyəti ilə qarşı tərəfə 16 rəqəmdan əlavə məlumatlar verilməməlidir: “Əgər hər hansı cəbedici təkliflərə inanmaq istəyirsinizsə, müştərisi olduğunuz bankla əlaqə saxlayın, informasiyanı yoxlayın, əks halda pul vəsitinizi itirəcəksiniz”.

Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, bank kartlarından pulların oğurlanması müxtəlif yollarla baş verir. Azərbaycanda yayılmış geniş üsullardan biri fişinqlərdir: "Fişinqlərdə öncə telefonlar ələ keçirilir, yəni link göndərilir və bu linklərlə telefondakı məlumatlar ələ keçirildikdən sonra vətəndaşların məlumatlarından istifadə edərək onun hesabına daxil olur və kartlardakı pullar çəkilir. Belə məsələlərdə banklar haqlı olaraq özünü sığortalayır ki, əgər vətəndaşın öz səhvi varsa, buna görə bank məsuliyyət daşımır. Bank, ancaq öz sisteminə məsuliyyət daşıyır, lazımi güvənlik tənzimləmələrini edir. Əgər siz öz səhvinizə görə məlumatlarını oğurladırsınızsa, bank da keçirilən əməliyyatları sizin keçirdiyiniz kimi görürsə, o burda məsuliyyət qəbul etmir”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də hesab edir ki, onlayn fırıldaqçılıq yolu ilə bank kartlarından pulların oğurlanması kimi halların bu qədər artmasına səbəb vətəndaşların məlumatsızlığıdır: “Bu gün dələduzluq formaları da rəqəmsallaşıb və bu mövzuda kifayət qədər “peşəkarlar” var. Onların “uğurunun” əsas səbəbi isə əksər hallarda insanların məlumatsızlığı olur. Vətəndaşlar son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Mütləq şəkildə onlara sorğu göndərən resursu öyrənməli, domenin nə zaman yaradıldığına diqqət yetirməlidirlər. Sorğu göndərən resurs barədə “Google”da qısa bir araşdırma aparmalıdırlar. Əgər bu resurs barədə “Google”d ə heç bir məlumat yoxdursa, dərhal aidiyyəti qurumlara müraciət etmək lazımdır”.

Ekspert qeyd edir ki, bir neçə qaydaya riayət etməklə bu kimi risklərdən qorunmaq olar: “İstənilən bankda kart əldə etdiyiniz zaman ilk iş olaraq SMS bildiriş funksiyasını aktivləşdirmək lazımdır. Heç bir halda zəng vuran, e-mail və ya sosial şəbəkə vasitəsilə yazan fırıldaqçının sözlərinə inanmaq olmaz. Bütün kart mərkəzlərinin 7/24 çalışan əməkdaşları var. Təhlükəli əməliyyat aşkarladıqları zaman vətəndaşın icazəsini soruşmadan belə bu əməliyyatı dondurmaq və bloklamaq səlahiyyətləri var. İnternetdə qarşınıza çıxan cəlbedici onlayn lotereya və ya prizlərlə bağlı keçidlərə keçmək məsləhət deyil. Vətəndaş ona məxsus olmayan, ictimai açıq olan Wi-Fi şəbəkələrinə də qoşulmamalıdır. Məcburiyyətdən qoşulduğu zaman isə elektron bank sistemlərinə, elektron poçta, sosial şəbəkə sistemlərinə giriş etməməyə çalışmalıdır. Vətəndaş daxil olduğu saytların adlarının “https” ilə başladığına və öndə yaşıl qıfıl işarəsinin olduğuna diqqət yetirməlidir”.

Məsələyə münasibət bildirən bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, bəzən kimsə vətəndaşlara zəng edir, bank kartının rekvizitlərini soruşur, guya ki, bankdan zəng ediblər. Vətəndaş da düşünmədən kartının rekvizitlərini, onun ön və arxa tərəfində olan nömrələri, digər məlumatları o şəxsə verir. Zəng edən şəxsin həqiqətən də bank işçisi olub-olmadığı dəqiqləşdirilmir. Ona görə də kartından pul çıxarılır. Vətəndaş bilməlidir ki, bank heç vaxt telefonla zəng edib belə şeyləri soruşmur. Bu məlumatlar bankın özündə mövcuddur: “Ümumilikdə, bankın kart məlumatlarını istəməsi şübhəli haldır. Bank müştəriyə kartı həmin məlumatları üçüncü tərəfə açıqlamamaq şərti ilə təqdim edir. Belə olduğu halda bankın özünün geri dönüş edib bu məlumatları müştəridən istəməsi sual doğurur. Bu məlumatlar onsuz da bankın sistemində var. Hansısa bankın adından müştəriyə zəng daxil olunubsa, hansısa məlumatlar tələb edilirsə və müştəridə öz-özlüyündə şübhə yaranırsa, həmin şəxs dəstəyi asmalı və bankla özü əlaqə saxlamalıdır. Müştəri zəngin məzmunu ilə bağlı məlumatları verdikdə bank özü də təhlükəsizlik xidmətlərini gücləndirmiş olur”.

Oxunma sayı 53