Əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması halları ilə bağlı istintaq hərəkəti təxirəsalınmadan aparılacaq. Bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinatyət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, son dövrlərdə müasir informasiya texnologiyalarından istifadə olunmaqla əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması hallarında bu cinayətlərin təqibinin operativliyinin təmin etmək məqsədilə Cinayət-Prosessual Məcəlləsinin 446 və 447-ci maddələrinə müvafiq dəyişikliklər təklif edilir.
Maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi növündə istintaq hərəkəti, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir.
Məcəlləyə təklif edilən dəyişikliyə əsasən bu istintaq hərəkətinin təxirəsalınmadan aparılması zəruri olduğu hallarda, müstəntiq tərəfindən belə zərurətin əsaslandırıldığı vəsatətə məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılacaq.
Son vaxtlar bank kartlarına edilən kiberhücumların sayı kəskin şəkildə artıb. Vətəndaşların şəxsi kart məlumatlarını əldə edən kibercinayətkar dəstə hər gün böyük məbləğlərdə pul vəsaitləri oğurlayırlar. Mövcud vəziyyət insanlar arasında bank kartlarına olan inamı azaldıb. Bu, yalnız fərdi maliyyə təhlükəsizliyi ilə deyil, həm də ümumi bank sisteminin sabitliyi və rəqəmsal iqtisadiyyatın inkişafı ilə sıx bağlıdır. Araşdırmalara əsasən, insanlar kart məlumatlarının təhlükədə olduğunu hiss etdikdə nağd pula üstünlük verir, onlayn alış-verişdən çəkinir, rəqəmsal bank xidmətlərinə qarşı ehtiyatlı yanaşırlar.Bu isə rəqəmsal maliyyə sisteminin inkişafına və bankların müasir xidmətlərinin genişlənməsinə əngəl yaradır. Mütəxəssislər hesab edirlər ki, maliyyə institutları bu məsələyə ciddi yanaşmalı, güclü təhlükəsizlik protokolları tətbiq etməlidirlər.
Mövzu ilə bağlı İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib ki, bu sahədə artan vətəndaş müraciətləri bank sektorunda problemlərin düşündüyümüzdən də ciddi olduğunu ortaya qoyur: “Son günlər bank kartlarından edilən kütləvi oğurluqlar və bankların məsuliyyəti ilə bağlı paylaşımımızdan sonra bizə çoxsaylı müraciətlər daxil olub. İnsanlar onların xəbəri olmadan adlarına kredit götürüldüyünü bildirirlər və araşdırmalar nəticəsində vəziyyətin həqiqətən də kritik olduğu görünür”.
Ekspertin sözlərinə görə, hazırda ölkədə demək olar ki, bütün banklar onlayn kredit xidmətləri təqdim edir. Bu xidmətlər geniş yayılsa da, ciddi riskləri də özü ilə gətirir. Kiberfırıldaqçılar vətəndaşların adından saxta üsullarla kredit götürə bilirlər və vətəndaşlar bu əməliyyatlardan yalnız günlər sonra xəbər tutur. Banklar isə məsuliyyəti üzərlərinə götürmək əvəzinə, “Siz təsdiqləmisiniz” cavabı ilə kifayətlənirlər”.
Mütəxəssis qeyd edir ki, bankların onlayn kredit prosesində identifikasiya sistemləri zəifdir: “Qısa araşdırma ilə məlum oldu ki, yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemindən istifadə edir. Digər banklar isə adi üsullarla və ya ən yaxşı halda videozəng vasitəsilə identifikasiya aparırlar. Hətta bəzi böyük banklar öz daxili biometrik sistemlərini yaradıblar, lakin qanunvericiliyə uyğun lisenziyaları yoxdur”.
Ekspert, həmçinin Mərkəzi Bankın bu məsələyə qarşı ciddi tədbirlər görmədiyini də vurğulayıb. Onun fikrincə, artıq videozənglə identifikasiya sistemi öz aktuallığını itirib, dünya praktikasında isə üstünlük biometrik identifikasiya üsullarına verilir: “Azərbaycanda da qanunvericilik təkmilləşdirilməli və onlayn kredit üçün yalnız biometrik identifikasiya məcburi olmalıdır. Yalnız lisenziyalı biometrik imzalama vasitələrinə icazə verilməlidir. Mərkəzi Bank bu sahədə banklara qarşı yeni yanaşma ortaya qoymalıdır. Banklar vətəndaşlara “Özünüz təsdiqləmisiniz” deyib məsuliyyətdən yayınmamalıdır. Əgər məsuliyyət artırılmasa, bu problemin həlli çox çətin olacaq”.